14/03/2017
Azərbaycanda funksional analiz, diferensial tənliklər və funksiyaların spektral nəzəriyyəsi sahəsində tanınmış alim Fəraməz Qəzənfər oğlu Maqsudovun anadan olmasından 87 il ötür.
Fəraməz Qəzənfər oğlu Maqsudov 20 mart 1930-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1954-1957-ci illərdə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspirantı olmuş, 1959-cu ildə akademik Zahid Xəlilovun rəhbərliyi ilə “Öz-özünə qoşma olmayan diferensial operatorların spektrinin diskretliyi, məxsusi və qoşma funksiyaların tamlığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1974-cü ildə “Kəsilməz spektrli polinomial operatorlar dəstəsinin spektral nəzəriyyəsinin bəzi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Onun bütün əmək fəaliyyəti Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutda ilə bağlı olmuş, institutun kiçik elmi işçi vəzifəsindən (1957) direktor vəzifəsinədək (1974) yüksəlmişdir. O, 1976-cı ildə Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmiş, 1981-ci ildə Fizika Texnika və Riyaziyyat Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə təyin edilmişdir. 1997-ci ildə AMEA-nın prezidenti seçilmiş və ömrünün sonuna qədər həmin vəzifədə çalışmışdır. Fərəməz Maqsudovun əməyi layiqincə qiymətləndirilmiş, o, 1983-cü ildə SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüş, 1986-cı ildə “Dostluq ordeni” ilə təltif olunmuş, 1990-cı ildə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüş, Beynəlxalq İslam Akademiyasının həqiqi üzvü seçilmişdir.
Akademik Fəraməz Maqsudov 209 məqalənin, çoxsaylı dərslik və monoqrafiyaların müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 65 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, sonralar onlardan 5 nəfəri elmlər doktoru olmuşdur. Elmi fəaliyyəti dövründə o, Moskva (1956-1966), Odessa (1957), Budapeşt, Ankara (1987), Məşhəd (1991), İstanbulda (1991) keçirilən konfranslarda elmi məruzələrlə çıxış etmişdir. O, Azərbaycanın müstəqilliyinin ilk illərində Parlamentin üzvü kimi ölkənin ictimai siyasi həyatında fəal iştirak etmişdir.
Fəraməz Qəzənfər oğlu Maqsudov 30 avqust 2000-ci ildə vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.
Fəraməz müəllim daima onu sevənlərin qəlbində yaşayacaq. AMEA Riyaziyyat və Mexanika İnstitutu akademik Fəraməz Maqsudovu dərin hörmətlə anır.
Allah rəhmət eləsin!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.