Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar – Abdinov Mirzə Bəhram Əliövsət oğlu


[01(14).08.1896, Dərbənd – 05.10.1969, Bakı]

Atası: Abdinov Əliövsət (Övsət) Hacı Zeynalabdin oğlu.

Anası: Reyhanatbikə Ağamirzə bəy qızı.

İlk təhsilini evdə molladan alıb.

1905-1913-cü illərdə təhsilini Dərbənd edadi (real) məktəbində davam etdirib. Buradakı təhsil ona ali məktəbə girmə hüququ vermədiyi üçün, əlavə 1 ildə oxumaq məcburiyyətində qalıb. 1 sentyabr 1913-cü ildən 7 iyun 1914-cü ilədək 8-ci sinifdə oxuyub.

21 iyul 1915-ci ildə o, Dərbənddən Moskva Kənd Təsərrüfatı İnstitutunun (sonradan Petrovski–Razumovski Kənd Təsərrüfatı Akademiyası adlanıb) direktoruna ərizə yazaraq balıqçılıq şöbəsinə götürülməsini xahiş edib və artıq sentyabr ayından həmin bölmənin tələbəsi olub. 10 may 1917-ci ildə İnstitutun direktoruna yazdığı ərizədə aqronomluq bölməsinə keçirilməsini xahiş edib. Yeri gəlmişkən, həmin ərizənin aşağısında belə bir qeyd yazıb ki, mən 1 mart 1916-cı ildən Moskvada 3-cü ordunun tabeliyindəki hissədə işləyirəm və keçən il iyunun başlanğıcında Qərb Cəbhəsinə göndərilərək bu ilin yanvarınadək orada çalışmışam.

Abdinov 1917-ci ilin fevral ayında vətənə qayıdaraq, Tabasaranda zemstvo aqronomunun yanında təlimatçı kimi işləməyə başlayıb. 1919-cu ildə orada fəaliyyət göstərən partizan dəstəsinin fəal üzvü kimi Denkinə qarşı hərbi əməliyyatlarda da iştirak edib.

1919-cu ildə Bakıya gələn B.Abdinov Azərbaycan Cumhuriyyətinin xarici ölkələrə oxumağa göndərdiyi 100 tələbədən biri olaraq Almaniyaya yola düşüb və alman dilini öyrənmək məqsədi ilə Berlində yaşayıb.

O, 17 oktyabr 1921 – 2 sentyabr 1922-ci illərdə Georg August adına Göttingen Universitetində (Georg August–Universitat zu Göttingen) oxuyub.

24 iyul 1922-ci ildə isə Bonn Kənd Təsərrüfatı Ali Məktəbində (Preubilche Landwirtschaftliche Hochschule zu Bonn Poppelsdorf) təhsilini davam etdirmək qərarına gəlib və oranı 10 noyabr 1924-cü ildə “çox yaxşı qiymətlərlə bitirib.

Abdinov Almaniyada təhsil aldığı ilk illərdə oranın müxtəlif universitetlərində oxuyan azərbaycanlı tələbələrin yaratdığı “Azərbaycan tələbələri yerdaşlığı”nın sədri olub.

1925-ci ildə Vətənə dönüb. Dövlət onu pambıqçılıq haqqında daha geniş məlumat əldə etmək üçün Özbəkistana göndərib. Bir müddət sonra – 1926-cı ildə vətənə çağırılaraq bu dəfə Naxçıvana ezam edilib.

1926-1929-cu illərdə əvvəlcə Naxçıvan MSSR-in baş aqronomu, sonra isə xalq torpaq komissarının müavini vəzifəsində çalışıb. Həmin illərdə Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) üzvü seçilib.

1929-cu ildə Bakıya qayıdıb, əvvəlcə Azərbaycan Xalq Torpaq Komissarlığı Kənd Təsərrüfatı İdarəsində rəis müavini, daha sonra toxumçuluq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

1931-ci ildə 6-cı çağırış Zaqafqaziya MİK üzvü seçilib.

1932-ci ildə Sosial Bərpa İnstitutunda əvvəlcə elmi işlər üzrə direktor müavini, sonra isə elm şöbəsinin rəisi işləyib. 1934-1939-cu illərdə subtropik bitkilərin və çayın tətbiqi ilə bağlı olaraq Azərbaycan SSR Xalq Torpaq Komissarlığı Subtropik Bitkilər İdarəsinin rəisi vəzifəsini tutub.

1939-1941-ci illərdə orta məktəbdə alman dilindən dərs deyib və APİ-də saat hesabı müəllimlik edib.

1941-1945-ci illərdə Balakən Rayon Kənd Təsərrüfatı Bankının direktoru və Balakənin baş aqronomu vəzifələrində çalışıb.

1946-cı ilin mayında Azərbaycan Əkinçilik Nazirliyində Aqrotexnika və Mexanikləşdirmə İdarəsinin rəisi təyin olunub. Sonra şöbə rəisi, daha sonra isə Kənd Təsərrüfatı Nazirliyinin Torpaq Quruluşu İdarəsində baş aqronom işləyib. Eyni zamanda, həm Xalq Təsərrüfatı İnstitutunda, həm APİ-də, həm də Kənd Təsərrüfatı Texnikumunda müəllimlik edib.

Respublikanın kənd təsərrüfatı iqtisadiyyatının yaxşılaşdırılması işində xüsusi xidmətlərinə görə Abdinova Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 avqust 1957-ci il fərmanı ilə “Əməkdar aqronom” adı verilib.

Mənbə: M.Mərdanov, Ə.Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər