Tanınmış riyaziyyatçı Rauf Abdulla oğlu Bayramovun anadan olmasının 75 illiyi tamam oldu
2016-cı il dekabr ayının 31-də istedadlı alim, ölkəmizin riyaziyyat elminin inkişafında böyük rol oynamış, Azərbaycan və onun hüdudlarından kənarda tanınmış riyaziyyatçı, fizika-riyaziyyat elmləri namizədi, dosent Rauf Abdulla oğlu Bayramovun anadan olmasının 75 illiyi tamam oldu.
Rauf Bayramov 1941-ci ildə tanınmış ziyalı ailəsində anadan olmuşdur. Atası, Abdulla Bayramov mədəniyyət naziri, anası, ilk qadın-diplomatlardan biri Tahirə Tahirova xarici işlər naziri vəzifələrində çalışmışdılar. Görünür, elə ziyalı ailəsində dünyaya göz açması onun bir şəxsiyyət kimi formalaşmasında, istedadlı bir alim kimi yetişməsində mühüm rol oynayıb.
Orta təhsilini 160 saylı məktəbdə alan Rauf Bayramov 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsinə qəbul olunmuşdur. Universiteti bitirdikdən sonra Novosibirsk şəhərində SSSR EA-nın Sibir şöbəsinin Riyaziyyat İnstitutunun aspiranturasına daxil olur. Cəbr və məntiq sahəsində apardığı elmi araşdırmaların əsas nəticələri onun namizədlik dissertasiyasının əsasını təşkil edir. Bakıya qayıtdıqdan sonra əvvəl Kibernetika İnstitutunda, 1971-ci ildən isə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, laboratoriya müdiri, Cəbr, Məntiq və Topologiya şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır.
Rauf Bayramov bir çox xarici ölkələrdə keçirilən konfranslarda fəal iştirak etmişdi. Onun aldığı elmi nəticələr dünya alimləri tərəfindən birmənalı qəbul edilmişdi.
Elmi yaradıcılıqla yanaşı Rauf Bayramov Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
Rauf Bayramovun elmi rəhbərliyi ilə bir çox namizədlik dissertasiyası müdafiə olunmuşdur. O, 150-dən artıq elmi məqalənin, ”Klonların və onlara yaxın finit funksiyaların cəbrlərinin tədqiqi, çoxobrazlılar nəzəriyyəsinin seçilmiş məsələləri” adlı monoqrafiyanın müəllifi olmuşdur.
İstedadlı alim, peşəkar müəllim, alicənab və səmimi insan Rauf Bayramov uzun sürən ağır xəstəlikdən sonra 2007-ci il mart ayının 9-da vəfat etmişdir. Onun əziz xatirəsi həmkarlarının, onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.