05/11/2022
Hicran Əli qızı Məmmədova 14 iyul 1967-cı ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə Bakı şəhərində A.Şaiq adına 54 saylı məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Dövlət Neft-kimya institutuna qəbul olunmuşdur. İnstitutda o vaxtın ən sayılan “Lenin”təqautu ilə təhsil almış, 1989-cu ildə həmin institutun “İstehsal proseslərinin avtomatlaşdırılması “ fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hicran Məmmədova 1989-cu ildən 2000-ci ilə kimi gənc mütəxəsis kimi təyinatla Neft Akademiyasında mühəndis tədqiqatçı kimi çalışmışdır. “2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun “Sürüncəklik nəzəriyyəsi şöbəsində mühəndis, kiçik elmi işçi, elmi işçi vəzifələrində işləmişdir. Hal-hazırda Riyaziyyat və Mexanika institutunun “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin elmi işçisidir.
Riyaziyyat və Mexanika institutunda Hicran Məmmədova cisimlərin gərginlik altında korroziya dağılması vaxtını proqnozlaşdırmağa imkan verən bir sıra mühüm elmi nəticələr almışdır. İki nəticə Milli Elmlər Akademiyasının illik hesabatlarında mühüm nəticə kimi qeyd edilmişdir. Bu nəticələr aşağıdakılardır:
-Gərginlik altında aqressiv mühitdə işləyən konstruksiya materiallarının universal xassələrini ifadə edən funksiya qurmuş və bu funksiyanı ədəbiyyatda dərc olunan təcrübə məlumatları ilə əsaslandırmışdır;
-Aqressiv mühitin qeyri-stasionar dəyişən konsentrasiyasının başlanğıc qiyməti və “material – aqressiv mühit” sisteminin təcrübə yolu ilə təyin olunan xarakteristikası məlum olduqda cisimlərin korroziya dağılmasının vaxtını proqnozlaşdırmağa imkan verən üsul hazırlamışdır.
Hicran Məmmədova aldığı nəzəri nəticələri praktik əhəmiyyətti olan bir sıra konkret konstruksiya elementlərinin korroziya dağılmalarını proqnozlaşdırılmasına tədbiq etmişdir.
Hicran Məmmədova Riyaziyyat və Mexanika İnstitutunda işlədiyi dövrdə çoxlu sayda beynəlxalq və respublika elmi konfranslarında iştirak etmiş və mexanikanın müasir aktual problemlərinə həsr olunmuş elmi məruzələrlə çıxışlar etmişdir. Hicran xanım 25 (iyirmi beş) dərc olunmuş elmi işin müəllifidir.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Hicran xanımı 55 illik yubileyi münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı və gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır.