Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusi (IX hissə)


Dörd əsas ünsür haqqında. NəsirəddinTusi də əksər qədim alimlər və özünün müasirləri kimi dörd əsas ünsür – od, hava, su və torpağın varlığını qəbul edir: “Bəsit ünsürlərə gəldikdə isə onların sayı dörddür: od, hava, su, torpaq kürələri” ([13], səh.241).

Bu kürələr sadalanan ardıcıllıqla, biri digərinin üzərində yerləşir. Çünki, od havadan, hava sudan, su torpaqdan daha istidir. Torpaq ən soyuq olduğu üçün o mərkəzdə durmalıdır. Digər tərəfdən, yer kürə şəklində olduğu üçün, digərləri onu ardıcıl olaraq əhatə edərək, kürə şəklində olmalıdır. Yerin kürə şəklində olmasına sübut olaraq aşağıdakıları misal göstərmək olar:

– müəyyən bir şəhərdə ayın tutulması baş versə də, bəzi digər şəhərlərdə həmin vaxtda ayın tutulması baş vermir;

– yerin şimal və cənub yarımkürələrində qütblərə sarı getdikcə paralellər qısalır. Günün ortasında eyni bir cismin kölgəsinin uzunluğu qütblərə sarı artır.

Bu ünsürlərdən hər biri, bəzən heç bir aralıq hal olmadan, bəzən isə aralıq hal vasitəsilə digərinə çevrilə bilər. Belə ki, odun suya çevrilməsi üçün aralıq hal olaraq onun əvvəlcə havaya çevrilməsi lazımdır. Od təbiəti etibarı ilə isti, quru, şəffaf və hərəkətlidir. Hava isti, rütubətli, şəffafdır. Su təbiəti etibarı ilə soyuq, rütubətli və şəffafdır.

Məkan və fəza haqqında. N.Tusinin fikrincə, hər bir cismin məkana ehtiyacı var. Belə ki, cismin bütün məkanlardan təcrid edilmiş şəkildə mövcud olması qəbuledilməzdir. Onun təbii olması da labüddür. Belə ki, cisim kənar şeylərdən təcrid edilmiş olduqda, xarici təsirlərə məruz qalmadıqda o, ya mövcud olan imkanlardan müəyyən bir uyğun məkanı tutmalıdır, ya da hər yeri tut¬malıdır. İkinci hal mümkün deyil. Beləliklə, hər bir cisim yalnız müəyyən bir his¬səni tutmalıdır. Bu da cisim üçün təbii məkandır. Cisim bu məkandan çıxarılarsa, ən qısa və təbii üsulla öz məkanına qayıtmalıdır. Məkanın mahiyyətinə gəldikdə isə, bu məsələyə “Kəşf əl-murad fi şərh “təcrid əl-etiqad” ” əsərinin ikinci bölməsinin birinci fəslinin doqquzuncu sualında baxılır. N.Tusinin dövründə məsələyə iki baxış olmuşdur:

– birincisi Platon və onun da¬vam¬çılarına aiddir: məkan – yerləşilənin tutumuna bərabər olan tutumdur;

– ikincisi isə Aristotel və İbn Sinaya aid edilir: məkan universal əhatəedici cismin əhatə edilənin zahiri səthi ilə təmas edən batini (görünməz) səthidir.

N.Tusi birinci baxışı əsas götürür: “İlk olaraq ağlabatan (məkanın) tutum (həcm) olmasıdır ki, digər işlər bu (fikri) möhkəmləndirir” ([13], səh.232).

Fəzanın xassələrinə və onun strukturuna gəldikdə isə, məsələyə onuncu sualda baxılır. Buradan aydın olur ki, N.Tusinin nəzərində fəza izotropdur. Yəni, bütün istiqamətlərdə eyni xassələrə malikdir.

Davamı var…

[1] Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri (fars dilindən tərcümə). Bakı, Nurlan, 2002, 212 s.

[2] Мамедбейли Г.Д. Основатель Марагинской обсерватории Мухаммед Наси­реддин Туси. Изд. АН Азербайджанской ССР. Баку – 1961 г., 316 с.

[3] Матвиевская Г. П., Розенфельд Б.А. Математики и астрономы мусуль­ман­ско­го средневековья и их труды (8-17 вв.). Наука -1983, 651 с.

[4]Xəlilov A., Musayeva A. “Xacə Nəsirəddin Tusi. Bibli­o­qrafiya”. Bakı, XXI –Yeni Nəşrlər Evi – 2004, 168 səh.

[5] Стройк Д.Я. Краткий курс истории математики. Наука – 1969 г., 328 с.

[6] Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.

[7] Атаи А.А., Зейналов Р.А. Г.Дж. Мамедбейли – первый исследователь наследия Насиреддина Туси в Азербайджане. Материалы Международной конференции, посвященной 810-летию Мухаммеда Насиреддина Туси. Баку -2011, с. 38-49.

[8] Mühəmməd Təqi Müdərris Rəzəvi. əl-Əllamətü əl-Xacə Nəsir əd-Din ət-Tusi. Həyatühü və asarüh.( محمد تقى مدرس رضوي .العلامة الخواج نصير الدين الطوسى. حياته و آثاره.). Tehran, 1994, 449 s. 

[9] Матвиевская Г.П. Насир адДин ат-Туси и его математическое и астрономи­ческое наследие. Məhəmməd Nəsirəddin Tusinin 810 illiyinə Həsr edil­miş Beynəl­xalq konfransın Materialları. Bakı 2011, s. 223-228.

[10] Мат-ая Энцик­лопе­дия 1 (А-Г). Изд-во «Советская Энциклопедия», М. 1977.

[11] Tusi N. “Təcrid əl-məntiq” (ərəb dilndən tərcümə və şərhlər Məmmədov E.M.). Bakı, Araz -2012, 260 s.

[12] Əllamə Hilli. Əl-cövhər ən-nəzid fi şərh məntiq ət-təc­rid (Mücər­rəd məntiqin nizam­lanmış (sistematik) cövhəri). Qum – 2007, 480 səh.

[13] Əllamə Hilli. “Kəşf əl-murad fi şərh “Təcrid əl-etiqad”” (العلامة الحلّى. كشف المراد في شرح تجريد الاعتقاد). Qum – 2006, 480 s.

Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər