Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İsfəndiyar Vəkilov (1888-1960) kim olub?


O, 1888-ci ildə Qazax qəzasının Salahlı kəndində doğulmuş, ibtidai təhsilini orada almış, 1902-ci ildə Qori seminariyasına daxil olmuşdur. 1907-ci ildə seminariyanı müvəffəqiyyətlə bitirib, Bakıda rus-Azərbaycan məktəbində, Qazax seminariyasında Firidun bəy Köçərli ilə birgə işləmişdir. O, Azərbaycan maarifpərvərlərinin yeni məktəb və qadın təhsili, müəllim hazırlığı kimi sahələrdə apardıqları mübarizənin ön cərgəsində olmuşdur. 1910-cu ildə Dilacanda Əhməd ağa Mustafayevin 25 illik müəllimlik fəaliyyətinə həsr edilmiş yubleyin təşkilatçılarından biri olmuş, Mirzə Ələkbər Sabirin “Hophopnamə” əsərinin nəşri üçün pul toplanmasında iştirak etmişdir.

1905-ci il inqlabından sonra qeyri-rus xalqlarının nümayəndələri Dövlət dumalarında çıxış edərək ana dilinin tədrisini gücləndirməyə irəli sürürdülər. Çar hökuməti bu xalqların ana dilinin tədrisinə mane olmaq üçün belə bir bəhanə gətirirdi ki, ancaq öz ədəbiyyatı, yazısı və qrammatikası olan xalqlar ana dilində təhsil ala bilərlər.

İsfəndiyar Vəkilov 1911-ci ildə Bakıda çağrılan üçgünlük müşavirədə qeyri-rus xalqlarının dilinə və mədəniyyətinə şübhə ilə yanaşan çar çinovnikləri ilə ciddi mübarizə aparmışdır. O, bununla yanaşı, rus xalqının dilinə və mədəniyyətinə yüksək qiymət verərək öz şagirdlərinə Tolstoyu, Puşkini, Lermontovu, Nekrasovu, Turgenevi oxumağı məsləhət görürdü.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər