Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusi (VIII hissə)


Nəsirəddin Tusinin bəzi elmi baxışları haqqında. Cisimlərin strukturu. Atomistik nəzəriyyənin inkarı. Bu məsələyə [13]-ün 2-ci bölməsinin 1-ci fəslində – elementar hissəciyin inkarına həsr edilmiş məsələdə baxılır. Tusinin dövründə cisimlərin nədən təşkil edilməsi haqqında aşağıdakı fikirlər mövcud idi:

– cisim bölünməz elementar hissəciklərdən təşkil edilmişdir. Bir qrup alim həmin hissəciklərin sonlu sayda, digər bir qrup isə onların sayının sonsuz olduğunu iddia edirdilər;

– cisimlər elementar hissəciklərdən təşkil edilməmişlər, hiss orqanlarının onları kəsilməz bitişik qəbul etdiyi kimidirlər. Bu fikrin tərəfdarları arasında bir qisim alim cisimlərin fiziki təsir altında yalnız sonlu tərtibə qədər – müəyyən bir ölçülərdən kiçik olmayaraq, digər bir qismi isə sonsuz kiçik tərtibə kimi bölünə bilməsini iddia edirdilər.

Tusi məhz sonuncu fikri müdafiə etmişdir.

İlk substansiyanın (həyyulənin) inkarı. Ibn Sina, əl-Ərəbi və s. kimi böyük mütəfəkkir alimlər ilk substansiyanın varlığını qübul edərək, cisimin təşəkkül tapmış (formalaşmış) substansiya olduğunu söyləyirdilər. N.Tusi bu müddəanı inkar edərək aşağıdakını söyləyir: “Bu heç də cisimdən fərqli olan maddənin varlığını tələb etmir. Əks halda, bu, sonsuz zəncirvari mülahizələrə və məhdud olmayan şeyin mövcud olmasına gətirib çıxarmış olardı” ([13], səh. 229).

Kainatın quruluşu. Sferalar (Fələklər). Tusinin kainatın quruluşu haqqında baxışları özünün əksər sələfləri, müasirləri və xələfləri kimi Ptolomeyin baxışlarının təsiri altında olmuşdur. Bu nəzəriyyəyə əsasən kainatın mərkəzində yer yerləşir və onu doqqquz sfera əhatə edir. Sferalardan yalnız bir hərəkət zahir olur. Sonuncu ən yüksək sfera ulduzsuzdur, Atlas adlanır. Ondan daha aşağıda olan növbəti sfera Sabitlər və ya Bürclər sferası adlanır. Sonra isə Zühəl (Saturn), Müştəri (Yupiter), Mərix (Mars), Şəms (Günəş), Zöhrə (Venera), Ütarid (Merkuri), Qəmər (Ay) sferaları yerləşir. Bu sferaların mərkəzləri ortaqdır, yəni konsentrikdir və yer hamısı üçün ortaq mərkəzdir. Hər bir sferanın qabarıqlığı və çöküklüyü var. Hər birinin qabarıqlığı əvvəlkinin çöküklüyünə daxil olur.

Davamı var…

[1] Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri (fars dilindən tərcümə). Bakı, Nurlan, 2002, 212 s.

[2] Мамедбейли Г.Д. Основатель Марагинской обсерватории Мухаммед Наси­реддин Туси. Изд. АН Азербайджанской ССР. Баку – 1961 г., 316 с.

[3] Матвиевская Г. П., Розенфельд Б.А. Математики и астрономы мусуль­ман­ско­го средневековья и их труды (8-17 вв.). Наука -1983, 651 с.

[4]Xəlilov A., Musayeva A. “Xacə Nəsirəddin Tusi. Bibli­o­qrafiya”. Bakı, XXI –Yeni Nəşrlər Evi – 2004, 168 səh.

[5] Стройк Д.Я. Краткий курс истории математики. Наука – 1969 г., 328 с.

[6] Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.

[7] Атаи А.А., Зейналов Р.А. Г.Дж. Мамедбейли – первый исследователь наследия Насиреддина Туси в Азербайджане. Материалы Международной конференции, посвященной 810-летию Мухаммеда Насиреддина Туси. Баку -2011, с. 38-49.

[8] Mühəmməd Təqi Müdərris Rəzəvi. əl-Əllamətü əl-Xacə Nəsir əd-Din ət-Tusi. Həyatühü və asarüh.( محمد تقى مدرس رضوي .العلامة الخواج نصير الدين الطوسى. حياته و آثاره.). Tehran, 1994, 449 s. 

[9] Матвиевская Г.П. Насир адДин ат-Туси и его математическое и астрономи­ческое наследие. Məhəmməd Nəsirəddin Tusinin 810 illiyinə Həsr edil­miş Beynəl­xalq konfransın Materialları. Bakı 2011, s. 223-228.

[10] Мат-ая Энцик­лопе­дия 1 (А-Г). Изд-во «Советская Энциклопедия», М. 1977.

[11] Tusi N. “Təcrid əl-məntiq” (ərəb dilndən tərcümə və şərhlər Məmmədov E.M.). Bakı, Araz -2012, 260 s.

[12] Əllamə Hilli. Əl-cövhər ən-nəzid fi şərh məntiq ət-təc­rid (Mücər­rəd məntiqin nizam­lanmış (sistematik) cövhəri). Qum – 2007, 480 səh.

[13] Əllamə Hilli. “Kəşf əl-murad fi şərh “Təcrid əl-etiqad”” (العلامة الحلّى. كشف المراد في شرح تجريد الاعتقاد). Qum – 2006, 480 s.

Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər