Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bolqarıstan Elmlər Akademiyasının nümayəndə heyəti Riyaziyyat və Mexanika İnstitutunda olub


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nümayəndə heyətinin tərkibinə BEA-nın sədr müavini, müxbir üzv Vasil Nikolov, bu müəssisənin baş elmi katibi, professor Evdokia Paşeva və Sofiya şəhərinin merinin müavini, arxeologiya üzrə fəlsəfə doktoru, dosent Todor Çobanov daxil idilər.

Əvvəlcə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutun yaranma tarixindən, riyaziyyat sahəsində görkəmli azərbaycan alimlərindən, son illərdə riyaziyyat və mexanika sahələri üzrə aparılan tədqiqatlardan, müəssisənin beynəlxalq əlaqələrindən, həmçinin müasir texnologiyaların tətbiqi ilə yeni elmi-tədqiqat istiqamətlərinin yaradılması sahəsində görülən işlərdən danışıb.

Görüşdə riyaziyyat və mexanika sahələr üzrə təcrübə, alim və tədqiqatçıların mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, mühazirələrin oxunması məqsədi ilə alimlərin qısamüddətli və uzunmüddətli səfərləri, seminarlarda və birgə elmi araşdırmalarda iştirakı, beynəlxalq tədqiqat layihələrində birgə iştirak etmək məqsədilə bir-birinə dəstək olması və digər prioritet sahələrdə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

M. Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə BEA-nın Riyaziyyat və İnformatika, Mexanika İnstitutları arasında əməkdaşlıq müqavilələrinin imzalanmasını təklif edib, bu sahələrdə birgə tədqiqatların aparılması hər iki ölkənin gələcək birgə elmi işləri üçün zəmin yaratdığını vurğulayıb.

Akademik Yulian Revalski isə Azərbaycan və Bolqarıstan riyaziyyatçıları və mexaniklərinin birgə tədqiqatlarına, təcrübə mübadilələrinə lazımi dəstəyi göstərəcəklərini söyləyib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər