Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan döyüşdə olduğu kimi, informasiya cəbhəsində də istəyinə nail olur


Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Prezident İlham Əliyev aparıcı telekanallara və informasiya agentliklərinə ardıcıl müsahibələr verir. Bu məsələdə dövlətimizin başçısı sentyabrın 27-dən – ordumuzun əks-hücum əməliyyatına başlamasından ötən müddətdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədini güdür. Bu, eyni zamanda, ölkə rəhbərinin, həm də təbliğata mühüm önəm verdiyini, bununla da bütün siyasi, diplomatik istiqamətlərdəki uğurları şərtləndirdiyini göstərir. Lakin bəzi hallarda jurnalistin peşə etikasından kənara çıxması – müsahibin sözünü kəsməsi, qarşı tərəfin fikirlərini ifadə etməyə imkan yaratmaması, həmçinin sualları xüsusi ittiham səviyyəsində qoyması onun kimdən, yaxud kimlərdənsə asılılığını təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov bildirib.

Emin Bağırov Azərbaycan Prezidentinin “Fox News”a müsahibəsinin də bu baxımdan diqqət çəkdiyini vurğulayıb: “Burada ABŞ jurnalistinin faktiki olaraq erməni lobbisinin güclü təsirində olduğu açıq-aşkar özünü qabarıq büruzə verdi. Sualların alt qatında erməni məkrinin, kin-küdurətinin gizləndiyini görməmək mümkün deyildi. Məsələn, ilk suallardan biri belə idi: “Onlar (yəni ermənilər) Gəncəni ona görə bombardman ediblər ki, bu şəhərdə Türkiyənin bir neçə “F-16” qırıcı təyyarəsi var idi və bu təyyarələrdən biri erməni təyyarəsini vurmuşdu. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər…”.

Bəli, bu, əslində sual deyildi. Bu, erməni mafiyasının yazdığı arayışın bir neçə cümləsi idi və jurnalist də, necə deyərlər, ağına-bozuna baxmadan, əxlaqına uyğun şəkildə cənab Prezidentə ünvanlayırdı. Yaxud, digər bir sual: “Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz?”. Əlbəttə, bu cür məkrli, fitnəkar fikirlərin (sualların yox!) sayını daha da artıra bilərik. Ancaq buna ehtiyac yoxdur. Sadəcə burada diqqət çəkən məqam dövlətimizin başçısının səbir və təmkinlə, yüksək intellektuallıqla Qarabağ həqiqətlərini ifadə etməsi idi…

Emin Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 26-da xalqa müraciətində də bu barədə bəhs etdiyini xatırladıb: “Ancaq bir çox ölkədə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada biliblər. Məhz buna görə torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdi və bu sanksiyalar bu günədək də qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib. Guya Azərbaycan Ermənistana qarşı təcavüz edir. Bu sanksiyalar bu günədək qüvvədədir, təsəvvür edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmişdi. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq. Bütün görülən işlər bu gün bizə köməklik göstərir. Artıq dünyada bu məsələ ilə bağlı da obyektiv fikir var, təsəvvür var”.

Bəli, jurnalistin, belə demək mümkündürsə, ədalətsiz, məqsədli yanaşmasını dövlətimizin başçısı tərəfindən təmkinlə, səbirlə dinləməsi və son dərəcə dəmir məntiqlə cavablandırılması məhz Azərbaycanın əsl həqiqətlərini dünyaya, beynəlxalq aləmə çatdırmaq olub.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin oktyabrın 26-da xalqa müraciətində də bu məqam xüsusi yer alıb. Dövlətimizin başçısı o cür jurnalistlərə müraciətlə “F-16”larla bağlı “Orada cəmi 5-6 təyyarə aeroportda qalıb. Bunu hər dəfə sual verirlər. Ermənistana da sual verin də. Sual verin o silahları onlara verənlərə”, – deyə bildirib.

“O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, onların bir ay ərzində nə qədər pulu batıb? Biz onların nə qədər silahını məhv etmişik. Bir dənə də jurnalist bu sualı mənə vermir. Maraqlı deyilmi? Maraqlıdır.

Azərbaycan xalqı görür ki, mən bütün suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm heç vaxt, necə lazımdır cavab verirəm və susurlar. Çünki cavab verə bilmirlər, deyirəm get güzgüyə bax. Sən bura gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Mən onlarla mülayim tərzdə danışıram, bundan istifadə edirlər”, – deyə dövlət başçısı vurğulayıb.

Bax, belə yerdə “heç bir şərhə ehtiyac yoxdur”, – deyirlər…

© www.azertag.az

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    142323

  • Sağalan

    85980

  • Yeni yoluxan

    4323

  • Aktiv xəstə

    54750

  • Ölüm halı

    1593

  • Test edilib

    1,817,804

Faydalı linklər