Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi professor Aqil Xanməmməd oğlu Xanməmmədovu 50 yaşı münasibətilə təbrik edirik


A.X.Xanməmmədov 23 mart 1973-cü ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonu Aşağı Kəsəmən kəndi) anadan olub və həmin kəndin orta məktəbini bitirib. 1990-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub, 1995-ci ildə həmin fakültəni  fərqlənmə diplomu ilə bitirmişdir. 1996-1998-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat kafedrasının aspirantı olmuşdur. 1998- ci ildə BDU-nun Tətbiqi riyaziyyat kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.

Hal-hazırda həmin kafedrada professor vəzifəsində fəaliyyət göstərir. A.X.Xanməmmədov həmçinin 2008-ci ildən indiyə kimi Riyaziyyat və Mexanika İnstitutunun Diferensial tənliklər şöbəsində 0,5 ştat elmi işçi və baş elmi işçi kimi fəaliyyət göstərir.

Professor A.X.Xanməmmədov tərs spektral məsələlər və onların qeyri-xətti tənliklərə tətbiqləri sahəsində tanınmış mütəxəssislərdən biridir. A.X.Xanməmmədovun elmi yaradıcılığının xarakterik cəhətlərindən biri onun elmi maraq dairəsinin geniş olması və ciddi nəticələrin alınmasıdır.

A.X.Xanməmmədovun ilk elmi yaradıcılığı universitetdə tələbəlik illərindən başlamışdır. Professor H.M. Hüseynovun rəhbərliyi ilə onun ilk elmi işi ikinci tərtib diferensial operatorlar dəstəsi üçün səpilmənin tərs məsələsinə həsr olunmuşdur. H.M. Hüseynovun rəhbərliyi ilə başlanan elmi səylər onun sonrakı elmi fəaliyyət istiqamətini müəyyən etmişdir.

1996-cı ildə  A.X.Xanməmmədov aspiranturaya daxil olaraq H.M. Hüseynovun rəhbərliyi altında elmi fəaliyyətini davam etdirmişdir. A.X.Xanməmmədovun ilk elmi tədqiqatları pilləvari tip əmsallara malik diskret Şturm-Liuvill tənliyi üçün səpilmənin bütün oxda tərs məsələsinə və onun qeyri-xətti tənliklərə tətbiqinə həsr olunmuşdur. Bu tənlik üçün A.X.Xanməmmədov tərəfindən səpilmənin düz və tərs məsələlərinin həlli verilmiş, tərs spektral məsələ metodu ilə Toda zənciri və Volter zənciri üçün Koşi məsələsinin həlli verilmişdir. Toda zənciri və Volter zəncirinin məhz praktikadan gələn məsələlər olması  alınmış nəticələrin əhəmiyyətini daha da artırmışdır. 1998-ci ildə A.X.Xanməmmədov  müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir

A.X.Xanməmmədovun elmi maraq dairəsinin genişliyi diskret Hill operatoru və diskret Dirak operatoru üçün tərs spektral məsələlərin öyrənilməsində özünü göstərmişdir. Bu operatorlar üçün A.X.Xanməmmədov tərəfindən səpilmənin bütün oxda  və yarımoxda tərs məsələləri öyrənilmişdir. Bu məsələlərin həlli zamanı ilk dəfə ümumi halda sonzuzluqda şərt ödəyən çevirmə operatorları qurulmuşdur. Tərs məsələ metodu ilə asimptotik periodik başlanğıc şərtlərə malik olan sonsuz qeyri-xətti diferensial tənliklər sistemi üçün Koşi məsələsi öyrənilmişdir. Bu nəticələr əsasında A.X.Xanməmmədov 2008-ci ildə   müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır.

Son illərdə A.X.Xanməmmədov və onun tələbələri diferensial operatorlar üçün tərs spektral məsələlər aktiv öyrənilmişdir. Bu istiqamətdə harmonik ossilyatorların həyəcanlanmaları üçün tərs spektral məsələlərin tədqiqatı xüsusi yer tutur. Harmonik ossilyatorların həyəcanlanmaları üçün tərs spektral məsələlər çevirmə operatoru metodu ilə ilk dəfə məhz A.X.Xanməmmədov və onun tələbələri tərəfindən öyrənilmişdir.

A.X.Xanməmmədovun elmi araşdırmalarında Ştark operatoru və həyəcanlanmış Hill operatoru üçün tərs məsələlərin öyrənilməsində yaxın zamanlara qədər açıq qalan bəzi problemlər öz həllini tapmışdır. Ştark operatoru üçün bütün oxda səpilmə məsələsinin çevirmə operatoru metodu ilə tədqiqi tamamlanmamış hesab olunurdu. Buna səbəb isə sol tərəfdə Marçenko tipli əsas inteqral tənliyin alına bilməməsi idi. Bu tənlik ilk dəfə A.X.Xanməmmədov tərəfindən alınmış və . Ştark operatoru üçün bütün oxda tərs səpilmə məsələsinin tam həlli verilmişdir. Bundan başqa  həyəcanlanmış Hill operatoru üçün birinci momenti sonlu olan potensiallar sinfində səpilmənin tərs məsələsinin həllində mövcud olan ciddi səhvlər A.X.Xanməmmədov tərəfindən aradan qaldırılmış, bu məsələnin dəqiq və tam həlli verilmişdir.

AR ETN Riyaziyyat və Mexanika İnstitutunun kollektivi A.X.Xanməmmədovu 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, dünya elminin və milli təhsilin rifahı naminə gələcək yaradıcılıq uğurları arzulayır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    834630

  • Sağalan

    824089

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    141

  • Ölüm halı

    10400

  • Test edilib

    7,748,050

Faydalı linklər