Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusi (III hissə)


N.Tusinin qısa tərcümeyi-halı. Dövrün reallıqları, zamanın ağırlıqlarını necə və hansı ustalıqla aşdığını başa düşmək üçün, dərin təfsi­lata varmadan N.Tusinin həyatı və elmi fəaliyyətinə qısaca nəzər salmaq yerinə düşərdi.

 Nəsirəddin Tusi siyasi çəkişmələrlə zəngin bir zamanda yaşa­­­mış, ictimai-siyasi  hadisələrdə fəal iştirak etmiş, dövrünün görkəmli dövlət və dini xadimi, fi­lo­sofu, şairi, astronomu, riya­ziyyatçısı, təbibi, təbiətşünası, tər­cü­mə­çisi olmuş, özündən son­ra çox böyük elmi irs qoymuşdur. N.Tusi ilk təhsilini atası Vəcihəddin Mühəmməd ibn əl-Həsən ət-Tusidən almışdır. Gənc yaşlarında öz biliklərini təkmil­ləşdir­mək üçün islam aləminin böyük elmi mərkəzlə­rin­dən və Xora­sanın dörd böyük şəhərindən biri olan Nişapura get­mişdir. Nişa­pur monqolların hücumlarına kimi, böyük elmi mər­kəz olmuş, bura­da çoxlu alim, filosof, fəqih, ravi yaşa­mış­dır. Tusi məhz bu şəhərdə kamilləşmiş, ustadı Salim ibn Bədra­nın 1222-ci ildə fiqh sahəsində ona verdiyi ica­zə­dən sonra daha da məşhurlaşmışdır.

Həmin dövrdə dünyanı təlatümə gətirən, dünya xəritəsini bü­tün­­lüklə dəyişən monqol hücumları vüsət almışdı. Xorasan da mon­­qolların hücumundan kənarda qalmamışdır. Monqol­lar­dan əvvəl bu yerlər ismaililərin hakimiyyəti altında olmuşdur və mon­qol­lara yalnız onlar az-çox müqavimət göstərə bilmiş­lər. Belə bir qarışıq dövrdə Kuhistan hakimi Nasirəddin Əbdür­rə­him ibn Əbu Mənsur Tusini Kuhistana dəvət edir. Tusi də bu də­və­ti qəbul edərək ismaililərin diyarına – Ələmut qala­sına yolla­nır (yəqin ki, bu hadisə 1227-ci ildən son­ra baş ver­miş­dir). Burada N.Tusi Əbu Əli Miskəveyh Razi­nin “Ət-Təhar” əsərini ərəb dilindən ixtisarla fars dilinə təcümə və müəyyən əlavələr edərək[1], onu Nasirəd­di­nin şərəfinə “Əxla­qi-Nasiri” adlandırmış, astrono­mi­ya sahəsin­də Nasirəd­di­nin oğlu Muinəddinə həsr etdiyi “Mui­nəd­din risa­ləsi” və fars­ca şərhini, “Əxlaqi-Möhtəşəmi”[2], “Əsas­ əl-iqtibas” və s. əsər­ləri yazmışdır. İsmaili hökmdarı Əlaəd­din Mühəmməd N.Tusi barə­sində xəbər tutduqda, hakim Nasirəd­di­nə Tusini onun yanına – Meymindiz qalasına gön­dər­məsini əmr etmişdir.

Çingiz xandan sonra Mənku Qaan monqolların xaqanı seçi­lir. Ona ismaililər haqqında çoxlu şikayətlər yetişir. O, bu torpaqları yenidən fəth etmək[1], o cümlədən isma­i­liləri ram etmək üçün qardaşı Hülaku xanı ora gön­də­rir. 1256-cı ildə Hüla­ku xan Cey­hun çayını keçib Heratı, Tusu və Kuhistanı tutur. Bu zaman ismai­lilərin baş hökmdarı Xurşah idi. Çoxlu diplo­matik addımlardan sonra Xurşah oğul­ları, Xacə Nəsirəd­din Tusi və başqa əsilzadələr (Əsiləddin, vəzir Müəyyiddin, Rəisüddövlə, Müvəffəqüddövlə) ilə birlikdə Hülaku xana təs­lim oldu (burada Tusinin məsləhətinin böyük rol oynadığı söy­lə­nir). Bununla da ismaililərin 177 illik (1084-1256) haki­miy­yəti sona çatdı.

Beləliklə, Tusinin həyatında yeni dövr – monqol idarəçiliyi döv­rü başlayır. İsmaililərin süqutu və İranın fəthindən sonra Hüla­ku xan Bağdad üzərinə yürüş edərək, 1259-ci ildə oranı fəth etdi. Monqolların amansız hücumlarından sonra sonuncu Abbasi xəli­fə­si Müstəsim təslim oldu, bir müddət sonra o öldü­rüldü. Belə­liklə, beş əsrlik Abbasi xilafəti süquta uğradı. Bəzi­ləri Bağdada hər­bi yürüş və xəlifənin öldürülməsində bilavasitə Tusini günah­landırır, Hülaku xanın onun məsləhəti ilə hərəkət etdiyini iddia edir. Mühasirənin başlanğıcında hər iki tərəf dip­lo­matik səylərə üstünlük vermişlər. Rəzəvinin yaz­dı­ğına görə, bir gün qaladan atı­lan ox monqol əmirlərindən birinin gözünə dəymişdir. Bundan son­­ra Hülaku  xan şəhərin tez bir zamanda fəth edilməsini əmr edir. Bununla bərabər o, Tusiyə Hillə qapısına getməyi, şəhər­dən çıxmaq istəyən əhaliyə aman verilməsini tapşırmışdı. Bağ­da­dın fəthindən sonra N.Tusi şiə alimlərinin toplaşdığı Hilləyə – Mühəqqiq Hillinin mədrə­səsinə getmiş, böyük fəqihlər onun hüzuruna gəlmiş, Mühəqqiq onları təqdim etmişdir. Tusinin kimin hər iki üsulu, yəni həm kə­lam, həm də fiqh üsulunu yax­şı bilməsi haqqındakı sualının cavabında Mühəqqiq Əllamə Hil­li­nin atası Şeyx Sədiəddin Yusi­fi və Müfiəddin Mühəmməd ibn Cəhmi gös­tər­miş, onların digərlərindən üstün olduğunu söyləmişdir.

Monqolların hakimiyyəti ilə N.Tusinin elmi fəaliyyətində yeni dövr – Marağa rəsədxanası dövrü başlayır. Bəzi tarixçilər Mara­­ğa rəsəd­xanasının tikintisinin Hülaku xanın,  digərləri Tusi­nin özü­nün çoxdankı fikri və təşəbbüsü, bəziləri isə hökm­dar Mənku Qaanın fikri olduğunu və Hülaku tərəfindən reallaş­dığını söylə­yir­lər. Rəsədxananın tikintisinə 1259-cı ildə başlan­mış, 1262-cı ildə alətlərin qurulması başa çatmışdır. Tikintinin başa çatdırılması, elmi fəaliyyətin aparılması, böyük kitabaxa­nın yaradılması (400000 cild!) üçün Hülaku xan tərəfin­dən Tusiyə böyük maliyyə imkanları yaradılmışdır (fikrimizcə, monqolların yalnız dağıdıcı qüv­­və olması haqqında geniş yayıl­mış fikri təkzib etmək üçün təkcə bu fakt kifayətdir!). Mara­ğada çoxmillətli alimlər ailəsi fəaliyyət göstərmişdir. Rəsəd­xa­nada aparılan uzunmüd­dətli müşahidələrin nəticəsi olan “Zici-Elxani” əsəri 1273/1274-ci ildə tamamlanmışdır. Rəzəvinin yazdı­ğına görə ([1], səh. 61 və [8], səh. 105), 1265-ci ildə Hülaku xan və­fat etdikdən sonra onun oğlu Abaqa xan (1234-1282) hakimlikdən imtina etdikdə, Tusi onu bu işə razı salmışdır. Atası kimi Abaqa xan da N.Tusiyə hörmətlə yanaşmış, onu himayə etmiş və məslə­hət­lə­rin­dən faydalanmışdır.

N.Tusi 1274-cü ildə Bağ­dad­da olarkən xəstələnmiş, öz vəsiyyətinə əsasən yed­din­ci imam Musa ibn Cəfərin (ə.s) məzarının yaxınlığında dəfn edilmişdir. O, ölüm ayağında olarkən, onu istəyənlərdən birinin Nəcəfi-əşrəfdə dəfnlə bağlı məsləhətinə qulaq asıb, belə cavab vermişdir: “Mənim üçün ayıb olar ki, imam Musa Kazı­mın (ə.s) civarında ölüm, amma basdırılmaq üçün başqa bir yerə aparılım – hətta o yer daha şərəfli olsa belə!” ([1], səh. 34). Yəqin ki, bu, N.Tusi­nin son ictihadı olmuşdur, ancaq necə də dürüst və heyrətamiz!

Davamı var…

[1] Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri (fars dilindən tərcümə). Bakı, Nurlan, 2002, 212 s.

[2] Мамедбейли Г.Д. Основатель Марагинской обсерватории Мухаммед Наси­реддин Туси. Изд. АН Азербайджанской ССР. Баку – 1961 г., 316 с.

[3] Матвиевская Г. П., Розенфельд Б.А. Математики и астрономы мусуль­ман­ско­го средневековья и их труды (8-17 вв.). Наука -1983, 651 с.

[4]Xəlilov A., Musayeva A. “Xacə Nəsirəddin Tusi. Bibli­o­qrafiya”. Bakı, XXI –Yeni Nəşrlər Evi – 2004, 168 səh.

[5] Стройк Д.Я. Краткий курс истории математики. Наука – 1969 г., 328 с.

[6] Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.

[7] Атаи А.А., Зейналов Р.А. Г.Дж. Мамедбейли – первый исследователь наследия Насиреддина Туси в Азербайджане. Материалы Международной конференции, посвященной 810-летию Мухаммеда Насиреддина Туси. Баку -2011, с. 38-49.

[8] Mühəmməd Təqi Müdərris Rəzəvi. əl-Əllamətü əl-Xacə Nəsir əd-Din ət-Tusi. Həyatühü və asarüh.( محمد تقى مدرس رضوي .العلامة الخواج نصير الدين الطوسى. حياته و آثاره.). Tehran, 1994, 449 s. 

Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər