M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdar professoru, “Hesablama riyaziyyatı və kibernetika” fakültəsinin “Optimal idarəetmə” kafedrasının professoru F.P.Vasilyevə

Çox hörmətli Fyodr Pavloviç!

Sizi ‒ hesablama riyaziyyatı, optimal idarəetmə və ekstremal məsələlər nəzəriyyəsi sahələrində tanınmış rus riyaziyyatçı – alimini istedadlı müəllim və elm təşkilatçısını ‒ anadan olmanızın 85, əmək fəaliyyətiniz 65 illiyi münasibəti ilə ürəkdən təbrik edirik.

Siz, optimal idarəetmə, riyazi proqramlaşdırma, requlyarlaşdırma üsullarının, dayanıqlı proqramlaşdırmanın, oyun nəzəriyəsi məsələlərinin təqribi üsullarla həlli sahəsində dünyada tanınmış alimsiniz. 60 ilə yaxın bir müddətdə apardığınız elmi tədqiqatların nəticələri riyaziyyat elminə qiymətli töhfədir və yalnız riyaziyyat sahəsində çalışan alimlər üçün deyil, iqtisadiyat, kibernetika əməliyyatlar tədqiqatı sahəsində sahəsində çalışan alimlər üçün böyük maraq doğurmuşdur. Optimallaşdırma üsulları ilə əlaqədar müəllifi olduğunuz çox saylı monoqrafiyalar və dərs vəsaitləri öz aktuallığını bu gün də itirməmişdir. Onlar bu sahədə çalışan bir çox nəsil tələbə, aspirant və alimlərin stolüstü kitablarıdırlar.

Hörmətli Fyodr Pavloviç, Sizin pedaqoji fəaliyyətiniz xüsusi qeyd olunmalıdır, Siz elmi kadrların hazırlanmasına hər zaman diqqətlə yanaşmış və böyük əmək sərf etmisiniz. Sizin rəhbərliyinizlə 26 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Sizin hazırladığınız tələbələr yalnız Rusiyada deyil, Azərbaycan, Fransa, ABŞ, Serbiya, Çernoqoriya, Macarıstan, Bolqarıstan və İranda elmi fəaliyyətlərini davam etdirirlər. Onlardan 9-u elmlər doktoru olmuş, 1-i isə Çernoqoriyanın akademikdir.

Moskva Dövlət Universitetində işlədiyiniz illərdə Siz riyaziyyatın bir çox sahələrindən ‒ riyazi analiz, diferensial tənliklər, optimallaşdırma üsullarından mühazirələr oxumuş, müxtəlif ixtisas kursları aparmış, tələbələrin diplom işlərinə, aspirantların və dissertantların dissertasiya işlərinə rəhbərlik etmisiniz.

Siz 200-dən çox elmi məqalənin, o, cümlədən monoqrafiya və dərs vəsaitinin müəllifisiniz. Onu da qeyd etmək lazımdır ki, bu gün də, aktiv elmi fəaliyyətinizi davam etdirirsiniz.

Sizin böyük təşkilatı-elmi işiniz xüsusi qeyd olunmalıdır. Siz 5 nüfuzlu jurnalın redaksiya heyətinin üzvüsünüz («Дифференциальные Уравнения», «Журнал вычислительной математики и математической физики », и.др.), MDU-da dissertasiya şurasının üzvü və Rusiya AAK-nın riyaziyyat və mexanika üzrə ekspert şurasının üzvü olmusunuz. 1993-1999-cu illərdə  РФФИ-nin informatika üzrə ekspert şurasının üzvü olmusunuz. Rusiya da elmin və təhsilin inkişafında xüsusi xidmətlərinizə və təşkilati fəaliyyətinizə görə çoxlu medallarla təltif olunmusunuz, 2000-ci ildə Sizə “MDU-nun əməkdar professoru”, 2005-ci ildə isə “Rusiya Federasiyasının ali ixtisas təhsilinin fəxri işçisi” adına layiq görülmüsünüz.

Çox hörmətli Fyodr Pavloviç!

Azərbaycanda optimal idarəetmə məktəbinin yaranmasında və inkişafında əməyiniz danılmazdır. Azərbaycanda optimal idarəetmə sahəsində məşğul olan alimlər, Sizin bu istiqamətdə əməyinizi və xidmətlərinizi yüksək qiymətləndirir və bunları heç vaxt unutmayacaqlar.

İcazə verin, Azərbaycanın riyaziyyat ictimaiyyəti adından, Azərbaycan Milli Elmlər Akademiyasınının Riyaziyyat və Mexanika İnstitutunun kollektivi adından, şəxsən öz adımdan Sizə möhkəm can sağlığı, qafqaz uzun ömürlülüyü, elmin və təhsilin inkişafında daha böyük uğurlar arzu edim.

Sizə dərin hörmətlə,

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.