15/01/2018
– Məhəmməd Füzulinin təhsil və tərbiyə haqqında fikirləri necə idi?
O, əsərlərində təlim-tərbiyə haqqında qiymətli fikirlər irəli sürmüşdü. O, təhsilin əsası kimi savad təliminə ciddi fikir verilməsini tələb edirdi. Hesab edirdi ki, ibtidai təhsil dövründə şagirdlər savadlı yazmağa, yaxşı nitq mədəniyyətinə və “sözü mərifət geyimi ilə təqdim etməyə” alışmalı, müvafiq bacarıq əldə etməlidirlər. Bu keyfiyyətlər olmadan verilən təhsil maarifə qarşı baltaya çevrilir.
Füzuliyə görə elmə, biliyə sahib olmağın əsas yeri məktəbdir.
Məhəmməd Füzuli əsərlərində elmə yüksək qiymət verir, onu insan mənəviyyatını, ləyaqətini yüksəldən, insan azadlığına kömək edən bir vasitə hesab edərək yazırdı: “Elmdir bais rifayət xalq” (Xalqın rifahı elmdədir).
Füzuliyə görə elmin yolu daşlı-kəsəklidir. Onun sahibi olmaq üçün səy göstərmək lazımdır. Bu yolda daha çox səy göstərən insanın dəyəri də yüksəkdir. Elmə yüksək qiymət verən Məhəmməd Füzuli belə hesab edirdi ki, elm nadan əllərə düşməməlidir. Onun nəticələrindən insanlar bəhrələnməlidir.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.