Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Minhac oğlu Pənahovun 65 yaşı tamam oldu.

Qusar rayonunun Ənıx kəndindən anadan olan Qeylani Pənahov Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu “Dağ mühəndisi” ixtisası üzrə bitirib, Dağıstan geoloji ekspedisiyasında fəaliyyət göstərib, daha sonra Ukraynada Təhlükəsizlik Texnikası İnstitutunda böyük mühəndis vəzifəsində çalışıb. 1979-1988-ci illərdə o, Azərbaycan Neft və Kimya İnstitutunda kiçik elmi işçi və baş elmi işçi vəzifələrində işləyib, 1986-cı ildə namizədlik, 1996-cı ildə isə doktorluq dissertasiyalarını müdafiə edib və 2014-cü ildə “Mexanika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Alim 1988-ci ildən Riyaziyyat və Mexanika İnstitutunun Neft və qazın qeyri-xətti mexanikası şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb, 1999-2002-ci illərdə institutda Maye və qaz axınlarında fiziki mexaniki proseslər laboratoriyasının rəhbəri işləyib, 2002-ci ildən isə Maye və qaz mexanikası şöbəsinin müdiridir.

Qeylani Pənahov pedaqoji fəaliyyətlə də məşğul olub, 1996-2002-ci illər ərzində Azərbaycan Neft Akademiyasında professor vəzifəsində işləyib, bir sıra fənlərdən mühazirələr oxuyub.

Alim tərəfindən müxtəlif məhlulların süzülməsi prosesində hidrodinamik məsələlərdə elektrokinetik effektlərin nəzərə alınmasının vacibliyi göstərilib, dispers sistemləri axınlarında qapanma mexanizmi verilib, neftqazçıxartmada prosesləri tənzimləmək üçün reokimyəvi əmələgəlmələrin müəyyən termobarik şəraitdə rolu açıqlanıb. O, həmçinin bir sıra tənzimlənə bilən özlü-elastik tərkiblər üçün təkliflər verib ki, bunların əsasında müvəffəqiyyətlə tətbiq olunan sənayə texnologiyaları yaradılıb. Bu texnologiyalar hazırda Azərbaycan, Rusiya, ABŞ, Çin və Vyetnamda tətbiq olunur. Bundan əlavə o, mayelərin sərhədində yaranan fluktuasiyanın tənzimlənməsinin lokal təzyiq vasitəsilə mümkünlüyünü göstərərək yeni texnoloji metod irəli sürüb.

AMEA-nın müxbir üzvü Qeylani Pənahov iki yüzə yaxın elmi məqalənin müəllifidir ki, onlardan 55-i Rusiya Federasiyasının və Azərbaycan Respublikasının patentini alıb, Rusiya Federasiyası İxtiralar Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi xarici üzvüdür.

Alim elm sahəsindəki nailiyyətlərinə görə akademik V.Vernadski adına fəxri gümüş medalı, Rusiya Təbiət Elmləri Akademiyasının Fəxri nişanı, AMEA-nın Fəxri fərmanı, Akademik Azad Mirzəcanzadə adına gümüş medalla təltif edilib.