17/02/2017
Nəsirəddin Tusi kimi məşhur olan Nəsir əd-Din Əbu Cəfər Mühəmməd ibn Mühəmməd ibn Həsən ət-Tusi 18 fevral 1201-ci ildə Tus (bəzi rəvayətlərə görə Həmədan) şəhərində anadan olmuş, 25 iyun 1274-ci ildə Bağdadda olarkən xəstələnərək vəfat etmiş, Kazimeyndə , yeddinci imam Musa ibn Cəfərin (ə.s) məzarı yaxınlığında dəfn edilmişdir.
Nəsirəddin Tusi siyasi çəkişmələrlə zəngin bir zamanda yaşamış, ictimai-siyasi hadisələrdə fəal iştirak etmiş, dövrünün görkəmli dövlət və dini xadimi, filosofu, şairi, astronomu, riyaziyyatçısı, təbibi, təbiətşünası, tərcüməçisi olmuş, özündən sonra çox böyük elmi irs qoymuşdur. Öz zamanının elmləri arasında elə bir fənn tapmaq çətindir ki, Nəsirəddin Tusinin həmin sahədə hansısa bir əsəri olmasın. Fəlsəfə və kəlam sahəsində “Təcrid əl-etiqad”, məntiq sahəsində “Əsas əl-iqtibas”, “Təcrid əl-məntiq”, İbn Sinanın “Əl-İşarat vət-tənbihat” əsərinə yazdığı şərhlər, ədəbiyyat sahəsində “Meyar əl-əşar”, cəbr və hesab sahəsində “Cami əl-hesab bit-təxt vət-turab”, “Ər-risalə fil-hesab vəl-cəbr vəl-müqabələ”, həndəsə sahəsində “Təhrir li-Uqlidis”, “Təhrir əl-Məcəst” əsərləri, Arximed, Menelay və digər yunan klassiklərinin əsərlərinə yazdığı geniş şərhlər, müəllifi olduğu “Şəkl əl-qita”, “Ər-risalə əş-şafiyə an əş-şəkki fil-xütut əl-mütəvaziyə”, astronomiya sahəsində məşhur olan “Zici-Elxani”, etika sahəsində “Əxlaqi-Nasiri”, rəml sahəsində “Risalə dər elmi-rəml”, tibb sahəsində “Əl-həvaşi əla külliyat əl-Qanun”, “Zəvabit ət-tibb”, musiqi sahəsində “Məqalə dər müsiqi” və s. kimi əsərləri bu siyahinin yalnız kiçik bir hissəsidir.
N.Tusinin əsərləri latın, ingilis, rus və s. dillərə tərcümə edilmiş, fərqli zamanlarda müxtəlif alimlər tərəfindən araşdırılmış və araşdırılmaqda davam edilir. Riyaziyyat tarixindən bəhs edən əksər ədəbiyyatda N.Tusinin tərcümeyi-halı, onun elmi yaradıcılığına həsr edilmiş material tapmaq olar.
AMEA Riyaziyyat və Mexanika İnstitutunda bir qrup alim dahi N.Tusinin irsinin öyrənilməsi ilə məşğul olurlar, bu istiqamətdə Tusinin xatirəsinə həsr olunmuş konfranslar keçirilmiş və əsərlər hazırlanıb çap olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.