07/05/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkar İttifaqının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov qonaqları salamlayaraq, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb Azərbaycanın müstəqillik yolunun memarı olan Heydər Əliyevin həyat və fəaliyyətinin əhəmiyyətini vurğulamışdır. O, Ulu Öndərin ölkənin inkişafı istiqamətində başlatdığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.
Misir Mərdanov, həmçinin, Heydər Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğıdan danışmış, onun ideyalarının Azərbaycan təhsilinin inkişafında mühüm rol oynadığını vurğulamışdır. O, Ulu Öndərin təhsil sahəsində islahatlarla bağlı verdiyi tapşırıqların həyata keçirilməsinin vacibliyini qeyd etmişdir.
Tədbirdə iştirak edənlər, həmçinin, Ulu Öndərin şəxsiyyətinə olan ehtiramlarını ifadə etmiş və onun ideyalarının gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.