Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Hacı Zeynalabdin Tağıyevin himayədarlığı və ilk Azərbaycan qız məktəbini yaratması


Hacı Zeynalabdin Tağıyevin maarif sahəsindəki xidmətlərinin coğrafiyası olduqca böyük və geniş idi. Onun himayə etdiyi, təqaüd verdiyi şəxslər sonralar xalqımızın görkəmli şəxsiyyətləri olmuşlar. Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Qarabəy Qarabəyov, Behbud ağa Cavanşir, Lütfəli bəy Behbudov, Mirzə Davud Hüseynov, Nəsib bəy Yusifbəyli, Mir Həsən Vəzirov, Xudadat bəy Məlikaslanov, Ruhulla Axundov, Şövkət xanım Məmmədova və onlarla başqaları Hacı Zeynalabdin Tağıyevin köməyi sayəsində təhsil almışlar. Görkəmli maarifçi Həsən bəy Zərdabinin qadın təhsili ilə bağlı istək və arzularını Hacı Zeynalabdin Tağıyev reallaşdırmışdır.

Anaları savadsız olan xalq kordur” – deyən Hacı Zeynalabdin Tağıyev millətin təhsil almasına, məktəblər açılmasına, milli kadrlar hazırlanmasına ürəkdən çalışmış, bu sahəyə böyük məbləğdə pul ayırmağdan çəkinməmişdir.

Bakıda dünyəvi elmlər öyrədən ilk Azərbaycan qız məktəbinin yaradılması Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Həmin məktəbi yaratmaq təşəbbüsü 1896-cı ildə meydana gəlmişdi. Hacı Zeynalabdin Tağıyev qız məktəbini açmaq istədiyini bilən Həsən bəy Zərdabi 1896-cı ilin yanvarında Bakı qubernatoruna məktubla müraciət edərək qız məktəbi açmaq üçün vəsait ayırmağı xahiş etdi, lakin rədd cavabı aldı.

Sonralar Hacı Zeynalabdin Tağıyevin özü qız məktəbi açmaq məqsədilə III Aleksandra müraciət etdi. Hacı Zeynalabdin Tağıyev Qafqaz Tədris Dairəsinin müdiri Kirill Petroviç Yanovskiyə 1896-cı ilin aprelin 24-də məktub yazıb. Lakin çar onun xahişini rədd edib. III Aleksandrın vəfatından sonra Hacı Zeynalabdin Tağıyev çarın arvadı Aleksandra Fyodorovnaya qiymətli hədiyyə təqdim etdi və məktəbə onun adını qoyacağını bildirdi. Bu addımı atmaqda Hacı Zeynalabdin Tağıyevin məqsədi qız məktəbinin açılmasına çarizmin maneçilik törətməsinin qarşısını almaq idi. Tağıyev yaxşı bilirdi ki, məktəb Aleksandra məktəbi kimi deyil, qız məktəbi ilə tanınacaq. Uzun müddətli yazışmalardan sonra Hacı Zeynalabdin Tağıyev öz istəyinə nail oldu. Məktəbin tikintisinə icazə verildi. Binanın tikilməsi 183583 manata başa gəldi. Hacı Zeynalabdin Tağıyev qız məktəbinin tikilməsinə o qədər önəm verirdi ki, hətta binanın tikintisində istifadə olunmuş daşların müxtəlif rəng çalarında olmasına belə diqqət yetirmişdir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər