Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusi (VI hissə)


N.Tusinin elmi irsinə qısa baxış. Son illər İnstitutumuzda Tusinin çoxsahəli elmi irsinin bir neçə istiqamətdə araşdırılması aparılır. Bu sahələrdə Tusinin elmi fəaliyyəti və əsərləri barəsində qısaca söz açmaq istərdik
Həndəsi irs. İslam xilafətinin ilk dövrlərindən başlayaraq Evklidin “Əsaslar” kitabı alimlərin daim diqqət mərkəzində olmuşdur. N.Tusiyə kimi “Əsaslar”ın tərcüməsi və şərhləri arasında aşağıdakılar məşhur olmuşdur:
– Əbu Əbdullah Cabir ibn Həyyan əl-Əzdi əs-Sufi – VIII əsrdə yaşamışdır. Onun “Şərh Uqlidis” əsəri məşhurdur;
– əl-Həccac ibn Yusuf ibn Matar – VIII əsrin sonu IX əsrin əvvəlirində yaşamış, xəlifə Harun ər-Rəşid və əl-Məmunun sarayinda işləmiş, Evklidin “Əsaslar” və Ptolomeyin “əl-Məcəst” əsərlərini tərcümə etmişdir;
– əl-Abbas ibn Səid əl-Cövhəri – IX əsrin ilk yarısında yaşamışdır. “İslah li-kitab əl-üsul” (“Əsaslar kitabının islahı”) kitabının müəllifidir. N.Tusinin “Paralel xətlər haqqında şübhələrin aradan götürülməsi haqqında traktat” əsərində Evklidin V postulatı ilə bağlı əl-Cövhərinin təklif etdiyi isbat öz əksini tapmışdır;
– Sabit ibn Qürra – 836-901-ci illərdə yaşamışdır. “Əsaslar” kitabını təcümə etmişdir –“Kitab əl-üsul əl-həndəsə li-Uqlidis, “Təhrir Uqlidis li-Sabit” kitabının müəllifidir.
Tusinin “Əsaslara” yazdığı şərhlər müxtəlif adlar altında tanınır: “Təhrir kitab al-üsul al-həndəsə li-Uqlidis”, “Kitab təhrir üsul li-Uqlidis”. Əsər Evklidin “Əsaslar”ının 15 məqaləsini tam şəkildə saxlamaqla yanaşı, geniş şərhlərlə zəngindir. Kitabın tərtib edilməsində N.Tusi həm Evklidin, həm Həccacın, həm də Sabit ibn Qürranın variantalrından faydalanmışdır və onlar arasında fərqli cəhətləri də qeyd etmişdir. N.Tusi kitabın giriş hissəsində söyləyir: “Rəhman, rəhim olan Allahın adıyla. Hər şeyin başlanğıcı Ondan olan və Ona qayıdana həmd olsun. Bütün varlıqların həqiqəti Onun yanındadır və hər şeyin sahibi Odur. Muhəmməd və onun pak ailəsinə Onun salavatı olsun.
“Əl-Məcəsti” şərh edib qurtardıqdan sonra, Evklid Surmiyə məxsus olan “Həndəsə və hesabın əsasları”nı onlara ziyan gətirməyən lakoniklik və yorucu olmayan təhlillərlə, onun məqsədini saxlamaqla, ona layiq olanları əlavə etməklə şərh etmək istədim. Hansılarını ki, bu elmin bilicilərinin yazılarından və öz istedadımla əldə etmişəm. Həccac və Sabitin nüsxələrində əsas materiala edilmiş əlavələri ya onları birbaşa göstərməklə, ya da təkliflərin nömrələrini müxtəlif rənglə yazmaqla göstərəcəyəm. Bunu yalnız Allaha təvəkkül edərək edirəm. Belə ki, mənim təvəkkülüm yalnız Onadır. Söyləyirəm ki, kitab on beş məqalədən ibarət olub, Həccacın variantinda dörd yüz altımış səkkiz təklifdən ibarətdir. Sabit variantı isə bundan on ədəd çoxdur. Bəzi yerlərdə həmçinin onların ardıcıllığında da fərqlilik var. Fərqli olan yerlərdə Sabitin təkliflərini qırmızı, Həccacınkıları isə qara rənglə nömrərləmişəm”.

N.Tusinin Sabit, Həccac və Evklidin mətnləri arasında fərqli tərəfləri göstərməsi onun Evklidin yunan dilindəki orijinalından istifadə etdiyini göstərir. N.Tusinin yunan dilindən tərcümələr etməsini digər araşdırıcılar da təsdiq edirlər. Məsələn,  Matviyevskaya Q.P. yazır: «Ему принадлежит большое число переводов греческих сочинений, которые он снабдил пояснениями и существенными дополнениями» ([9], стр 225).

 N.Tusinin özünün müəllifi olduğu iki həndəsi əsəri məşhurdur. Bunlar “Kəşf əl-ğina an əsrar əş-şəkl əl-qita” (“Kəsik fiqurların sirlərinin dolğun kəşfi (bəyanı)”. Kitab ilk olaraq fars dilində yazılmış, 1260-cı ildə N.Tusinin özü tərəfindən ərəb dilinə tərcümə edilmişdir) və “Ər-risalət əş-şafiyə  an əş-şəkki fil-xütut əl mütavaziyə” (Paralellər haqqında şübhələrin aradan götürülməsi trakatatı) əsərləridir. Qeyd edək ki, hər iki əsər rus dilinə tərcümə edilmişdir: «Трактат о полном четырехстороннике» (H.C.Məmmədbəyli və B.A.Rozenfeldin redaktəsi ilə, Bakı 1952), “Трактат, исцеляющий сомнение по поводу параллельных линий” (ərəb dilindən tərcümə B.A.Rozenfeld – ИМИ, 1960, VIII выпуск, стр. 483-532).

 “Təhrir kitab mərifət məsahət əl-əşkal əl-bəsitə vəl-küriyyə li-Bəni Musa Mühəmməd vəl-Həsən və Əhməd” əsəri haqqında. Rəvayətlərə görə Musa ibn Şakir gənc yaşlarında Xorasanda yolkəsən olsa da, sonralar xəlifə əl-Məmunun yaxınlarından olmuşdur. Onun oğulları Muhəmməd, əl-Həsən və Əhməd (9-cu əsr) çox gözəl təhsil almışlar, Bağdadda işləmişlər. Klassik yunan elmi irsi ilə yaxından tanış olmuş və onların ərəb dilinə tərcüməsinə rəhbərlik etmişlər. Mexanika, həndəsə sahəsində bir neçə traktatın müəllifləridir. [3]-də də qeyd edildiyi  kimi, əsər yalnız N.Tusinin şərhləri  şəklində möv­cud olduğu üçün haqlı olaraq N.Tusi həmin kitabın müəllifi sayılmalıdır.  Əsər 18 məsələdən iba­rətdir. İlk yeddi məsələ planimetriya məsələləridir. Burada çoxbucaqlının sahəsinin onun daxilinə çəkilmiş çevrənin radiusu ilə yarımperimetrin hasilinə, dairənin sahəsinin radiusu ilə çevrəsinin hasilinə bərabər olması, çevrənin dia­met­rinin onun uzunluğuna nisbətinin sabit, dəyişməz kəmiyyət olması (ilk dörd tək­lif), Arximed metodu əsasında  ədədinin qiymətləndirilməsi (6-cı təklif), üçbucağın sahəsinin  hesablanması üçün Heron düsturunun əldə edilməsi (7-ci təklif) kimi məsə­lələrə baxılır. Diqqəti cəlb edən bir məqam isə ondan ibarətdir ki,  7-ci təklifdə  Heronun adı çəkil­məmişdir. Adətən, uyğun məqamlarda klassiklər öz əsərlərində nəyin kimə aid olduğunu açıq şəkildə göstərirlər. Necə ki, 5-ci mə­sə­lə­nin sonunda   ədədinin əldə edilməsi üçün tətbiq edilən metodun məhz Arxi­me­də mənsub olduğu qeyd edilib. Bundan əlavə, əsərin axırında aşağıdakı qeyd diqqəti cəlb edir: “Kitabımızda təsvir etdiyimiz hər şey bizə aid­dir. Yalnız çevrənin diametrlə təyin edilməsi – hansı ki, Arximedə məxsusudur və iki miqdar arasında eyni bir nisbəti doğuran iki miqdarın vəziyyətinin təyin edilməsindən başqa – bu yuxarıda söyləndiyi kimi Menelaya aiddir”. Qeyddə istisna edilmiş ikinci məsələ traktatın 16-cı məsələsidir və o aşağıdakından ibarətdir: “İki fərz edilmiş miqdar arasında elə iki miqdar tapmaq istəyirik ki, (bu) dörd (miqdar) eyni bir nisbətdə olsun. Bunda həndəsəsevərlər (talib) üçün böyük fayda var. Və onun köməyi ilə kublanmışın kökü əldə edilir. Belə ki, vahid və kublan­mış arasında eyni nisbətli iki miqdarı biliriksə, vahid tərəfdən ikincisi kublanmışın kökü olur. Bu qədim alimlərdən olan Menelay kimi tanınana məxsusdur ki, onun hən­dəsə kitabında gəlib çatmışdır. Onu da biz təsvir edirik”.

Doğrudan da, Heron adı çəkilən düsturu ümumi şəkildə ifadə etmə­mişdir. O, yalnız tərəfləri 13, 14, 15 və 5, 12, 13 olmaqla sahələri uyğun olaraq 84 və 30 olan üçbucaqlara baxmışdır ([10],  səh.954). Sonralar sahələri  və tərəfləri tam ədəd­lərlə ifadə edilən üçbucaqlar onun şərəfinə Heron üçbucaqları  adlandırılmışlar. Bu münasibətin ilk dəfə Arximed tərəfindən əldə edildiyi söylənsə də, traktatdakı isbat üsulunun Arximedə mənsub olub-olmadığını söyləyə bilmərik. Yaddan çıxar­maq lazım deyil ki, yunan klassiklərinin çoxunun əsərləri ərəb dilindəki tərcümə və onlara şərhlər sayəsində mövcuddurlar.  Orta əsrlərdə bu əsərlər yenidən ərəb dilin­dən avropa dillərinə tərcümə edilmişlər.

Kitabın başlanğıcında kəmiyyətlərin ölçülməsində tərəfləri vahidə bərabər kvadrat və tilləri vahidə bərabər olan kubun ölçü vahidi kimi qəbul edilməsinin səbəbləri aşağıdakı kimi izah edilir:

– onların birləşməsindən alınan fiqurların keyfiyyətində dəyişiklik baş vermir. Bu da öz növbəsində fiqurların kvadraturasında – şəbəkələnməsində, yəni bölgülənməsində zəruridir;

– vahidlərin birləşməsində boşluq qalmır;

– hər iki halda ölçülə bilən (rasional ölçülü) fiqurun, ölçülə bilinməyən (irrasional öl­çü­lü) fiqurdan fərqləndirilə bilinməsi asandır.

Bunlardan əlavə, “dördbucaqlı fiqurların ən böyüyü ki, əhatə edilmişdir, o  düzbucaq­lıdır” müddəası ilə kvadrat və kubun aşağıdakı ekstermal xassələri də əsas götürülür: perimetrləri (tam səthlərinin sahələri) bərabər olan düzbucaqlılar (paralelepipedlər) arasında sahəsi (həcmi) ən böyük olan fiqur kvadratdır (kubdur). İzoperimetrik prob­le­min qədim zamanlardan riyaziyyatçıları daim düşündürdüyünü nəzərə alsaq, bu xassənin N.Tusi və digər riyaziyyatçılara məlum olması təəccüb doğurmamalıdır.

Bunlardan əlavə, N.Tusinin qədim yunan və özünün sələfləri olan orta əsr Şərq alimlərinin çoxsaylı həndəsi əsərlərinə şərhləri mövcuddur. Dünyanın ən müxtəlif kitabaxanalarında həmin əsərlərin əlyazmaları və müxtəlif versiyaları saxlanmaqdadır. Təkcə Tehran Universitetinin Mərkəzi Kitabxanasından əldə edilmiş “Mütəvəssitə”[1] adlanan iki topluda olan  əsərlər haqqında qısa məlumat verməklə kifayətlənmək istərdik. Birinci topluda  aşağıdakılar cəm edilmişdir:

  1. “Təhrir kitab əl-mütiyyat li-Uqlidis” (Evklidin “Verilənlər” kitabının şərhi). Kitab İshaqın təcüməsi olub, Sabit tərəfindən islah edilmiıdir. Doxsan beş məsələni əhatə eidr. 44 səhifədir.
  2. “Təhrir kitab əl-ükar li-Savzusyus” (Feodisyin “Sferika” kitabının şərhi). Yunan dilindən ərəb dilinə Əbu əl-Əbbas Əhməd İbn əl-Mötəsim tərcümə edib, Qüsta ibn Luqa əl-Bəlbəkidən çatdırılıb. İslah isə Sabit ibn-Qürraya məxsusdur. Üç məqladən ibarət olub, əlli beş təklifdir. 52 səhifədir.
  3. “Təhrir Kitab əl-kürə əl-mütəhərrikə li-Utuluqis” (Avtolikin “Hərəkət edən kürə haqqında” kitabının şərhi). Sabitin islahında. Bir məqalədir və on iki təklifdən ibarətdir. On səhifədir.
  1. “Təhrir kitab əl-məsakin li-Savaziyus” (Feodisiyin “Məskənlər” kitabının şərhi). Qüsta ibn Luqa əl-Bəlbəkidən nəqldir. On iki təklifdir. On bir səhifədir.
  2. “Təhrir kitab əl-mənazir li-Uqlidis” (Evklidin “Optika” kitabının şərhi). Altımış dörd təklifdir. Kitabın kim tərəfindən tərcümə edilməsi qeyd edilməyib. Altımış dörd səhifədir.
  3. “Təhrir kitab zahirat əl-fələk li-Uqlidis” (Evklidin “Səma hadisələri” kitabının şərhi). Iyirmi üç təklif, bəzilərində isə iyirmi beş təklifdir. Otuz üç səhifədir.
  4. “Təhrir kitab Savzusyus fil-əyyam vəl-ləyali” (Feodisyin “Gündüz və gecələr” kitabının şərhi). Iki məqalə, otuz üç təklif, otuz bir səhifədir.

Ikinci hissədə isə aşağıdakılar cəm edilmişdir:

  1. “Təhrir kitab mərifət məsahət əl-əşkal əl-bəsitə vəl-küriyyə li-Bəni Musa mühəmməd vəl-Həsən və Əhməd” (Bənu Musanın “Müstəvi və sferik fiqurların ölçülməsi” kitabının şərhi). On səkkiz təklif, iyirmi yeddi səhifədir.
  2. “Təhrir kitab əl-məfruzat li-Sabit ibn Qürra” (Sabit ibn Qürranın “Fərz edilmişlər” kitabının şərhi). Otuz üç, bəzi nüsxələrdə isə otuz dörd təklifdir. On dörd səhifədir.
  3. “Təhrir kitab məxuzat li-Arşimidis” (Arximedin “Lemmalar” kitabının şərhi). Tərcümə Sabit ibn Qürranın, təfsir isə Abul-Həsən Əli ibn Əhməd ən-Nəsəvinindir. On beş təklif, on yeddi səhifədir.
  4. “Təhrir kitab fi cirmay ən-nirəyn li-Aristərxis” (Aristarxın “Günəş və ay arasında məsafə haqqında” kitabının şərhi). On yeddi təklif, iyirmi bir səhifədir.
  5. “Təhrir kitab fil-kura vəl-ustuvana li-Arşimidis” (Arximedin “Kürə və silindir haqqında” kitabının şərhi). 134 səhifədir. 104 təklifdir.
  6. “Təhrir kitab fit-tülu vəl-ğürub li-Utuluqus” (Avtolikin “Günəşin doğması və batması” kitabının şərhi). Sabitin islahı ilə. İki məqalə. Otuz altı təklif, 28 səhifədir.
  7. “Təhrir kitab fil-mətali li-İsqalavis” (Qibsiklin “Günəşin çıxması” kitabının şərhi). Kindinin islahı ilə Qüsta ibn Luqa əl-Bəlbəkinin nəqlində. Üç məqalə, altı səhifədir.
  8. “Ər-risalət əş-şafiyə an əş-şəkki fil-xütut əl mütavaziyə” (Paralel düz xəttlərdə şəklərin müalicəsi traktatı). Tusinin özünə məxsusdur. Otuz təklif, qırx səhifədir..
  9. “Təhrir kitab Manalaüs fil-əşkal əl-kürriyyə” (Menelayın “Sferika” kitabının şərhdidir). Üç, bəzilərində isə iki məqalədir, 134 təklif, 148 səhifədir.

Davamı var…

[1] Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri (fars dilindən tərcümə). Bakı, Nurlan, 2002, 212 s.

[2] Мамедбейли Г.Д. Основатель Марагинской обсерватории Мухаммед Наси­реддин Туси. Изд. АН Азербайджанской ССР. Баку – 1961 г., 316 с.

[3] Матвиевская Г. П., Розенфельд Б.А. Математики и астрономы мусуль­ман­ско­го средневековья и их труды (8-17 вв.). Наука -1983, 651 с.

[4]Xəlilov A., Musayeva A. “Xacə Nəsirəddin Tusi. Bibli­o­qrafiya”. Bakı, XXI –Yeni Nəşrlər Evi – 2004, 168 səh.

[5] Стройк Д.Я. Краткий курс истории математики. Наука – 1969 г., 328 с.

[6] Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.

[7] Атаи А.А., Зейналов Р.А. Г.Дж. Мамедбейли – первый исследователь наследия Насиреддина Туси в Азербайджане. Материалы Международной конференции, посвященной 810-летию Мухаммеда Насиреддина Туси. Баку -2011, с. 38-49.

[8] Mühəmməd Təqi Müdərris Rəzəvi. əl-Əllamətü əl-Xacə Nəsir əd-Din ət-Tusi. Həyatühü və asarüh.( محمد تقى مدرس رضوي .العلامة الخواج نصير الدين الطوسى. حياته و آثاره.). Tehran, 1994, 449 s. 

[9] Матвиевская Г.П. Насир адДин ат-Туси и его математическое и астрономи­ческое наследие. Məhəmməd Nəsirəddin Tusinin 810 illiyinə Həsr edil­miş Beynəl­xalq konfransın Materialları. Bakı 2011, s. 223-228.

[10] Мат-ая Энцик­лопе­дия 1 (А-Г). Изд-во «Советская Энциклопедия», М. 1977.

[11] Tusi N. “Təcrid əl-məntiq” (ərəb dilndən tərcümə və şərhlər Məmmədov E.M.). Bakı, Araz -2012, 260 s.

[12] Əllamə Hilli. Əl-cövhər ən-nəzid fi şərh məntiq ət-təc­rid (Mücər­rəd məntiqin nizam­lanmış (sistematik) cövhəri). Qum – 2007, 480 səh.

Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.