20/03/2017
Azərbaycan Mühəndislik Akademiyasının Rəyasət Heyətinin iclasında Akademiyanın prezidenti akademik Arif Paşayev beynəlxalq aləmdə tanınmış alimlər, professor Məsud Əfəndiyevə və professor İldar Qabitova – Azərbaycan Mühəndislik Akademiyasına əcnəbi üzv (akademik) seçilmiş alimlərə ölkəmizlə elmi-texniki sahədə faydalı əməkdaşlığına, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və inkişafındakı xidmətlərinə görə Akademiyanın diplomunu, vəsiqəsini və döş nişanlarını təqdim edib.
Beynəlxalq aləmdə tanınmış, əslən azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır.
Digər tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor İldar Qabitov hazırda ABŞ-da Fotonika və Kvant Materialları Mərkəzinin direktoru, Arizona Universitetində riyaziyyat kafedrasının professoru vəzifəsində çalışır.
Hər iki tanınmış alim Azərbaycan Mühəndislik Akademiyası ilə elmi-texniki sahədə əməkdaşlığı davam etdirirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.