24/02/2017
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
Bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından 25 il ötür. AMEA Riyaziyyat və Mexanika İnstitutun direktoru, professor Misir Mərdanov mənfur ermənilərin qəddarlığından, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinin işğalından, orada əhalinin vəhşicəsinə qətlə yetirmilməsindən və Xocalıda törətdilən dəhşətli qırğınlardan söz açdı.
Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədləri daxilində, Ağdam-Şuşa-Xankəndi- Əskəran yolunun üzərində və regionun yeganə hava limanının yaxınlığında yerləşən Azərbaycan şəhəridir. Şəhərin əhalisi yeddi mindən çox idi.
Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar – 76 nəfər; 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-sinin taleyi indi də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Doğma yurdlarında didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa edilməsi ümidi ilə yaşayırlar.
Beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı haqqında məlumatlandırılması, ədalətin təmin olunması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə çox addımlar atılır, kampaniyalar keçirilir. Belə kampaniyalardan biri də, Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyasıdır. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.