Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Əlimərdan bəy Topçubaşov (1863-1934) kim olub?


Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov (Topçubaşi) Tiflisdə anadan olmuşdur. Birinci Tiflis gimnaziyasını (1884) və Peterburq Universitetinin hüquq fakültəsini (1888) fərqlənmə diplomu ilə bitirmişdi. Əvvəl Rusiyada işləmiş, 1894-cü ildə Bakıya gələrək, hüquq-mühafizə orqanlarında çalışmış, sonralar müstəqil vəkil kimi fəaliyyət göstərmişdi.

1897-ci ildən “Kaspi” qəzetinin redaktoru olmuş, Bakı Şəhər Dumasının üzvü seçilmiş, bir müddət onun sədri olmuşdu. Bakı quberniyasından I Dövlət Dumasına deputat seçilmişdi (1906). Onun təşəbbüsü ilə Dumada müsəlman fraksiyası yaradılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri (1918-ci ilin dekabrın 7-si – 1920-ci ilin aprelin 28-i) olmuşdu.

Onun qəbri Fransanın paytaxtı Parisdən 20 km məsafədə çox mənzərəli, memarlıq abidələri ilə zəngin ideal təmizliyi olan bir ərazidədir. Fransa müqavimət hərəkatında xüsusi rolu olanların dəfn edildiyi Sen-Klu qəbristanlığı da oradadır. Qeyd edək ki, ulu öndər Heydər Əliyev Əlimərdan bəy Topçubaşovun Fransada yaşadığı mənzilə xatirə lövhəsinin vurulması məsələsini Fransa prezidenti ilə razılaşdırmışdı.

Sonralar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə Əlimərdan bəy Topçubaşovun başdaşının əvəzində qəbirüstü abidə qoyulmuşdu.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.