01/08/2018
XX əsrin əvvəllərində Azərbaycanda ali təhsil müəssisələri olmasa da, Həsən bəy Zərdabi, Əsgər ağa Gorani, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd ağa Şaxtaxtlı, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılarımız Avropanın, Rusiyanın, Türkiyənin və başqa digər qabaqcıl ölkələrin ali təhsil ocaqlarında təhsil almışlar. Onlar millətin tərəqqisini, inkişafını hər zaman özlərinin həyat amalı hesab etmişlər. Paris Sorbonna Universitetinin məzunu Əhməd bəy Ağayev öz dövrünün çox nüfuzlu şəxsiyyətlərindən idi. O, hüquqşunas təhsili almaqla bərabər, Şərq xalqlarının tarixi ilə dərindən maraqlanmış, ərəb, fars dillərini mükəmməl öyrənmişdi.
1890-cı ildən etibarən Əhəm bəy Ağayev Fransanın müxtəlif jurnal və qəzetlərində məqalələr çap etdirməyə başlamışdı. 1892-ci ildə, 23 yaşında Londonda keçirilən Beynəlxalq şərqşunaslar konqresində “Şiə məzhəbinin mənbələri” mövzusunda məruzə etmiş, məruzə Kembric Universitetinin vəsaiti ilə bir neçə Qərb dillərində çap olunmuşdur.
1894-cü ildə Əhməd bəy Azərbaycana qayıtmış və burada qəzet çap etmək üçün icazə istəmişdi. Çar məmurları qəzetin nəşrinə icazə verməmişlər. Nəticədə Əhməd bəy Şuşaya getmiş və 1896-cı ildən burada realnı məktəbdə fransız dilindən dərs deməyə başlamışdır. O, həmçinin şəhərdə qiraətxana – kitabxana açmış, ilk teatr tamaşaları təşkil etmişdir.
Əhməd bəy Ağayev 1905-ci ildə Əlibəy Hüseynzadə ilə birlikdə milliyətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayan “Həyat” qəzetinin redaktoru olmuşdur.
Qeyd edək ki, Ağayev Əhməd bəy Mirzə-Həsən oğlu (Ağaoğlu) (1869-1939) Şuşa şəhərində anadan olmuşdu. Atası Mirzə Həsən bəy XVII əsrdə Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xan Cavanşirin nəslindən idi.
Əhməd bəy ilk təhsilini Şuşadakı rus məktəbində almış, Tiflis gimnaziyasını bitirmişdi. Rusiyanın paxtaxtı Peterburq şəhərinə getmiş və Mühəndis – Texniki institutuna daxil olmuşdu. Ancaq təhsilini yarımçıq qoyub Fransanın paxtaxtı Parisə yollanmışdır. Burada dil öyrənmiş, hüquq məktəbində təhsil almış, daha sonra isə Sorbonna Universitetinə daxil olmuşdu.
1909-cu ildə Türkiyəyə mühacirət etmişdi. Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü olmuş, Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, Ankara Universitetinin professoru vəzifəsində çalışmışdır.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.