Vagif-Guliyev-60-yubiley

Tanınmış riyaziyyatçı alim, AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi İşlər Üzrə Direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 60 yaşı tamam olur.
V.S. Quliyev 1957-ci ildə fevralın 22-də Azərbaycan Respublikasının Salyan şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda işləmişdir. 1980-1983-cü illərdə aspiranturada təhsil almışdır. 1983-cü ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi fəaliyyətini 1983-cü ildən SSRİ EA-nın V.A. Steklov adına Riyaziyyat İnstitunda (Moskva) davam etdirmiş, 1987 və 1991-ci illərdə V.A. Steklov adına Riyaziyyat İnstitutunda elmi stajirovkada olmuşdur. O, 1994-cü ildə Moskva şəhərində Rusiya EA-nın V.A. Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildə professor elmi adını almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
1978-ci ildən 1983-cü ilədək AMEA-nın Kibernetika İnstitutunda baş elmi işçi, 1983-1995-cı illərdə BDU-nun “Riyazi analiz” kafedrasında assistent, baş müəllim, dosent, 1995-2008-ci illərdə kimi professor vəzifəsində işləmişdir. 2008-ci ildən indiyə kimi BDU-nun “Riyazi analiz” kafedrasında əvəzçiliklə professor vəzifəsində işləyir. 1995-1998-ci illərdə AMEA RMİ-də əvəzçiliklə “Riyazi fizika tənlikləri” şöbəsində işləmiş, 1999-2001-ci illərdə “Riyazi analiz” şöbəsi nəzdində “Harmonik analiz” laboratoriyasının rəhbəri, 2001-2003-cü illərdə “Riyazi analiz” şöbəsinin müdir müavini vəzifəsində çalışmış, 2005-2008-ci illərdə “Riyazi analiz” şöbəsində əvəzçilik ilə baş elmi işçi, 2008-2014-cü illərdə “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, 2014-cü ildən isə RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri vəzifəsində işləyir.
Hazırda professor V.S. Quliyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi İşlər Üzrə Direktor Müavinidir.
Vaqif Quliyev 1985-1990-cı illərdə V.A. Steklov adına Riyaziyyat İnstitutunda apardığı araşdırmalar zamanı bircins Li qruplarında təyin olunmuş yeni lokal Morri tipli fəzaları daxil etmiş və bu fəzalarda müəyyən daxiletmə teoremlərini araşdırmışdır. O, bu qruplarda harmonik analizin aktual məsələləri sahəsində çalışan alimlər arasında özünəməхsus yer tutur. Onun elmi işləri bircins tipli fəzalarda, bircins Li qruplarında və n-ölçülü Evklid fəzasının oblastlarında təyin olunmuş funksional fəzalarda inteqral operatorlar nəzəriyyəsinə, çoхdəyişənli diferensiallanan funksiyalar fəzaları üçün daхilolma teoremləri nəzəriyyəsinə, Heyzenberq qruplarında təyin olunmuş funksional fəzalar üçün yaхınlaşmalar nəzəriyyəsinə, banaхqiymətli funksional fəzalar nəzəriyyəsinə, çoхölçülü kompleks oblastlarda təyin olunmuş holomorf və harmonik funksiyalar fəzaları nəzəriyyəsinə, Morri tipli fəzalarda inteqral operatorların məhdudluğu və onların diferensial tənliklər nəzəriyyəsinə tətbiqi məsələlərinə həsr olunmuşdur.
Vaqif Quliyevin elmi-tədqiqat layihələri bir sıra beynəlxalq qrantlara layiq görülmüşdür. O, 200-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Elmi məqalələrinin 150-dən çoxu Thomson Reuters siyahısında olan impakt faktorlu beynəlxalq jurnallarda çap edilmişdir. MathSciNet Mathematical reviews informasiya sistemindən götürülən məlumatlarına görə onun əsərlərinə 548-dən, “Google Scholar Citations” informasiya sistemindən götürülən məlumatlarına görə isə 1852-dən artıq istinad edilmişdir.
Alimin kadr hazırlığı sahəsində də böyük xidmətləri vardır. Onun rəhbərliyi ilə 20 fəlsəfə və 2 elmlər doktoru hazırlanmışdır. Hazırda o, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertant və doktorların elmi rəhbəri kimi kadr hazırlığı işlərini davam etdirir. Bu elmi kadrlar arasında Türkiyə vətəndaşları da vardır.
O, respublikanın elmi-ictimai həyatında fəal iştirak edir. Müxtəlif illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində ixtisaslaşdırılmış müdafiə şurasının, Azər¬bay¬can Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının riyaziyyat və mexanika üzrə ekspert şurasının, BDU-nun Elmi Şurasının, bir sıra Dissertasiya Şuralarının üzvü, Azərbaycan Riyaziyyat Cəmiyyətinin idarə heyətinin üzvü və bu Cəmiyyətin əsərlərinin 2-ci cildinin məsul katibi olmuşdur.
Hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür.
“Khazar Journal of Mathematics” jurnalının məsul katibi olmuş, “Eurasian Mathematical Journals”, “Fractional Differential Calculus” beynəlxalq jurnallarının və “Proceedings of Institute of Mathematics and Mechanics of NAS of Azerbaijan” jurnalının redaksiya heyətinin üzvüdür. “Caspian journal of applied mathematics, ecology and economics” jurnalının baş redaktorlarından biri, “Transaction” Azerbaijan National Academy of Science, Series of physical-technical and mathematics science, Issue mathematics jurnalının baş redaktorudur.
Alim bir çox nüfuzlu Thomson Reuters siyahısında olan beynəlxalq jurnalların rəyçisidir. Bu yaxınlarda professor yazdığı elmi rəylərə görə Thomson Reuters bazasına daxil olan, impakt faktoru 1,014 olan Journal of Mathematical Analysis and Applications jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif olunmuşdur.
Prof. V.S. Quliyevin elmi-pedaqoji fəaliyyəti dövlət də digər qurumlar tərəfindən yüksək qiymətləndirmişdir. Alim 1993-cü ildə elmi nailiyyətlərinə görə Amerika Riyaziyyat Cəmiyyətinin “Soros Foundation” mükafatına layiq görülüb. 2000-ci ildə yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2002-“NATO Science Prop Coll Linkage Grand“ mükafatına layiq görülüb. 2008-İNTAS layihəsində ən aktiv “team leader” mükafatına layiq görülüb. 2014-cu ildə “Avropa Nəşr Mətbu Evi” nin mükafat komissiyasının qərarı ilə “Ən yaxşi vətənpərvər tədqiqatçı alim qızıl medalı” ilə təltif olunmuşdur.
Vaqif  Quliyevin sədrliyi ilə 20-27 may 2011-ci il tarixində dünyanın 15 ölkəsinin aparıcı alimlərinin iştirakı ilə Türkiyənin Ahi-Evran Universitetində “Operators on Morrey-Type Spaces and Applications – OMTSA 2011” adlı beynəlxalq simpoziumu keçirilmişdir.
10-13 iyul 2017-ci il tarixində alimin 60 illik yubileyi ilə əlaqədar olaraq Türkiyənin Ahi-Evran Universitetində “OMTSA 2017” adlı beynəlxalq konfransının keçirilməsi haqqında rektorun əmri imzalanmışdır.
Vaqif Quliyev dəfələrlə dünyanın bir çox ölkələrin beynəlxalq konfranslarında “dəvətli məruzəçi ” (invite lecturer) kimi çıxış etmişdir.
Prof. V.S. Quliyevin bilavasitə iştirakı ilə AMEA Riyaziyyat və Mexanika İnstitutu ilə Rusiya EA-nın V.A. Steklov adına Riyaziyyat İnstitutu (Moskva), Rusiyanın Xalqlar Dostluğu Universiteti (Moskva) və Sobolev adına Riyaziyyat İnstitutu (Novosibirski) arasında müqavilələr imzalanmışdır.
Professor Vaqif Quliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edir, alimin bu şərəfli ömür yolunda ona möhkəm can sağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.