Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Erdös ədədi haqqında


Amerika Riyaziyyat Cəmiyyətinin beynəlxalq aləmdə nüfuz qazanmış Mathematical Reviews bazasında hər bir riyaziyyatçı üçün “Erdös ədədi” hesablanır
(bax: http://www.ams.org/mathscinet/collaborationDistance.html).

Erdös ədədi riyaziyyatçının həmmüəlliflik baxımından məşhur macar riyaziyyatçısı Paul Erdösə nə qədər yaxın olduğunu göstərir. Paul Erdös digər tanınmış alimlərlə ən çox əməkdaşlıq etmiş riyaziyyatçı sayılır. Onunla həmmüəllif olmuş alimlərin sayı 511-dir. Bu alimlərin Erdös ədədi tərifə görə 1-ə bərabər götürülür. Erdös ədədi 1-ə bərabər olan alimlə həmmüəllif olmuş digər alimin Erdös ədədi 2-yə bərabərdir və s. Hal-hazırda Erdös ədədinə həsr edilmiş və nüfuzlu jurnallarda dərc olunmuş çoxlu sayda məqalələr var. Amerikanın Oakland Universitetinin “The Erdős Number Project” layihəsinin nəticələrinə görə tanınmış riyaziyyatçıların Erdös ədədi kifayət qədər kiçikdir. Məsələn, Fields medalına layiq görülmüş riyaziyyatçıların Erdös ədədi orta hesabla 3-ə bərabərdir (bax: “Erdős number” Wikipedia). Onu da qeyd edək ki, Oakland Universitetinin “The Erdős Number Project” layihəsində bütün məşhur mükafatçıların (Fields, Wolf, Abel, Steele və s.) Erdös ədədləri ayrıca siyahılar şəklində göstərilib (bax: https://wwwp.oakland.edu/enp/erdpaths/).
Amerika Riyaziyyat Cəmiyyətinin Mathematical Reviews bazasının bu ilki açıqlamasına görə AMEA RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri Vüqar İsmayılovun Erdös ədədi 2-yə bərabər olmuşdur. Erdös ədədi 2-ni aşmayan alimlərin siyahısı Oakland Universitetinin səhifəsində ayrıca qoyulmuşdur (bax: https://files.oakland.edu/users/grossman/enp/ ErdosA.html) və Vüqar İsmayılov bu siyahıya daxildir.
Hər bir riyaziyyatçı öz Erdös ədədini Mathematical Reviews bazasının http://www.ams.org/mathscinet/collaborationDistance.html səhifəsində Use Erdős
duyməsini basmaqla hesablaya bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər