Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı riyaziyyatçı alim Arif Səlimovun tədqiqat layihəsi TÜBİTAK-ın qalibi olub


ArifSelimov

Azərbaycanlı riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimovun 2016-cı ildə 1001- tədqiqat layihəsi (MFAG 116F220 “Diferansiyel geometrik yapıların lift problemleri”) Türkiyə Dövlətinin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK-ın) riyaziyyat sahəsində 2 qalib layihədən biri olmuşdur. ətraflı>>

Layihənin 3 ilə tamamlanması nəzərdə tutulur, sonda layihənin nəticələri Springer nəşriyyatında kitab şəklində çap olunacaq.
Onu da qeyd edək ki, professor Arif Səlimov 2015-ci ildə aktiv və aktual elmi tədqiqatlarına görə Türkiyə Dövlətinin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK-ın) ən prestijli mükafatlarından biri olan “PPÖ-Proje Performans Ödülü”nə layiq görülmüşdür. O bu mükafata layiq görülmüş ilk azərbaycanlı alimdir.
Arif Səlimov 1956-cı ildə Azərbaycanın Ağsu şəhərində anadan olmuşdur. 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olmuşdur. 1978-1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı kimi çalışmış, 1980-1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin aspiranturasında “həndəsə və topologiya” ixtisası üzrə təhsil almışdır. 1984-cü ildə Kazan şəhərində məşhur sovet həndəsə alimi V.V.Vişnevskinin elmi rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984-1995-ci illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildə Kazan Dövlət Universitetində “həndəsə və topologiya” ixtisası üzrə doktorluq dissertasıyasını müdafiə etmişdir. Arif Səlimov Azərbaycanda “həndəsə və topologiya” ixtisası üzrə doktorluq elmi dərəcəsinə sahib olan yeganə elm adamıdır. 1995-ci ildən Türkiyənin Atatürk Universitetində çalışmağa başlamış, hazırda bu universitetin “matematik bölümü”ndə professor vəzifəsindədir. Tenzor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mütəxəssisdir. 13 tələbəsi riyaziyyat (həndəsə) üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 50-dən çox beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 100-dən çox elmi əsəri vardır. Bunlardan bir çoxu ABŞ, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Sinqapur, Meksika, Rusiya, İngiltərə, Fransa, İtaliya, Hollandiya, Polşa, Türkiyə və s. ölkələrin SCIE kateqoriyalı nüfuzlu elmi jurnallarında çap olunmuşdur. Arif Səlimovun “Tensor operators and their applications” adlı kitab-monoqrafiyası ABŞ-ın nüfuzlu “Nova Science Publishers, Inc., New York” elm nəşriyyatının “Mathematics Research Developments” seriyasında çap edilib.
Həmvətənimiz – riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimovu əldə etdiyi uğur münasibəti ilə AMEA Riyaziyyat və Mexanika İnstitutunun kollektivi adından təbrik edir, Ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər