01/06/2025
Rzayev Rəhim Mikayıl oğlu, funksiyalar nəzəriyyəsi, funksional fəzalar və inteqral operatorlar sahəsində tanınmış mütəxəssis, 1958-ci il iyunun 1-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, 1963-1973-cü illərdə Əliqulular kənd orta məktəbində oxumuşdur. 1973-1978-ci illər Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1978-1982-ci illər orada aspiranturada təhsil almışdır.
1983-cü ildə ADU-da, AEA-nın müxbir üzvü, professor Arif Babayevin rəhbərliyi ilə “Məxsusi inteqralların lokal xassələri (01.01.01)” mövzusunda namizədlik, 1998-ci ildə Azərbaycan Dövlət Universitetində “Funksiyaların orta ossilyasiyası üzərinə qoyulan şərtlərlə təyin edilən fəzalarda inteqral operatorlar və bəzi tətbiqlər (01.01.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə 1978-ci ildə AEA-nın Kibernetika institutunda başlamış, 1987-ci ildən AEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, 1989-cu ildən Leninqrad Maliyyə-İqtisad İnstitutu Bakı filialının “Riyaziyyat” kafedrasında laboratoriya müdiri, baş müəllim, 1990-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Riyaziyyat” kafedrasında baş müəllim, dosent, professor, 2012-ci ildən 2017-ci ilə qədər ADPU-nun “Funksiyalar nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsində işləmişdir. 2017-ci ildən həmin universitetin “Riyazi analiz” kafedrasının professoru vəzifəsində çalışır.
70-dən artıq elmi əsərin, 1 dərs vəsaitinin, 2 metodik vəsaitin müəllifidir. Onun rəhbərliyi ilə 3 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Rəhim Rzayev 2003-2010-cu illərdə AAK-ın Riyaziyyat və mexanika elmləri üzrə ekspert şurasının üzvü olmuş, 2010-2014-cü illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri vəzifəsində (əvəzçiliklə) işləmiş, 2013-2015-ci illərdə AAK-ın Riyaziyyat və mexanika elmləri üzrə ekspert şurasının sədri olmuşdur.
2011-2012-ci və 2017-2018-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki Müdafiə Şurasının üzvü olmuşdur. O, AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Əsərləri”, Azərbaycan “Riyaziyyat Cəmiyyəti” jurnallarının redaksiya heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri jurnalının “Riyaziyyat və təbiət elmləri” seriyasının redaktorudur.
Professor Rəhim Rzayevin elmi tədqiqatları lokal cəmlənən funksiyaların orta ossilyasiyası vasitəsi ilə təyin edilən fəzalarda harmonik analizin inteqral operatorlarının müxtəlif xassələrinin araşdırılmasına həsr edilmişdir. Bununla yanaşı o, funksiyaların müxtəlif sinqulyar inteqrallarla yaxınlaşma sürətinin qiymətləndirilməsi istiqamətində də dəyərli nəticələr almışdır.
Qeyd edək ki, o, həm çoxölçülü sinqulyar operatorlar, həm də Riss potensialı üçün ilk dəfə olaraq yüksək tərtibli orta ossilyasiya modulu, həmçinin lokal ossilyasiya modulu terminlərində A.Ziqmund tipli qiymətləndirmələr almışdır. Onun tədqiqatlarında yuxarıda adı çəkilən inteqral operatorların hamarlıq ölçən maksimal funksiya terminlərində ifadə olunan xassələrinin öyrənilməsinə də geniş yer verilmişdir. Professor Rəhim Rzayevin operatorların xassələri ilə bağlı aldığı bəzi nəticələr bir sinif yüksək tərtibli elliptik tip diferensial tənliklər üçün aprior qiymətləndirmələrin alınmasına tətbiq edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.