27/01/2020
Professor Əkbər Bayram oğlu Əliyev 1950-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində anadan olub. 1972–ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Mexanika – Riyaziyyat fakültəsini Riyaziyyat ixtisası üzrə bitirib.
1972-1975-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunun nəzdində Riyazi fizika ixtisası üzrə aspiranturada oxuyub. 1975-ci idə həmin institutda kiçik elmi işçi vəzifəsinə qəbul edilib, sonra isə baş elmi işçi vəzifəsini icra edib.
1976-cı ildə Diferensial tənliklər ixtisası üzrə “Evolyusion tənliklərin və xüsusi törəməli hiperbolik tənliklərinin həllərinin xarakteri” mövzusunda namizədlik disertasiyasını, 1988-ci ildə isə Gürcüstanın Razmadze adına Riyaziyyat İnstitutunda Diferensial tənliklər ixtisası üzrə “Qeyri xətti hiperbolik tənliklər üçün qlobal həll oluna bilən məsələlər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1981-ci ildə Azərbaycan Politexnik İnstitutuna dosent vəzifəsinə işə götürülüb. 1989-2001-ci illər arasında Tətbiqi Riyaziyyat kafedrasına rəhbərlik edib. 2001-ci ildən Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının professorudur. 1991-ci ildən Riyaziyyat kafedrasının nəzdində fəaliyyət göstərən “Bəzi qeyri-stasionar proseslərin riyazi modelləşməsi” Elmi- tədqiqat laboratoriyasına rəhbərlik edib.
1996-cı ildən Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışır, 2013-cü ildən isə həmin institutun Diferensial tənliklər şöbəsinin müdiridir.
Müxtəlif illərdə bir sıra ali məktəblərdə (Bakı Dövlət Universiteti, Azərbaycan Universiteti) pedaqoji fəaliyyətlə məşğul olub.
O, öz nümunəvi davranışı, yüksək əxlaqi keyfiyyətləri ilə kollektivin hörmətini qazanmışdır. Qayğıkeş rəhbər, gözəl ailə başçısıdır. 150-dən çox elmi əsərin, 3 dərs vəsaitinin müəllifidir. 10-dan çox fəlsəfə doktoruna rəhbərlik edib.
Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Əkbər müəllimi 70 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uğurlu həyat yolu, sevincli günlər elmi işlərində yeni yeni nailiyyətlər arzulayır.