“Qeyri-hamar əmsallı ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsinin korrekt həllolunması barədə” mövzusunda seminar keçirilib

Bugün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, AMEA-nın professoru, riyaziyyat elmləri doktoru  İlqar Qürbət oğlu Məmmədov “Qeyri-hamar əmsallı ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsinin korrekt həllolunması barədə”  mövzusunda  məruzə edib.

Xüsusi qeyd edək ki, bu vaxta qədər ədəbiyyatda ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsi əmsallar ancaq kifayət qədər hamar olan hal üçün öyrənilmişdir. Bu işdə ilk dəfə olaraq,tənliyin əmsalları üzərinə kifayət qədər təbii şərtlər qoyulmaqla ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsi tədqiq edilir.  Bundan başqa, baxılan ümumiləşmiş Manjeron tənliyi müxtəlif fiziki proseslərin çoxlu model tənliklərinin ümumiləşməsidir (Bussinesk-Lyav tənliyi, ümumiləşmiş rütubətkeçirmə tənliyi, teleqraf tənliyi, simin rəqs tənliyi, istilikkeçirmə tənliyi, Aller tənliyi və s.). Beləliklə, baxılan məsələ nəinki nəzəri, həm də böyük praktiki maraq kəsb edir.

Qeyri-hamar əmsallı, dörd tərtibli ümumiləşmiş Manjeron tənliyi üçün  verilmiş düzbucaqlı oblastda uzlaşma şərtləri tələb etməyən, qeyri-klassik şərtli Neyman məsələsinə baxılır. Qoyulmuş məsələnin həlli izotrop Sobolev fəzasında axtarıldığı halda,əsaslandırılır ki, bu şərtlər klassik sərhəd şərtlərinə ekvivalentdirlər. Korrekt həllolunmanın qurulması inteqral göstərilişlər üsulu əsasında, məsələni inteqral tənliklər sisteminə reduksiya etməklə həyata keçirilir. Ümumiləşmiş Manjeron tənliyi üçün Neyman məsələsinin korrekt həllolunması operator tənliklər üsulu ilə isbat edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.