25/09/2018
[15 (28).02.1896, Mərv ş. –?]
Atası: Məşədi Əliheydər Məşədi Abdulla oğlu.
Anası: Badam xanım Hüseyn qızı.
Qazan şəhərindəki Tatarıstan Respublikası Mərkəzi Arxivində saxlanan şəxsi işindəki doğum şəhadətnaməsində yazılıb:
“Mən Mərv şəhərinin Qafqaz camaatının mollası Molla Mirheydər Seyid Oruc oğlu kəmali-doğruluq ilə bu şəhadətnaməni verirəm Mərv şəhərinin sakini Qafqazlı Qaffar Məşədi Heydər oğlu Abdullayevə bu üzrə ki, müşarileyh Məşədi Heydər Abdullayevin halal və sülbi oğludur və öz anası Badam Hüseyn qızından 1896-mcı ilin fevral ayının on beşimci günündə təvəllüd edib Mərv şəhərində və ona lazım duaları mən özüm qanuni-islamiyyə ilə oxumuşam və sünnət olan vəqt öz dayısı Zeynal Hüseynov tutubdur. … Fi iki mahi-noyabr 1910”.
Buradan aydın olur ki, Qaffar Mərv şəhərində doğulsa da kökcə Qafqazdandır. Ancaq başqa bir sənəddə atası Məşədi Əliheydərin Şamaxı şəhərindən olduğu göstərilib. Atası tacir imiş.
Qaffar orta təhsilini Tiflis 5-ci kişi gimnaziyasında bitirib (01.09.1911–06.06.1913). Kamal attestatındakı qiymətlərindən görürük ki, o, rus dilindən “3”, fransız və alman dillərindən isə “5” alıb.
27 iyul 1913-cü ildə İmperator Qazan Universitetinin rektoruna ərizə yazaraq tibb fakültəsinə qəbul olunmasını xahiş edib və 9 avqustda artıq tələbələr sırasına götürülüb və bu haqda ona ayın 15-də xəbər göndərilib.
Abdullayev Qazan Universitetində 22 aprel 1917-ci ilədək oxuyub.
Sonrakı taleyi haqqında əlimizdə bəlgə və bilgi yoxdur.
Mənbə: M.Mərdanov, Ə.Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.