Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalova Gəncə Dövlət Universitetinin fəxri doktoru adı verilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalova 03 aprel 2017-ci il tarixində Gəncə Dövlət Universitetinin fəxri doktoru adı verilib.
Bilal Telman oğlu Bilalov 02 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini bitirmiş, 1986-1989-cu illərdə MDU-nun əyani aspirant, 1989-cu ildə akademik Y.İ.Moiseyevin rəhbərliyi ilə “Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi” mövzusunda MDU-da namizədlik dissertasiyasını müdafiə etmişdir. 1990-1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent işləmişdir. 1993-1996-cı illərdə MDU-da əyani doktorant və orada 1996-cı ildə “Üstlü sistemlərin bazislik xassələri və onların ümumiləşmələri” mövzusunda fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmiş, həmin ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, baş elmi işçi, 2001-ci ildən indiyə kimi “Qeyri-harmonik analiz” şöbəsinin müdiridir. 2009-cu ildən riyazi analiz ixtisası üzrə professor, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Professor Bilal Bilalovun əsas elmi fəaliyyət sahələri: approksimasiya nəzəriyyəsi; bazis nəzəriyyəsi; freym nəzəriyyəsi; wavelet analiz; operatorların spektral nəzəriyyəsi; analitik funksiyalar üçün sərhəd məsələsi; fazzi nəzəriyyəsi; tanınmanın riyazi metodlarıdır.
Professor Bilalov 190-dan çox elmi işlərin və üç monoqrafiyanın müəllifidir. O, 15 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru hazırlamış, elmi məsləhətçisi olduğu 2 tələbəsinin elmlər doktoru dissertasiyaları Ali Attestasiya Komissiyasına təqdim edilib.
Bilal Bilalov həmçinin Thomson Reuters agentliyinin Emerging Sources Citation İndex (ESCI) kataloquna daxil olan Azerbaijan Journal of Mathematics jurnalının baş redaktorudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.