Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

XIX əsrdə Azərbaycanda texniki-peşə təhsili haqqında nə bilirsiniz?


– XIX əsrdə Azərbaycanda texniki-peşə təhsili haqqında nə bilirsiniz?

İpəkçilik sənayesinin inkişafı ilə əlaqədar olaraq ilk peşə məktəbi 1843-cü ildə Şəkidə açıldı. Fəaliyyət göstərdiyi 20 il ərzində (1843-1863-cü illər) məktəbə qəbul olunan 236 şagirddən 117-si məktəbi bitirərək usta adı almışdı.

1879-cu ildə Naxçıvanda xarratlıq və çilingərlik sənəti öyrədən şəhər məktəbinin (təhsil müddəti 3 il idi) əsası qoyuldu.

1884-cü ilin noyabrın 8-də Yelizavetpolda (Gəncə) metal emalı üzrə təlim verən sənət məktəbi açıldı. Meyvə emalı və konservləri üzrə mütəxəssislər hazırlığını həyata keçirən Yelizavetpol Mixaylov sənət məktəbi Güney Qafqazda nümunəvi müəssisə sayılırdı. Həmin məktəbdə 27 nəfər çilingərlik, 4 nəfər dəmirçilik, 23 nəfər kənd təsərrüfatı işlərini öyrənirdi.

1880-ci ildə Bakı şəhərində sənət məktəbinin açılması barədə məsələ qaldırılsa da, onun açılışı 1887-ci ildə mümkün oldu. 10 oktyabr 1887-ci ildə Bakı şəhər dumasının qərarı ilə İmperator II Aleksandr adına sənət məktəbi yaradıldı. Məktəbə 12-16 yaşında ibtidai məktəb təhsili olan uşaqlar qəbul edilirdi. Məktəbdə təhsil pullu idi. 1895-ci ildə həmin məktəbin bazasında Bakı mexanika inşaat məktəbi yaradıldı. Məktəbdə təlim rus dilində aparılırdı. Təlim müddəti dörd il idi. Məktəbdə 106 nəfər şagird təhsil alırdı.

1893-cü ildə Zaqatalada sənət məktəbi açıldı. Məktəbdə çilingərlik və kənd təsərrüfatı peşələri öyrədilirdi.

1981-ci ildə Bakı dənizçilik sinfi (1905-ci ildə Bakı dənizçilik məktəbinə çevrildi), 1888-ci ildə Bakı sənət məktəbi (1897-ci ildə Bakı aşağı texniki məktəbə, 1905-ci ildə isə Bakı orta texniki məktəbə çevrildi) təsis edildi.

Azərbaycan fəaliyyət göstərən dənizçilik sinfi və sənət məktəblərində 1900-cü ildə ümumilikdə 416 şagird təhsil alırdı.

Bu dövrdə xüsusi kənd təsərrüfatı məktəbləri də açıldı. 1896-cı ilin oktyabrın 27-də Mərdəkanda Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti hesabına bağbanlar hazırlayan birinci xüsusi məktəb açıldı. İkinci belə bağçılıq məktəbi 1899-cu ildə Qubada təsis edildi. XIX əsrin 90-cı illərindən başlayaraq musiqi, rəssamlıq, mühasiblik, ticarət, tibb, bədii tərtibat və s. peşə və ixtisaslar üzrə ixtisas məktəbləri, kursları yaradıldı. Bakıda ilk musiqi məktəbi 1896-cı ildə, ilk rəssamlıq məktəbi isə 1897-ci ildə təsis edilmişdir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər