Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan Təhsili Xalq Cümhuriyyəti illərində


Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş professor-müəllim heyətinin, doktorantların və gənc tədqiqatçıların beynəlxalq elmi konfransı keçirilib.

Konfransda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Azərbaycan Təhsili Xalq Cümhuriyyəti illərində” adlı məruzə ilə çıxış edib.

Hörmətli konfrans iştirakçıları!

Əvvala Sizin hər birinizi salamlayıram və məni bu konfransa dəvət etdiyinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, hörmətli Gülçöhrə xanıma minnətdarlığımı bildirirəm. Sizə məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti çox hörmətli cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci il ölkəmizdə “Xalq Cümhuriyyəti ili” elan olunub. Bu gün mənim danışacağım mövzu Xalq Cümhuriyyəti illərində Azərbaycan Təhsili ilə əlaqədardır.

Düşünürəm ki, hər hansı bir məsələ ilə bağlı belə bir mötəbər məclisdə məruzə edərkən, ilk növbədə həmin dövrün ictimai-siyasi vəziyyəti ilə qısa da olsa tanış olmaq lazımdır.

Bildiyiniz kimi 28 iyul 1914-cü ildə başlamış Birinci Dünya Müharibəsi 11 noyabr 1918-ci ilə qədər davam etmişdi. Yəni Xalq Cümhuriyyəti yaradılanda Birinci Dünya Müharibəsi hələ davam edirdi. Bu müharibədə dünyanın iki güc mərkəzi bir-birinə qarşı vuruşurdu

Bununla yanaşı Fevral Burjua inqilabı nəticəsində çar mütləqiyyəti 1917-ci ilin fevralında tarix səhnəsindən çəkildi. Hakimiyyət Müvəqqəti hökumətə keçdi. Həmin hökumət Qafqaz canişinliyini ləğv etdi və Zaqafqaziyanı idarə etmək üçün, 1917-ci ilin martında  Rusiya Dövlət Dumasının Cənubi Qafqazdan olan deputatlarından ibarət, özünə tabe olan Özəl Zaqafqaziya Komitəsi (“OZaKom”) təşkil etdi.

Yeddi aydan sonra, 1917-ci ilin oktyabrında bolşeviklər Petroqradda hakimiyyəti ələ keçirdilər, ancaq Zaqafqaziya komitəsi bu hakimiyyəti tanımadı.

Bir aydan sonra,15 noyabr 1917-ci ildə bölgənin aparıcı millətləri olan türk, gürcü və erməni nümayəndələri “Zaqafqaziya Komissarlığı” adlı yerli hökumət qurdu.

Zaqafqaziya Komissarlığının 18 noyabr 1917-ci il bəyannaməsində göstərilirdi ki, o “yalnız Ümumrusiya Müəssislər Məclisinin çağırılmasınadək” fəaliyyət göstərəcək.

1918-ci il yanvarın başlanğıcında Osmanlı Ordusu Baş komandanının müavini Ənvər paşa Zaqafqaziya Komissarlığına müraciətlə sülh bağlamağı təkilf etsə də Komissarlıq bunun üçün Rusiya Müəssislər Məclisindən səlahiyyət almalı olduğunu bildirdi. Müəssislər Məclisi isə 5 yanvar 1918-ci ildə Moskvada çağırıldı. Əksəriyyəti menşevik və eser olan deputatlar Sovet hakimiyyətini və II Ümumrusiya Sovetlər qurultayının dekretlərini tanımaqdan imtina etdilər. Leninin başçılıq etdiyi bolşeviklər də elə həmin gün Müəssislər Məclisini qovdular.

Bolşevik çevrilişindən sonra Rusiya müharibədən çəkildi. Rus ordusunun cəbhədən geri dönməsi ilə bütün Zaqafqaziyada olduğu kimi Azərbaycanda da dəhşətli anarxiya hökm sürdü, milli və hərbi zəmində ciddi toqquşmalar baş verdi.

1918-ci ilin Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur və İrəvan qırğınlarını da yada salsaq, Xalq Cümhuriyyətinin hansı şəraitdə qurulduğunu təsəvvür etmək çətin olmaz.

Zaqafqaziya Komissarlığı 12 yanvar 1918-ci ildə diyarda siyasi vəziyyət haqqında məsələni müzakirə edərək Zaqafqaziyanın qanunverici orqanı olan Zaqafqaziya Seyminin çağırılması haqqında qərar qəbul etdi. Tiflisdə ilk iclası 10  fevral 1918-ci ildə, sonuncu  iclası 20 may 1918-ci ildə keçirilmiş Zaqafqaziya Seymi qanunverici dövlət hakimiyyəti orqanı idi. O, Ümumrusiya Müəssislər Məclisinə Zaqafqaziyadan seçilmiş deputatlardan və Zaqafqaziyanın siyasi partiyalarının nümayəndələrindən təşkil edilmişdi.

Seymin mövcud olduğu üç aylıq qısa müddətdə onun qarşısında duran ən önəmli məsələlərdən biri Osmanlı dövləti ilə münasibətləri qaydaya salmaq oldu. Trabzon və Batum konfranslarında bu problemin həll edilməməsi yalnız Seymin özünün deyil, bütövlükdə Zaqafqaziya hakimiyyətinin də acı taleyini müəyyənləşdirdi. Bəzi dövlətlərin təhriki ilə Osmanlı dövləti ilə 8 günlük müharibəyə girişməsi isə onun məhvini sürətləndirdi. Hər yerdən əli üzülmüş Seym 9 aprel 1918-ci ildə Zaqafqaziyanın Rusiyadan ayrılaraq müstəqil Zaqafqaziya Demokratik Federativ Cümhuriyyəti dövlətinin yaradılmasını elan etmək zorunda qaldı. Bundan sonra da Osmanlı dövləti ilə ümumi dil tapa bilməyən Gürcüstan 26 mayda öz müstəqilliyini elan etdi və bu hərəkəti ilə, yalnız 34 gün yaşaya bilmiş müstəqil Zaqafqaziya Demokratik Federativ Cümhuriyyətini və Zaqafqaziya Seymini də parçalayaraq dağıtdı. 26 may günü Seym son toplantısını keçirərək özünü buraxdı.

Zaqafqaziya Seymi tarixə qovuşsa da onun 44 nəfərlik Müsəlman fraksiyası 27 may 1918-ci ildə Azərbaycan Milli Şurası şəklində tamamilə yeni və şərəfli bir tarixin başlanğıcını qoydu.

Mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin sarayında Həsən bəy Ağayevin sədrliyi altında Azərbaycan Milli Şurasının növbəti iclası keçirildi.

Həsən bəy Azərbaycanın müstəqil bir dövlət olması məsələsini səsə qoyur. Yekunda sədr Həsən bəy Ağayev üzvlərə müraciətlə deyir: “Bu saatda, yəni 1918-ci il, 28 may, saat 9-a 10 dəqiqə işləmiş Azərbaycanın İstiqlaliyyəti Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmişdir”.

Beləliklə, Azərbaycan Milli Şurası Azərbaycanın İstiqlal Bəyannaməsini  qəbul etdi. Milli Şura tərəfindən yaradılmış ilk hökümət Fətəli xan Xoyskinin rəhbərliyi ilə 1918-ci il iyun ayının 13-nə qədər, yəni cəmi 15 gün Tiflisdə fəaliyyət göstərdi.

Həmin dövrdə Milli Şura və hökümət yaxşı başa düşürdü ki, Cənubi Qafqazda cərəyan edən hadisələrin başında Osmanlı dövləti durur. Batumda Türkiyə, Azərbaycan, Ermənista və Gürcüstan arasında Cənubi Qafqazın gələcək taleyini müyyən edən danışıqlar davam edirdi, həmin danışıqlar nəticəsində imzalanan sazişin dördüncü maddəsində deyilirdi ki, “Osmanlı dövləti ehtiyac yaranarsa, Azərbaycana hərbi yardım göstərməyi öz üzərinə götürür”.

Bu zaman Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin daşnaq-bolşevik ordusu Gəncə üzərinə hücuma başlamışdı. Həmin günlərdə Azərbaycan Nümayəndə heyyətinin rəhbərləri Rəsulzadə və Hacınski Batumda danışıqları davam etdirirdilər. Onlar vəziyyətin gərginliyini nəzərə alıb yuxarıda qeyd olunan dördüncü bəndə əsasən Osmanlı dövlətinə müraciət etdilər. Müraciət dərhal qəbul olundu və  Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam ordusu Gəncə istiqamətində hərəkətə başladı.

 1918-ci il iyunun 16-da Xalq Cümhuriyyətinin Milli Şurası və höküməti Tiflisdən Gəncəyə köçdü.

Həmin dövrdə Bakı Soveti qüvvələri  Bakıdan Gəncə istiqamətində hücumu davam etdirirdi. Bu hücumda iştirak edın zabit və əsgərlərin əksəriyyəti ermənilər idi. Lakin Nuru Paşanın rəhbərliyi ilə Gəncədən Bakıya doğru istiqamətlənmiş Qafqaz İslam ordusu böyük şücaət göstərərək bu hücumun qarşısını aldı və 1918-ci il sentyabrın 15-də Bakını azad etdi. Bir faktıda qeyd edim ki, həmin tarixi gündə Qafqaz İslam Ordusunun rəhbərləri Nuru Paşa, Xəlil Paşa, Mürsəl Paşa və başqaları Hacı Zenalabdin Tağıyevin dəvəti ilə onun evində qonaq oldular. Tağıyev öz iki mərtəbəli mülkünü Bakını azad etmiş qoşun komandanlığının istifadəsinə verdi.

Həmin gündən Bakı Azərbaycanın paytaxtı elan olundu.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təhsili dövlət quruculuğunun təməl prinsiplərindən biri hesab edərək, xalq maarifinin məzmun və struktur cəhətdən müstəqil dövlətçilik ənənələrinə uyğun yenidən qurulmasını milli hökumətin əsas vəzifələrindən biri kimi bəyan etdi.

Təhsilə belə münasibətin nəticəsi idi ki, hələ Tiflisdə yaranan ilk nazirlik Xalq Maarif Nazirliyi idi. Nazirlik yarandığı ilk gündən təhsil müəssisələrinin milliləşdirilməsi məsələsini ön plana çəkdi, ümumi icbari təhsil layihələri hazırladı, kəndlərdə, şəhərlərdə yeni məktəblər açmağa qərar verdi.

Ölkədə fəaliyyət göstərən bütün maarif ocaqları, məktəblər onun tabeliyinə verildi. Az keçmədi ki, hökumətin qərarı ilə Azərbaycanda həmin Nazirliyin tabeliyində əvvəlkilər saxlanılmaqla, 10 bölgədə yeni xalq məktəbləri müfəttişliyi yaradıldı və regionlardakı təhsil müəssisələrinin fəaliyyətinə nəzarət onlara tapşırıldı.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə formalaşan ikinci kabinetinin Azərbaycan xalqına ünvanlanmış 17 iyun 1918-ci il tarixli müraciətində deyilirdi ki, hökumətin yaxın dövrdə həyata keçirəcəyi tədbirlərdən biri də təhsil müəssisələrinin milliləşdirilməsi, maarif ocaqlarında tədrisin ana dilində aparılması, anadilli məktəblər şəbəkəsinin genişləndirilməsi olacaqdır. Eyni zamanda müraciətdə o da xüsusi vurğulanırdı ki, təhsildə milliləşmə prosesi tədrici yolla, mərhələlərlə həyata keçiriləcəkdir. Hökumət öz fəaliyyətinin Gəncə dövründə “Türk dilinin dövlət dili elan edilməsi haqqında” 27 iyun 1918-ci il tarixli qərar qəbul etdi. Fətəli xan Xoyskinin Baş nazir kimi imzaladığı həmin qərarla Azərbaycan türkcəsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili elan edildi, bütün dövlət orqanları, məhkəmə, təhsil müəssisələri və digər inzibati qurumlarda bu dildən istifadə olunması tələb edildi. Bu qərar məktəb və bütövlükdə maarif sahəsində milliləşmə prosesinin bir növ başlanğıcı oldu. İstər Azərbaycan türkcəsinin dövlət dili elan olunması, istərsə də təhsil sisteminin, məktəb və maarif ocaqlarının milliləşdirilməsi ideyası təsadüfi deyildi. Nəzərə alınsa ki, bu proses Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən ağır, əslində “olum, ya ölüm” dilemması qarşısında qaldığı bir tarixi şəraitdə, ölkənin paytaxtı Bakı uğrunda ölüm-dirim müharibəsi getdiyi bir zamanda həyata keçirilməyə başlamışdı, onda Milli hökumətin həmin tədbirlərə nə qədər böyük əhəmiyyət verdiyini başa düşmək olar.

Hökumətinin  təhsil sahəsində apardığı siyasətin reallaşdırdığı təxirəsalınmaz tədbirlərin və keçirilməsi nəzərdə tutulan islahatların əsas istiqamətləri aşağıdakılardan ibarət idi:

– Azərbaycanda fəaliyyət göstərən təhsil ocaqlarının qısa müddətdə istisnasız olaraq milliləşdirilməsi;

– Ölkədə tədrisin, əsasən, dövlət dilində – Azərbaycan türkcəsində aparılmasına nail olunması; təlim müvəqqəti olaraq başqa dillərdə aparılan məktəblərdə dövlət dilinin məcburi və intensiv şəkildə tədrisinin təmin edilməsi;

– tezliklə hamılıqla ümumi icbari təhsilə keçilməsi;

– təhsil sahəsində islahatlar aparmaq üçün xüsusi hökumət komissiyasının, o cümlədən təhsilin məzmunu, proqram və dərsliklərin hazırlanması üzrə komissiyaların təsis edilməsi;

– milli məktəbin tərəqqisini təmin etmək məqsədilə milli müəllim kadrlarının yetişdirilməsi üçün yeni darülmüəlliminlərin və darülmüəllimatların  yaradılması; bununla yanaşı, ilkin olaraq müəllim hazırlayan qısamüddətli pedaqoji kursların açılması; ilkin zəruri ehtiyacı ödəmək üçün Türkiyədən müəllimlərin dəvət olunması və dərsliklərin gətirilməsi;

– təhsilin məzmunu sahəsində islahatların aparılması, yeni proqram və dərsliklərin hazırlanması və nəşri, təhsilin məzmununda milli-mənəvi dəyərlərə – türkçülük azərbaycançılıq, islamçılıq və avropaçılıq dəyərlərinə üstünlük verilməsi;

– ölkənin idarə olunması və iqtisadi müstəqilliyin təmin olunması üçün milli mütəxəssislərin hazırlanması; bu məqsədlə: ölkədə ali və orta ixtisas təhsili məktəbləri şəbəkəsinin qurulması və xarici ölkələrdəki tanınmış ali məktəblərdə azərbaycanlı gənclərin təhsil almalarına şərait yaradılması;

– ölkənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ədəbiyyatını öyrənmək üçün elmi müəssisələrin, elmi cəmiyyətlərin, universitetlərin təsis olunması;

 – sənət, texniki-peşə məktəbləri, ümumi təhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi; internat tipli məktəblərin, məktəbəqədər tərbiyə müəssisələrinin dövlət himayəsinə keçirilməsi;

– ölkənin hərbi potensialını formalaşdırmaq, müdafiə qüdrətini möhkəmləndirmək məqsədilə milli hərbi mütəxəssislər hazırlayan hərbi təhsil ocaqlarının geniş şəbəkəsinin yaradılması;

– ölkə büdcəsində təhsilə ayrılan xərclərin  mərhələlərlə intensiv olaraq artırılması;

-ana dilində təhsilin inkişafi, əhali arasında savadsızlığın aradan qaldırılması və Azərbaycanın Avropaya mədəni inteqrasiyası məqsədilə əlifba islahatının aparılması, latın əlifbasına keçilməsi ilə bağlı hökümət komissiyasının yaradılması, ilkin layihənin Parlamentdə müzakirəsi və digər müvafiq təşkilati məsələlərin həlli.

 Hökumətinin təhsil sahəsində apardığı quruculuq işləri, təxirəsalınmaz tədbirlər qısa bir vaxt ərzində öz nəticəsini verdi. 1919-cu ilin əvvəllərində respublika ərazisində 23 dövlət orta təhsil müəssisəsi var idi ki, onlardan da altısı kişi, dördü qadın gimnaziyası, beşi realnı məktəb, üçü müəllimlər seminariyası, üçü “Müqəddəs Nina” qız məktəbi, biri politexnik və biri kommersiya məktəbi idi. Həmin dövrdə Azərbaycan ərazisində 637 ibtidai məktəb fəaliyyət göstərirdi.

Petroqradda fizika-riyaziyyat fakültəsinə qurtarmış Səlimə xanım Yaqubova I Milli Qadın Gimnaziyasına, Müslüm Maqomayev I Bakı qarışıq ibtidai ali məktəbinə, Rəşid bəy Əfəndiyev isə Bakı Kişi Müəllim Seminariyasına müdir təyin olundu. Milli kadrların bu təyinatı tezkilə müsbət nəticəsini verdi. Səlimə xanım Yaqubova I Milli Qadın Gimnaziyasına müdir təyin edildikdən sonra, müəllim heyətinin tərkibində dəyişiklik aparmağa başladı. Məktəbin inspektoru vəzifəsinə Azərbaycanın maarifpərvər qadını Xədicə xanım Ağayevanı təyin etdi. Qısa bir vaxtda məktəbin 57 qeyri-azərbaycanlı müəllimindən 14-nü azərbaycanlı ilə əvəz etdi. Səlimə xanım Yaqubova savadlı müsəlman qadınlarını işə cəlb etməklə məktəbin rolunu və nüfuzunu yüksəltdi. Rəşid bəy Əfəndiyev də rəhbərlik etdiyi seminariyada 24 qeyri-azərbaycanlı müəllimin 17-ni azərbaycanlı ilə əvəz etdi. O, Hüsen Cavid, Əzim Əzimzadə, Rza Təhmasib kimi milli ruhlu müəllimləri seminariyaya işə dəvət etdi. Müslüm Maqomayev isə qeyri-azərbaycanlı müəllimdən 4-nü azərbaycanlı ilə əvəz etdi. Onların içərisində Əli Terequlov, Molla Qafar, Pənah Qasımov kimi xalq müəllimləri var idi..

Azərbaycan Xalq Cümhuriyyətinə qədər Azərbaycanda ana dilində orta məktəb yox idi. Hətta ana dili o dövrün orta təhsil ocağı sayılan realnı məktəblərdə həftədə bir-iki saat keçilən, məcburi olmayan fənn hesab olunurdu. Bunun aradan qaldırılmasını vacib hesab edən hökumət, 28 avqust 1918-ci il tarixli qərarı ilə bütün məktəblərdə təlimin Azərbaycan dilində aparılmasını qanuniləşdirdi. Bu işdə maarifpərvər ziyalı Abdulla Şaiqin böyük xidmətləri olub.

Ölkədə təhsilin milliləşdirilməsi, məktəb islahatı uğurla həyata keçirilsə də, bu prosesi ləngidən bir çox amillər var idi. Həmin amillərdən ən başlıcası, əvvəlki illərdə də olduğu kimi peşəkar müəllim kadrlarının azlığı idi. Buna görə də müəllim hazırlığı məsələsi ilk gündən milli hökumətin fəaliyyətində əsas yerlərdən birini tuturdu. Bu məsələnin tezliklə həlli üçün hökumət bir neçə istiqamətdə (yeni müəllimlər seminariyaları yaratmaq, müəllimlər üçün hazırlıq kursları təşkil etmək, Türkiyədən müəllimlər dəvət etmək) iş aparırdı.

Türkiyədən dəvət olunmuş 50 nəfər müəllim respublikada xalq maarifinin yenidən təşkilində səylə çalışır, dərsliklər, tədris vəsaitləri hazırlayır, milliləşdirilmiş məktəblərdə dərs deyirdilər. Yerlərdə ziyalılar bu təşəbbüsü dəstəkləyir, onun həyata keçirilməsi üçün əllərindən gələni əsirgəmirdilər.

Qısa bir vaxtda Bakı politexnik, kommersiya məktəbləri istisna edilməklə bütün orta təhsil müəssisələri, o cümlədən kişi və qadın gimnaziyaları milliləşdirilmişdi.

Təhsil müəssisələrinin milliləşdirilməsi, ibtidai, ali ibtidai və orta təhsil müəssisələrində tədrisin dövlət dilində aparılmasına keçid prosesi problemlərsiz ötüşmədi. Çox keçmədən məlum oldu ki, ümumtəhsil müəssisələrinin milliləşdirilməsi nəticəsində çoxlu sayda uşaq təhsildən kənara qalır. Bu reallığı görən Azərbaycan hökuməti vəziyyətdən çıxmaq üçün 28 avqust 1918-ci il tarixli qərarında dəyişiklik etməyə məcbur oldu. 2 ay yarımdan sonra verilmiş 13 noyabr 1918-ci il tarixli qərarda müəyyən edildi ki, bir orta təhsil müəssisəsi olan şəhər və yaşayış məntəqəsində Xalq Maarif Nazirliyinin xüsusi razılığı ilə məktəblərin yuxarı hazırlıq siniflərindən başlayaraq paralel olaraq rus bölmələrinin açılmasına icazə verilir.

Qeyd etmək lazımdır ki, ümumi təhsil müəssisələrinin milliləşdirilməsi ilə bağlı verilən bu qərarlar müəyyən çatışmazlıqlarına baxmayaraq, Azərbaycan təhsil tarixində müstəsna rolu olan addım idi. Məhz bu qərarlarla Azərbaycanda ümumi orta təhsil müəssisələrində təlimin ana dilində aparılmasına dair milli maarifçilərin uzun illər arzusunda olduqları ideya gerçəkləşdi. Azərbaycan dili dövlət dili statusu qazandı, ana dilimiz ölkəmizin əsas təlim-tərbiyə, təhsil dilinə çevrildi. .

1919-cu ildə respublikada 15 milliləşdirilmiş ali ibtidai məktəb var idi ki, onlar  Bakı, Göyçay, Quba, Qusar, Salyan, Lənkəran, Şamaxı, Göytəpə, Gəncə, Gorus, Ağdaş, Şuşa, Şəki, Qazax və Zaqatalada yerləşirdi. Nazirlik daha 2 ali ibtidai məktəbin açılması haqqında məsələ qaldırmışdı. Ali ibtidai məktəblərlə yanaşı, Şuşa və Zaqatalada qadın gimnaziyaları, Gəncə, Zaqatala və Şəkidə sənət məktəbləri var idi.

İbtidai məktəbləri bitirən şagirdlər orta məktəblərə, sonra isə təhsil müddəti dörd il olan ali ibtidai məktəblərə qəbul olunurdular.

Məktəb islahatı sahəsində məsələləri ətraflı müzakirə etmək, müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək üçün Azərbaycan hökuməti Azərbaycan müəllimlərinin növbəti qurultayını çağırmaq barədə qərar qəbul etdi. Azərbaycan müəllimlərinin sayca 3-cü olan həmin qurultayı 1919-cu il avqustun 20-də saat 11-də Bakı I realnı məktəbinin (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) akt zalında öz işinə başladı. Qurultayda Azərbaycanın bütün bölglərini və tədris müəssisələrini təmsil edən nümayəndələr iştirak edirdilər. Qurultayı Azərbaycan Türk Müəllimləri İttifaqının sədri Ağabəy İsrafilbəyov açmış, qurultayda Xalq Maarif  Nazirliyi adından nazir müavini Həmid bəy Şahtaxtinski böyük nitq söyləmişdi. Qurultayın Xalq Maarif Nazirliyinə təqdim etdiyi təkliflər əsasında bütövlükdə məktəb islahatı və xüsusi olaraq təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərslik islahatı üzrə müvafiq proqram hazırlamaq məqsədilə hökumət komissiyası yaradıldı. 1919-cu il noyabrın 7-də Xalq Maarif Nazirliyi yanında yaradılan hökumət islahat komissiyasına Xalq Maarif nazirinin müavini Həmid bəy Şahtaxtinski (sədr), Nurməhəmməd bəy Şahsuvarov, Azad bəy Əmirov, Fətulla bəy Rzabəyov, Sultan Məcid Qənizadə, Abdulla bəy Əfəndiyev, Səlimə xanım Yaqubova, Sara xanım Xuramoviç, Əhməd bəy Pepinov, Xədicə xanım Ağayeva, Məhəmməd ağa Şahtaxtinski, Cabbar bəy Orucəliyev və Saleh bəy Vəkilov daxil idi.

Hökumət bu komissiya qarşısında növbəti dərs ilinin əvvəlinə kimi məktəb islahatı, o cümlədən təhsilin məzmunu ilə bağlı məsələlərin həlli üzrə hökumət proqramını hazırlamaq missiyası qoymuşdu. Təəssüf ki, komissiya öz işini başa çatdırana kimi milli hökumət devrildi. Amma hökumət devrilənə qədər komissiya həmin məsələlər üzrə müəyyən işlər görə bildi. Belə ki, bu komissiyanın təşəbbüsü və rəhbərliyi ilə müəllim seminariyaları, xalq maarif inspektorları, ali, ibtidai məktəb müdirlərinin 1919-cu ilin dekabrında Bakıda keçirilmiş 15 günlük müşavirəsində ümumtəhsil müəssisələrində istifadə olunan dərsliklər məsələsi geniş müzakirə edilərək müəyyən təkliflər hazırlandı.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil müəssisələrinin milliləşdirilməsi sahəsində ilk tədbirlərdən biri, heç şübhəsiz, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Azərbaycana köçürülməsi haqqında 22 iyun 1918-ci il tarixli qərarı oldu. Milli hökumət bu məqsədlə xəzinədarlığından maliyyə vəsaiti ayırdı və Gürcüstan hökuməti ilə əvvəlcədən razılığa gəldi. Hökumət seminariyanın bəzi maliyyə xərclərini öz öhdəsinə götürmüş qazaxlıların xahişini nəzərə alaraq 10 iyul 1918-ci il tarixli iclasında məsələni onların xeyrinə həll etdi. Qori şəhərində seminariyanın Azərbaycan şöbəsinin əmlakını yığıb Azərbaycana gətirmək barədə bu şöbənin sonuncu inspektoru Firidun bəy Köçərliyə göstəriş və səlahiyyət verdi. Firidun bəy Köçərli seminariyanı Qazağa köçürdü. Bu qərarı ilə hökumət təhsil müəssisəsinin əvvəlki mühitə yaxın olmasını nəzərə alaraq onu əvvəlki yerindən çox uzaqlaşdırmamağa çalışmışdı. İkinci tərəfdən Qazaxda o zaman Qori seminariyasının ən nüfuzlu məzunları: Əhməd ağa Mustafayev, Haley bəy Şıxlinski, Süleyman Qayıbov, Yusif Əfəndiyev, Əhməd ağa Gülməmmədov, Alyoşa Mustafayev, Əhməd Seyidov, Osman Şıxlinski, Səlim Əfəndiyev, Yusif Qasımov, Əli Hüseynov, İbrahim Qayıbov və bir çox başqaları işləyirdilər Dövrünün tanınmış maarifçi-xeyriyyəçisi, mütaliəni sevən ziyalılarından biri, Qazağın məşhur Vəkiloğluları nəslindən olan Məşədi İbrahim ağa Kosalı özünün mülkünü tədris binası kimi seminariyaya hədiyyə etdi.

Nəhayət, Qazax seminariyası 1918-ci il noyabrın 10-da təntənəli şəkildə açıldı. Firidun bəy Köçərlinin sədrliyi ilə seminariyanın təntənəli açılışında o zaman Qazaxda yerləşən türk ordusunun komendantı Sədri bəy, türk qarnizon rəisi Camal bəy, Qazax qarnizonunun rəisi Haley bəy Şıxlinski, xalq məktəbləri inspektoru Nəsib bəy Qiyasbəyov, ali məktəblər inspektoru Əhməd ağa Mustafayev, yerli hökumətin məmurları, şəhər adamları və seminariyaya daxil olacaq ilk şagirdlərin valideynləri iştirak edirdilər.

Beləliklə, Qazax Müəllimlər Seminariyası fəaliyyətə başladı. Firidun bəy Köçərliyə Qazaxda olan Türk ordusunun qarnizon rəisi də yaxından kömək edirdi.

Firidun bəy Köçərli Qazaxda yaranacaq yeni seminariyanın işini düzgün qurmaq üçün onunla bərabər Qoridən gəlmiş İbrahim Qayıbov, Mirzə Vəliyev və Mustafa Məmmədov kimi müəllimləri, o zaman Qazaxda fəaliyyət göstərən Əli Hüseynov, Əhməd ağa Mustafayev, Yusif Qasımov, İsfəndiyar Vəkilov, Məiş Hüseynov kimi Qori seminariyasını qurtarmış xalq müəllimlərinin ən qabaqcıl nümayəndələrini seminariyaya dəvət etdi. Firidun bəy Köçərli Qazaxda qısa müddət ərzində seminariyanı elə şöhrətləndirdi ki, onun sədası respublikanın hər yerindən gəldi. Qazax seminariyası bütün fəaliyyəti ərzində Qori seminariyasının ənənələrnə sadiq qalmış orada təlim və tərbiyə sahəsində tətbiq edilən bütün mütərəqqi cəhətləri davam etdirmişdir.

Ölkənin idarə olunmasını təmin edəcək ali təhsilli mütəxəssislərin hazırlanması Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən çox əhəmiyyət verdiyi sahələrdən biri idi. Bu vəzifənin icra edilməsi istiqamətlərindən biri azərbaycanlı gənclərin dövlət hesabına xarici ölkələrin tanınmış ali məktəblərinə təhsil almağa göndərilməsi idi. Elə o vaxtdan təhsil tariximizdə azərbaycanlıların xaricdə dövlət səviyyəsində təhsil almasının təməli qoyuldu.

Bu məqsədlə Azərbaycan Parlamenti xüsusi komissiya təşkil etmişdi. Komissiyanın gərgin əməyi və ciddi axtarışları ilə xaricə ali təhsil almağa göndəriləcək 100 tələbə seçildi, 10 nəfərin İngiltərəyə, 23 nəfərin İtaliyaya, 45 nəfərin Fransaya, 9 nəfərin Türkiyəyə, 13 nəfərin Rusiyaya göndərilməsi qərara alınmışdı. Seçilən tələbələr 1920-ci ilin soyuq yanvar günündə Parlament və hökumət üzvlərinin, tanınmış iş adamlarının din xadimlərinin, ictimaiyyətin iştirakı ilə təntənəli şəkildə yola salındı. Lakin qürbət ellərə yola düşən gənclərin heç də hamısı nəzərdə tutulduğu kimi təhsil ala bilmədi. Çünki İngiltərə azərbaycanlı tələbələri qəbul etmədi. İtaliyada təhsil alması nəzərdə tutulan 23 nəfərdən yalnız 6 nəfəri həmin ölkədə qaldı. Fransada təhsil almalı olan 45 nəfərin hamısı orada yerləşə bilmədi. Parlament komissiyası ölkələrin siyahısını tərtib edərkən Almaniyanı bu siyahıya salmamışdı. Amma yuxarıda adları çəkilən ölkələrdən fərqli olaraq məhz Almaniya tələbələrimizin yaşaması və təhsil alması üçün ən münasib ölkə oldu. Azərbaycanlı tələbələrin çoxu Almaniyanın ali təhsil müəssisələrinə qəbul edildilər.

Sovet Rusiyasının hərbi təcavüzü ilə törədilən 1920-ci ilin 27 aprel çevrilişindən sonra qurulan Azərbaycan Sovet hökumətinin ilk illərində xaricə göndərilən azərbaycanlı gənclərin təhsili barədə xalq komissarları sovetinin sədri Nəriman Nərimanov tərəfindən “Xaricə oxumağa göndərilən azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqında” xüsusi dekret imzalanmış, ilk vaxtlar onların ali təhsili başa vurmalarına şərait yaradılsa da, bu iş sonadək davam etmədi. Bu səbəbdən də onların bəziləri öz təhsillərini yarımçıq qoyub Azərbaycana qayıtdı, bəziləri getdikləri ölkələrdə başqa sahələrdə işləməyə başladılar. Repressiya qurbanı olanlar, xaricdə yoxsulluq ucbatından dünyasını dəyişənlər də oldu. Bolşevik hökumətinin məsuliyyətsizliyi üzündən min bir arzu ilə yaşayan bu cavanların ümidləri puç oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 2 ilə yaxın dövr ərzində bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, xalq maarifinin yenidən təşkili sahəsində xeyli iş görüldü. Hökuməti Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji və Dövlət Konservatoriyasının açılması üçün müəyyən təşkilati işlər aparsa da, o dövrdə yaranmış tarixi-siyasi şərait yalnız Bakı Dövlət Universitetini təsis etməyə imkan verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər