Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusinin doğum günüdür


Nəsirəddin Tusi kimi məşhur olan Nəsir əd-Din Əbu Cə­fər Mühəmməd[1] ibn Mühəmməd ibn Həsən ət-Tusi 18 fevral 1201-ci ildə Tus (bəzi rəvayətlərə görə Həmədan) şəhə­rində anadan olmuş, 25 iyun 1274-ci ildə Bağdadda olarkən xəstələnərək vəfat et­miş, Kazimeyndə[2], yeddinci imam Musa ibn Cəfərin (ə.s) məza­rı yaxın­lı­ğın­da dəfn edilmişdir.

N.Tusinin ən qısa tərcü­me­yi-halı budur.

Hər bir insanın tərcümeyi-halında uyğun quru tarixlə rastlaşırıq. Şəxsiyyətin qiy­məti bu iki tarix arasındakı əməllər, düşüncələr, fəaliyyətlə bağlıdır. Dövrünün elmləri ara­sında elə bir sahə tapmaq çətindir ki, Nəsirəddin Tusinin həmin sahədə hansısa bir əsəri olmasın. Fəlsəfə  və kəlam sahə­sin­də “Təcrid əl-etiqad”, məntiq sahəsində “Əsas əl-iqtibas”, “Təcrid əl-məntiq”, İbn Sinanın “Əl-İşarat vət-tənbihat” əsərinə yazdığı şərhlər, ədəbiyyat sahəsində “Meyar əl-əşar”, cəbr və hesab sahə­sində “Cami əl-hesab bit-təxt vət-turab”, “Ər-risalə fil-hesab vəl-cəbr vəl-müqabələ”, həndəsə sa­həsində “Təhrir li-Uqlidis”, “Təhrir əl-Məcəst”, Arximed, Menelay və di­gər yunan klassiklərinin əsərlərinə yazdığı geniş şərhlər, müəl­lifi olduğu “Şəkl əl-qita”,  “Ər-risalə əş-şafiyə  an əş-şəkki fil-xü­tut əl-mütəvaziyə”, astro­no­mi­ya sahəsində məşhur olan “Zici-Elxani”, etika sahəsində “Əxlaqi-Nasiri”, rəml sahəsində “Risalə dər elmi-rəml” ([1]-də əsə­rin əvvəlcə türk dilində yazıl­dığı, sonra isə fars dilinə tərcümə edildiyi söylənir), tibb sahəsində “Əl-həvaşi əla külliyat əl-Qanun”, “Zəvabit ət-tibb”, musiqi sahə­sində “Məqalə dər müsiqi” və s. kimi əsər­lə­ri bu siyahinin yal­nız kiçik bir hissəsidir.

[1]-də N.Tusinin 190 əsəri haqqında qısa məlu­­mat, [2]-də 76 əsərinin adı çəkil­sə də, onların sayının 111 olduğu qeyd edilir, [3]-də 66 əsərinin qısa xülasəsi və onların əlyazma­ları haqqında məlumat verilir. Bununla belə, burada “Təcrid əl-etiqad” və “Təcrid əl-məntiq” kitablarının adı çəkil­mir. [4]-də isə N.Tusinin 88 əlyaz­ması, 27 elmi məktubu, hansı əsə­rə aid olduğu məlum olmayan 11 əlyazması, onun  elmi irsinin araş­­dı­rılma­sına həsr edilmiş azərbaycan, fars, ərəb, türk, rus,  al­man, ingilis, fransız, italyan, latın, yunan, gürcü, çex dillə­rində nəşr edilmiş mə­qa­lə, kitab və tərcümələr haq­qında geniş bibli­o­qra­fik məlu­mat öz əksini tapmışdır. N.Tusinin əsərləri latın, ingilis, rus və s. dillərə tərcümə edil­miş, fərqli zaman­larda müxtəlif alimlər tərəfindən araş­dı­rıl­mış və araşdırılmaqda davam edilir. Riya­ziy­yat, astronomiya tarixindən bəhs edən əksər ədəbiyyatda N.Tusinin tərcümeyi-halı, onun elmi yara­­dıcı­lığına həsr edilmiş material tapmaq olar.

Tusinin elm tarixində məqamı haqqında bir neçə söz.

İntibah dövrünə kimi Avropada elmin inkişafındakı tənəzzül Yaxın Şərqin ərəb-müsəlman elmi irsinin araşdırılmasını ön plana çəkir. İslam xəlifəliyinin ilk dövründən başlayaraq Yunan, İran, Hind elmi-ədəbi irsinin çoxlu əsərləri ərəb dilinə tərcümə edilmiş, daha da inkişaf etdirilimişdir. Müəyyən mənada bu irs, adı çəkilən elmi məktəblərin ənənələrinin davamçısı, daşıyıcısı, bərpaçısı kimi çıxış edir. Mübaliğəyə yol vermədən söyləmək olar ki, ərəb dilli mənbələr qədim yunan elmi irsinin Avropa və dünyaya qaytarılmasında ilk mənbə rolunu oynamışdır. Ərəb-müsəlman elmi irsinə müxtəlif yanaşmalar mövcuddur: bu irsin qiymətini kiçildəndlər olsa da, ona layiq olduğu qiyməti verənlər daha çoxdur.

Holland riyaziyyatçısı D.Y.Stroyk özünün “Riyaziyyat tarixinin qısa oçerki” əsərində  yazır: “Məhz bu yenidən bərpa və tərcümələr əsasında əksər yunan klassikləri bizim dövrümüzə kimi çatmışlar, əks halda onlar itirlimiş olardılar”  ([5], səh. 92). Ancaq şərq alimləri sadəcə tərcüməçi və seyrçi qalmayıb, bu irsin inkişafında müstəsna rol oynamışlar. Onların əsərləri latın və avropa dillərinə tərcümə edilərək Avropa İntibahina böyük təsir göstərmişlər. Ptoloemeyin “əl-Məcəst” əsəri yalnız ərəb dilindəki formasında mövcud olmuş, Aristotelin məntiqi irsi İbn Rüşdün əsərləri əsasında yenidən Avropaya qayıtmışdır. XVI əsərdə N.Tusinin Evklidin “Əsasları”na etdiyi şərhlər kitabı latın dilinə tərcümə edilmişdir. D.Y.Stroyk adı çəkilən əsərdə yazır: “İntibah dövründə ət-Tusinin təsiri çox böyük olmuşdur. 1651 və 1663-cü illərdə Con Vallis ət-Tusinin Evklidin postulatı haqqında traktatından istifadə etmişdir” ([5], səh. 95). [2]-də qeyd edildiyi kimi, görkəmli alman alimi Q.Züter VIII-XVI əsr şərq alimlərini öyrənərək, bu dövrü üç mərhələyə bölür:

– I mərhələ 750-900-cu illəri əhatə edir. Bu dövr tərcümə, qədim yunan və hind elminin mənimsənilməsi dövrü kimi xarakterizə edilir;

– II mərhələ 900-1275-ci illəri əhatə edir. 1200-cü ilə kimi elmin inkişafı saraylarla, 1200-1275-ci illər müddəti isə N.Tusi və Marağa rəsədxanası ilə bağlıdır;

– III mərhələ 1275-1600-cü illəri əhatə edir. Bu arada Uluqbəy rəsədxanası xüsusi vurğulansa da, islam dünyasında ümumi inkişafın ləngiməsi və tənəzzülə uğraması qeyd edilir.

Fikrimizcə, professor Hamlet İsaxanlının Marağa rəsədxanası haqqında söylədiyi fikir bu müddəanı daha da qüvvətləndirir: “Hülaku xanın Bağdadı fəthindən (1258) sonra onun maliyyə və təşkilatı köməyilə 1259-cu ildə Azərbaycanda, Marağa şəhə­rində (Təbrizdən cənubda) Nəsirəddin Tusinin rəhbərliyi altında rəsədxana qurulmağa başlanıldı. 1262-cı ildə tam fəaliyyətə baş­layan Marağa rəsədxanası o dövrdə tək islam aləmində deyil, bütün dünyada ən güclü elm mərkəzi, akademik mərkəz olmuş, burada riyaziyyat, astronomiya, cihazqayırma üzrə elmdə böyük iz qoyan, elmi yüksək səviyyəyə qaldıran böyük nəticələr əldə edil­mişdi. Məhz bu səbəbdən elm tarixinə “Marağa məktəbi” və “Marağa inqilabı” kimi anlayışlar daxil olmuşdur. Bu sözlər və “N.Tusi məktəbi”, “N.Tusi inqilabı” sözləri eynigüclüdürlər. Yal­nız Marağa rəsədxanasından başlayaraq rəsədxana bir əsas ada­mın və ya bir neçə adamın bir neçə cihazla müşahidələr apar­dığı kiçik bir yerdən fərqləndi, güclü və ixtisaslaşmış kollektivin, müx­təlif ölkələrdən gəlmiş yüzdən artıq alimin nəzəri və tətbiqi araşdırmalarla məşğul olduğu, çalışdığı elmi mərkəz, institut kimi fəaliyyət göstərməyə başladı. Marağada çox zəngin kitabaxana qurulmuşdu (deyilənə görə 400000 kitab!). 1265-ci ildə Hülaku xanın ölümündən sonra onun oğlu Abaqa xan Marağa rəsədxana­sın­dan öz himayəsini əsirgəmədi. N.Tusinin başçılığı ilə hazırla­nan və onun “Zici-İlxani” adlandırdığı ulduzlar kataloqu (cədvəli) məşhur oldu” ([6], səh. 4-5).

Uluqbəy tərəfindən sonralar təsis edilmiş Səmərqənd rəsədxanası da elmi-araşdırma mərkəzi olmaq baxımından Marağa rəsədxanasının ənənələrinin davamçısı olmuşdur. Buraya da Yaxın Şərqin əksər alimləri dəvət olunmuş, əməkdaşlıq etmişlər, rəsədxana elmi- pedaqoji mərkəz kimi fəaliyyət göstərmişdir.

Davamı var…

[1] Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri (fars dilindən tərcümə). Bakı, Nurlan, 2002, 212 s.

[2] Мамедбейли Г.Д. Основатель Марагинской обсерватории Мухаммед Наси­реддин Туси. Изд. АН Азербайджанской ССР. Баку – 1961 г., 316 с.

[3] Матвиевская Г. П., Розенфельд Б.А. Математики и астрономы мусуль­ман­ско­го средневековья и их труды (8-17 вв.). Наука -1983, 651 с.

[4]Xəlilov A., Musayeva A. “Xacə Nəsirəddin Tusi. Bibli­o­qrafiya”. Bakı, XXI –Yeni Nəşrlər Evi – 2004, 168 səh.

[5] Стройк Д.Я. Краткий курс истории математики. Наука – 1969 г., 328 с.

[6] Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.

Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər