Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Güney Qafqazda müəllim kadrları hazırlığı ilə məşğul olan ilk müəssisə nə zaman yaradılıb?


Güney Qafqazda müəllim kadrları hazırlığı ilə məşğul olan ilk müəssisə nə zaman yaradılıb?

1866-cı ildə. Bu, Tiflis Aleksandrovski Müəllimlər İnstitutu (1866-1919) idi. 1896-cı ildə məşhur Azərbaycan mesenatı Şəmsi Əsədullayev həmin institutun fəxri müdiri təyin edilmişdir. Burada əsas məqsəd şəhər məktəbləri üçün müəllim kadrları hazırlamaq idi. İnstitutun nəzdində şəhər məktəbi tipində ikisinifli nümunəvi məktəb də var idi. Təhsil pullu idi (ildə on beş manat), təlim rus dilində aparılırdı. Qafqazda yaşayan gənclər dini və milli fərqlərdən asılı olmayaraq, ümumi qaydalarla məktəbə qəbul edilirdilər. öz ömürlərini xalq işinə, onun maariflənməsinə, təhsilin pedaqoji – metodik ehtiyaclarının aradan qaldırılmasına, milli mədəniyyətin inkişafına həsr etmiş Sultan Məcid Qənizadə, Həbil bəy Mahmudbəyov, Süleyman bəy Əbdürrəhmanbəyov və digərləri həmin institutda təhsil almışdılar.

– Qafqazda ilk müəllimlər seminariyaları harada və nə zaman işə başladı?

Qafqazda ilk müəllimlər seminariyaları 1871-ci ildə Kubanda, 1876-cı ildə Qori şəhərində fəaliyyətə başladı. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının əvvəlcə üç şöbəsi (rus, gürcü, erməni) var idi. Azərbaycan kəndlərində təşkil edilən və yaradılması nəzərdə tutulan məktəblərin müəllim kadrlarına olan ehtiyacını ödəmək üçün ayrıca bir seminariyanın və ya şöbənin olması həyati zərirət idi. 1879-cu il sentyabrın 3-də Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi (tatar ibtidai məktəbi ilə birlikdə) fəaliyyətə başladı.

Azərbaycanlı gənclər ibtidai məktəbdə ilkin təhsilini aldıqdan sonra seminariyada təhsillərini davam etdirirdilər. Digər bir məqsəd isə seminaristlərin həmin məktəbdə pedaqoji təcrübə keçməsi idi. Seminariyanın əsasnaməsində göstərilmişdi ki, Azərbaycan şöbəsini idarə edən şəxs – inspektor mütləq xristian olmalıdır.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər