Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı faciəsi anıldı


xocaliBu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımının 24-cü il dönümü anıldı. Tədbiri giriş sozü ilə açan institutun direktoru, professor Misir Mərdanov mənfur ermənilərin qəddarlığından, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri dəhşətli qırğınlardan danışıb. Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar – 63 nəfər; qadınlar – 106 nəfər; qocalar – 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideyninin itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir;
487 nəfər yaralanmışdır, onlardan: uşaqlar – 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür: 150 nəfər itkin düşmüşdür.
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Doğma yurdlarında didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa edilməsi ümidi ilə yaşayırlar.
Heç nə unudulmur, heç nə yaddan çıxmır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.