Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

İqtisadiyyatda yeni mərhələ: Qarabağ iqtisadiyyatı dövriyyəyə qayıdır


Azərbaycan bu gün 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradıb. Ölkə Prezidentinin “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə müvafiq Sərəncamında da bu məsələyə mühüm istiqamət kimi yanaşılıb.

Yeri gəlmişkən, adıçəkilən Milli Prioritetlərdə vurğulanır ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlılığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O, söhbətinin davamında “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıya qoyulan vəzifələrin davamlı həyata keçirildiyini diqqətə çatdırmaqla bərabər, Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsi nəticəsində işğaldan azad edilən ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasının, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmağın da respublikamızın sürətli inkişafına böyük təkan verəcəyini bildirib: “Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək”.

Emin Bağırov daha sonra qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində cari ilin ilk 5 ayında ÜDM 0,8 faiz artıb. Bu dövrdə qeyri-neft sektoru ilk 4,5 faiz yüksəlib. Qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi son beş ildə 14,4 faizdən 17,9 faizə çatıb. Kənd təsərrüfatı sahəsində – bitkiçilikdə və heyvandarlıqda da artım olub. Bundan başqa, informasiya və rabitə xidmətlərində və pərakəndə ticarətdə yüksək göstəricilər əldə edilib. İlin ilk dörd ayında qeyri-neft ixracı 27 faiz artıb.

Göründüyü kimi, ölkəmiz COVID-19 pandemiyası təsirinə məruz qalsa da, Ermənistanın hərbi təxribatlarına cavab olaraq Vətən müharibəsini yaşasa da, iqtisadiyyat böhranla üzləşməyib. Əksinə, bu sahə dinamik inkişafını, dayanıqlılığını qoruyub saxlaya bilib. Buna, ilk növbədə, aparılan düzgün siyasətin, eyni zamanda, son 18 il ərzində yaradılan iqtisadi təməlin mövcudluğu nəticəsində nail olunub.

Emin Bağırov açıqlamasında, eyni zamanda, bildirib ki, Qarabağın reinteqrasiyası da iqtisadi artımda əhəmiyyətli rol oynayacaq. Dövlətimizin başçısı İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirdiyi kimi, azad edilmiş torpaqlarda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilməsi böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Bunun nəticəsində isə ÜDM-in 3 faiz, o cümlədən kənd təsərrüfatının 10,4 faiz, mədənçıxarma sənayesinin 5,3 faiz, emal sənayesinin 4,3 faiz, turizmin 5,5 faiz, nəqliyyat xidmətlərinin 4,9 faiz artacağı proqnozlaşdırılır.

Emin Bağırov açıqlamasında mühüm bir məqama da toxunub: “Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Sənəddə hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildiyi bildirilib, eyni zamanda, həmin ərazilərin zəngin iqtisadi potensialından səmərəli istifadə etməklə düşməndən təmizlənən rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasının şərtləndiyi diqqətə çatdırılıb. Xatırladım ki, sözügedən Fərmanla Azərbaycanda 10 iqtisadi rayonun hazırda 14-ə çatdırılması təbii ki, Vətən müharibəsində parlaq Qələbə ilə torpaqların işğaldan azad edilməsindən irəli gəlir. Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılması da bunun bariz ifadəsidir. Bu, həm də o deməkdir ki, Azərbaycan iqtisadiyyatı bundan sonra bir neçə dəfə böyüyür, iqtisadiyyatın regional və sektoral strukturu dəyişir, habelə Qarabağ iqtisadiyyatı dövriyyəyə qayıdır”.

Alim açıqlamasının sonunda beynəlxalq reytinq təşkilatları tərəfindən Azərbaycanın iqtisadi uğurlarının yüksək dəyərləndirildiyini də vurğulayıb. Bildirib ki, respublikamız aparılan islahatlara görə, hazırda “Doing Business”də 191 ölkə arasında 28-ci yeri tutur. Dünya İqtisadi Forumunun İnklüziv İnkişaf İndeksi üzrə 74 inkişaf etməkdə olan ölkə arasında Azərbaycan 3-cü yerdədir. Qlobal Rəqabətlilik İndeksində isə 141 ölkə arasında 58-ci yeri tutur.

Azərbaycan bu gün “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında 178 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Respublikamız ilk dəfə “Orta dərəcədə azad” (“Moderately Free”) ölkələr kateqoriyasından “Əsasən azad” (“Mostly Free”) ölkələr kateqoriyasına yüksəlib.

https://azertag.az/xeber

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    479814

  • Sağalan

    449047

  • Yeni yoluxan

    1099

  • Aktiv xəstə

    24334

  • Ölüm halı

    6433

  • Test edilib

    4,814,503

Faydalı linklər