24/11/2025
26.11.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstututunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarnda Amerika Birləşmiş Ştatlarının Şimali Dakota Universitetinin professoru Azər Əhmədov “Qrupların xanaları” mövzusunda çıxış edəcəkdir.
Məruzədə qrupların xanaları haqqında son nəticələr (Fuglede fərziyyəsi ilə bağlı işlər də daxil olmaqla) müzakirə olunacaq.
Hesabi qrupun xanası, onun elə sonlu altçoxluğudur ki, bu altçoxluğun sol sürüşmələri bir-biri ilə kəsişməsin və birləşmələri qrupu tam örtsün. Qeyd edək ki, belə bir məsələ açıqdır: İxtiyari hesabi G qrupu üçün onun istənilən sonlu K altçoxluğu G qrupunun hər hansı xanasına daxildirmi? Məruzədə bunun doğruluğu hiperbolik qruplar (Qromov mənada) üçün isbat ediləcək.
Azər Əhmədov — ABŞ-ın Şimali Dakota Dövlət Universitetində çalışan tanınmış azərbaycanlı riyaziyyatçıdır. 1974-cü ildə Cəbrayıl rayonunda anadan olan alim Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini bitirdikdən sonra təhsilini ABŞ-ın nüfuzlu Yale Universitetində davam etdirib və burada doktorantura təhsili alıb.
Onun elmi fəaliyyəti əsasən qrup nəzəriyyəsi, həndəsi qrup nəzəriyyəsi, topologiya və erqodik nəzəriyyə kimi müasir riyaziyyat sahələrini əhatə edir. Professor Əhmədov beynəlxalq elmi jurnallarda dərc olunan məqalələri, eləcə də riyazi nəzəriyyələrə gətirdiyi yeniliklərlə tanınır.
Azər Əhmədov ABŞ-da çalışmasına baxmayaraq, Azərbaycanla elmi əlaqələrini daim qoruyur. O, Bakı Dövlət Universitetində mühazirələr oxuyur, gənc tədqiqatçıların inkişafına dəstək olur və təhsilə marağı artırmaq üçün müxtəlif təşəbbüslərlə çıxış edir.
A.əhmədov həm elmi uğurları, həm də Azərbaycan elminin beynəlxalq aləmdə tanıdılmasına verdiyi töhfələrlə seçilən alimlərdən biridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.