14/09/2018
Qurultay 1978-ci il may ayının 18-19-da indiki Heydər Əliyev sarayında keçirilib. Sov. İKP MK Siyasi Bürosu üzvülüyünə namizəd, Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev proqram xarakterli nitq söylədi. O, bütövlükdə maarif sisteminin qarşısında duran vəzifələri aşağıdakı kimi müəyyənləşdirdi: “Məktəbimiz təbiət və cəmiyyətin inkişaf qanunlarını yaxşı başa düşən, yaradıcı təfəkkür vərdişləri olan bilikli adamlar hazırlamalıdır. Bu gün faktların müəyyən məcmusunun şagirdlər tərəfindən mənimsənilməsi ilə kifayətlənmək olmaz. Şagirdlərə öz biliklərini müstəqil surətdə artırmaq, elmi informasiyanın sürətli axınından baş çıxarmaq vərdişi aşılanmalıdır. Bu mürəkkəb və məsul vəzifənin yerinə yetilməsi hər bir pedaqoji kollektivin, hər bir müəllimin fəaliyyəti ilə, müəllimlərin hazırlıq səviyyəsi ilə, təlim metodlarının həyat tələblərinə uyğunlaşdırılması ilə sıx əlaqədardır… Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə əsas – əsas hesab edilən göstəriciyə görə qiymət verilirdi: məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər vətəndaşlar yetişdirmək məktəbin işinin bütün xalq maarifi sisteminin səmərəliliyi bax, bu meyarla müəyyən edilir”.
O, müəllim peşəsinə, müəllim əməyinə yüksək qiymət verərək deyib: “Tarixi proses olan əsl ümumxalq maarif prosesində əsas sima müəllimdir. Məktəblərimizin bütün yetişdirmələrinə həyat vəsiqəsini müəllim vermişdir. Cəmiyyətimizin ümidi, gələcəyi olan uşaqların təlim-tərbiyəsi kimi ən mühüm, ən vacib iş müəllimə etibar edilmişdir. Müəllim öz biliyini, təcrübəsini, qüvvəsini, qiymətli nəyi varsa, hamısını şagirdlərinə, xalqa bəxş edir. Rəşadətə bərabər bu nəcib, fədakar əməyinə görə müəllimin yetişdirmələri valideynlər, bütün cəmiyyət ona hədsiz dərəcədə minnətdardırlar. Hər birimiz də müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi bizə müdrikliklə və səbrlə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.