Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

XIX əsrdə və XX əsrin əvvəllərində Dərbənddə təhsil necə idi?


– XIX əsrdə və XX əsrin əvvəllərində Dərbənddə təhsil necə idi?

Dərbəndin Rusiyaya birləşdirilməsinə qədər, yəni 1906-cı ilədək şəhərdə təhsil əsas etibarı ilə məhəllə məscidlərindəki ibtidai məktəblərdə həyata keçirilirdi. XIII əsrdə Dərbənddə olmuş ərəb coğrafiyaşunası Zəkəriyyə əl – Qəzvini yazırdı ki, şəhərdə çoxlu qala, bu qalalarda isə yaxınlıqda yaşayanların ilahiyyəti öyrənməsi üçün mədrəsələr var. Məscidlərdəki məktəblərdən başqa, bəzi mollalar evlərində də məktəb açır, 10-20 şagirdə dərs verirdilər. Məktəblərdə oğlanlara və qızlara ayrı-ayrılıqda təlim keçilirdi. Qız məktəblərində ancaq qadınlar, oğlan məktəblərində isə yalnız kişilər dərs verirdilər. Bu cür məktəblərdə tədris kursu ərəb dilini öyrənmədən Quranın mexaniki oxunmasından ibarət idi.

1832-ci ilə aid məlumatlarda göstərirlir ki, şəhərdə fəaliyyət göstərən 14 məktəbdə 250-dən artıq oğlan təhsil alırdı ki, bunlardan 25-i bəy, 70-i tacir, 130-u sadə ailədən, 25-i isə ruhani ailəsindən idi. Bu məlumatlarda yalnız rəsmi fəaliyyət göstərən məktəblərin sayı göstərilirdi. Evdə təhsil alan şagirdlər və qeydə alınmamış ev məktəbləri bu siyahıya daxil deyildi. Məktəbi müvəffəqiyyətlə bitirənlər öz müəllimlərinin zəmanəti ilə təhsillərini mədrəsələrdə davam edə bilirdilər. Mədrəsədə oxuyanlar ərəb-fars dillərini, ilahiyyət qanunlarını, məntiqi, ritorikanı, tarixi, hesabı, coğrafiyanı, tibbi öyrənir, ərəb və fars dillərində yazılmış bədii ədəbiyyat nümunələri ilə tanış olurdular. Şəhərdəki Cümə məscidinin tarixi 1475-ci ildən başlayır. Bu məsciddəki tədris müəssisəsi 1918-ci ilə qədər fəaliyyət göstərmişdir. Mədrəsənin məzunları təhsillərini davam etdirmək üçün Buxara, Dəməşq, Bağdad, İskəndəriyyə, Xorasan, Qahirə və digər müsəlman təhsil mərkəzlərindəki Nizamiyyə tipli ali məktəblərə gedirdilər.

Dərbənd Rusiyaya birləşəndən sonra şəhərdə dünyəvi məktəblər yaranmağa başladı. Bu məktəblərdə təhsil yalnız rus dilində aparılırdı. Rəsmi mənbələrdən məlum olur ki, şəhərdə 1838-ci ildə qəza məktəbi açılanda yalnız 2 nəfər öz uşağını bu məktəbə verməyə razı olmuşdu. Nəcəfqulu bəy Xıdırbəyoğlu 11 yaşlı oğlu Həsəni və Hacı Qasım bəy Heydərov 8 yaşlı oğlu Nemətullanı məktəbə göndərmişdi. Digər sakinlər yoxsulluqlarını bəhanə gətirərək uşaqlarını məktəbə verməkdən imtina etmiş, bəziləri isə bildirmişdilər ki, özhəmdinlərinin təhsildə uğur qazandıqlarını görərlərsə, onlar da uşaqlarını məktəbə verəcəklər.

Şəhərdə əsası 1902-ci ildə qoyulmuş rus-Azərbaycan məktəbi fəaliyyət göstərirdi ki, burada 72 oğlan təhsil alırdı. 10 müsəlman məktəbi var ki, bunlarda cəmi 284 şagird təhsil alırdı. Şagirdlərin 253-ü oğlan, 31-i qız idi. 1904-cü ildə realnı məktəbin şagirdləri üçün şəhərin meri Qasım bəy Heydərovun adına 150 manat məbləğində təqaüd təyin edilmişdi. Bu təqaüdü ilk dəfə 1904-cü ildə 3-cü sinif şagirdi Mehdi bəy Məmmədbəyov almışdı. 1905-ci ildə şəhər ictimaiyyəti idarəsi tərəfindən I Pyotr adına 3 mükafat müəyyən edildi. Realnı məktəbin şagird Cavad bəy Zeynalov və Qız gimnaziyasının şagirdi A.Aslanova bu mükafatı ilk dəfə alanlardan idi.

1947-ci ildə şəhərdə tədris Azərbaycan dilində aparılan 1-ci dərəcəli məktəb var idi. Məktəbin direktoru Mirəsədulla Seyidrza oğlu Abdullayev idi.

Dərbənddə müsəlman məktəbi 1848-ci il mayın 8-də açılmışdı. Bu rus qəza məktəbindən sonra 2-ci dövlət məktəbi idi. Məktəbdə türk (Azərbaycan), ərəb və rus dilləri, qısa coğrafiya kursu, tarix, hesab, hüsnxət dərsləri keçirilirdi. Təhsil müddəti hər sinifdə 2 il olmaqla cəmi 6 il idi. Şagirdlər pulsuz təhsil alır və dövlət hesabına yaşayırdılar. 1-ci il məktəbə 3 şagird sənəd vermişdi ki, bundan 10-u Dərbəndin özündən idi.

1856-cı ilin yanvarın 15-də Dərbənd müsəlman məktəbi bağlandı və Temir-Xan-Şuraya köçürüldü. Hökumət bu qərarını belə izah edirdi ki, Temir-Xan-Şurada çoxlu müsəlman mənşəli mötəbər şəxslər və orduda xidmət edən zabitlər var və onların uşaqları ərəb və rus dillərində təhsil almağa ehtiyac duyurlar.

Dərbənddə müsəlman qızlar üçün ilk ibtidai məktəb 1864-cü ildə açılmışdı. Burada qızlar pansionda yaşayırdılar, təhsil haqları xeyriyyəçilər tərəfindən ödənirdi. 1-ci il məktəbə 8-10 yaşlarında 20 qız qəbul edilmişdi. Bunlardan 14-ü azərbaycanlı, 6-sı rus idi. Məktəbin tədris proqramına Azərbaycan dilində oxu və yazıdan başqa, hesab və əl işi (tikmə, biçmə, toxuma) və ev təsərrüfatı (xörək hazırlamaq, çörək bişirmək, paltar yumaq, masanın bəzədilməsi və s.) daxil edilmişdi. Məktəbdə tədris müddəti 6 il idi. Nizamnaməyə uyğun olaraq, məktəbdə nəzarət yalnız rus mənşəli qadınlara tapşırılırdı. Ona köməkçi olaraq savadlı bir müsəlman qadını götürülürdü. O, həm də Azərbaycan dilinin tədrisi ilə məşğul olurdu. Məktəbə rus ailələrindən də müəyyən sayda uşaqlar götürülürdü ki, onlar Azərbaycan dilindən başqa rus dilində yazı və oxu qaydaları da öyrənirdilər.

1875-ci ildən məktəbdə Bibliyanın tədrisi zəruri fənn kimi keçilməyə başlandı və azərbaycanlı qızlar məktəbdən çıxdılar. Həmin gimnaziya şəhərdə sovet hakimiyyəti qurulanadək fəaliyyət göstərmişdi.

1902-ci ildə əsası qoyulmuş rus-tatar məktəbi Dərbənd qazısı Hacı Molla Məmməd Sadıq Pişnamazın şəhər məclisinə göndərildiyi xahişnaməyə əsasən açılmışdı. O, xahişnaməsində göstərirdi ki, Dərbənddə başqa şəhərlərdə olan yaxşı təhciz edilmiş, müsəlman gənclərin əqli-mənəvi inkişafına imkan verən məktəblər yoxdur. Ona görə də Dərbənd şəhərinin müsəlman ictimaiyyəti şəhərdə rus-müsəlman məktəbinin açılmasını xahiş edir. Şəhər idarəsi müsəlmanların xahişini nəzərə alıb, Bakı quberniyasının və Dağıstan vilayətinin xalq məktəbləri direktorluqlarının razılığını aldı və 1902-ci ildə sentyabrın 1-də rus-tatar məktəbi fəaliyyətə başladı.

Xalq məktəbləri direktoru məktəbin açılmasına razılıq verərkən şəhər başçısına bildirmişdi ki, məktəbin şagirdləri Çar hökumətinin bayramlarını və müsəlmanlar üçün əlamətdar olan aşağıdakı günləri qeyd etməlidirlər.

Bunlar Novruz bayramı (19-21 mart), Məhərrəmlik ayı (3 gün), Səfər ayı (2 gün), Ramazan bayramı (1 gün), 1-3 Şəvval, 10, 11 və 18 Zilhiccə.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər