maqsudcavadov_sayt

Azərbaycan EA-nın müxbir üzvü Maqsud Əlisimran oğlu Cavadov – 1930-cu ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. O, 1930-1934-cü illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının “Ali riyaziyyat” kafedrasında çalışmışdır. M.Ə.Cavadov 1934-cü ildə Azərbaycan (Bakı) Dövlət Universitetinə dəvət olunmuş və dosent vəzifəsində çalışmağa başlamışdır. O, 1938-ci ildən həndəsə kafedrasının müdiri, 1943-1944-cü illərdə fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-52-ci illərdə isə Universitetin tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.

M.Ə.Cavadov 1940-cı ildə “Homometrik sistemlər” adlı namizədlik dissertasiyası, 1957-ci ildə isə “Cəbrlər üzərində həndəsələr və onların həqiqi həndəsələrdə tətbiqləri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Respublikada riyaziyyatın tədrisi metodikasının bir elm kimi inkişafında onun böyük xidmətləri olmuşdur. O, 30 ildən artıq bir müddətdə Maarif Nazirliyinin elmi metodik Şurasının riyaziyyat bölməsinə rəhbərlik etmişdir.

Onun Azərbaycan dilində tədris ədəbiyyatı yaratmaq sahəsində də böyük xidmətləri olmuşdur. M. Ə.Cavadovun Azərbaycan dilində çap olun­muş və ali məktəblər üçün tədris vəsaiti olan 10 kitabı indi də tələbələr tərəfindən maraqla oxunur. Bu kitablardan “Xətti və kvadratik formalar”, “Qruplar nəzəriyyəsinin elementləri” (Ukrayna EA-nın akademiki Y.B.Lopa­tin­ski ilə birlikdə), “Vektorlar hesabı”, “Həndəsə kursunun strukturu”, “Analitik həndəsə kursunda afin və proyektiv çevriləmələr”, “Böyük rus alimi N.İ.Lobaçevski” və s. göstərmək olar.

Riyaziyyat elmi sahəsində qiymətli işlərinə və həndəsə sahəsində maraqlı elmi nəticələrinə görə prof. M.Cavadov 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

M.Cavadov respublikanın ictimai-siyasi işlərində də fəal çalışmışdır. O, bir neçə dəfə Bakı şəhəri və rayon Sovetlərinə deputat seçilmişdir.

O, 1943-cü ildə Respublikanın Əməkdar Müəllimi, 1962-ci ildə isə respublikanın Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür. M.Cavadov SSRİ dövrünün ən yüksək mükafatı olan Lenin ordeni ilə, iki dəfə Qırmızı Əmək Bayrağı və Şərəf Nişanı Ordenləri ilə təltif olunmuşdur.