
04/10/2018
Tibb doktoru Mirzə Əbdülxalıq Axundzadə haqqında ölkəmizdə bir sıra dəyərli məqalələr yazılıb və onların siyahısı aşağıdakı qaynaqlarda göstərilib. Təəssüf ki, onun orijinal sənədləri əldə olmadığına görə indiyədək ortaya qoyulmuş yazılarda çoxlu yanlışlıqlara yol verilib. Biz 2017-ci ildə Estoniya Dövlət Arxivindən Axundzadənin tələbə şəxsi işlərini əldə etmişik. Həmin sənədlərin əksəri alman dilində olduğundan, tərcümə üçün Nailə xanım Hüseynovaya müraciət etdik və bu qısa oçerkin hazırlanmasında onun tərcümələrindən yararlandıq. Əlbəttə, bu yazının özü də kamil sayıla bilməz, ancaq bir çox faktlar ilk dəfə burada dəqiqləşdirilib. İnanırıq ki, yaxın gələcəkdə Axundzadə haqqında daha mükəmməl araşdırmalar aparılacaq.
Axundzadə Bakıda dəmirçi ailəsində doğulub. Öncə özəl bir məktəbdə, sonra Mirzə Həsib Qüdsinin (1828-1908) mədrəsəsində oxuyub. 1877-1884-cü illərdə Bakı edadi (real) məktəbində təhsilini davam etdirib.
Tibb təhsili almaq üçün Almaniyaya gedərək 1885-ci il aprelin 15-də Berlindəki Fridrix Vilhelm Universitetinə daxil olub. 5-ci semestri bitirdikdən sonra Erlangen şəhərində yerləşən Fridrix Aleksandr Universitetində təhsilini davam etdirib və 3 semestr də burada oxuyub.
13 iyun 1888-ci ildə Erlangen Universitetinə yazdığı elmi əsəri təqdim edib. İmtahanları uğurla verdikdən və elmi işini müdafiə etdikdən sonra Rusiyaya qayıdıb.
İndiki Estoniyanın ozamankı Dorpat (Derpt, indiki Tartu) Kayzer Universitetinə daxil olmaq məqsədi ilə o, 1889-cu ilin iyununda Rusiyanın Revel (indiki Estoniyanın Tallinn) şəhərindəki Aleksandr gimnaziyasında kamillik imtahanları verib və bu məktəbi bitirməsi haqqında 25 avqustda 400 saylı şəhadətnamə alıb.
28 avqust 1889-cu ildə Dorpat şəhərindəki Kayzer Universitetinə qəbul olunub. Ancaq şəxsi işindəki 31 avqust 1888-ci il və 26 yanvar 1889-cu il tarixli sənədlərdən görünür ki, o, həmin Universitetdə hələ 1888-ci ildən mühazirələri dinləyirmiş.
28 oktyabr 1889-cu ildə Axundzadə Dorpat Kayzer Universiteti tibb fakültəsinin dekanına ərizə yazaraq bildirib ki, 5 semestr Berlin Universitetində, 3 semestr isə Erlangen Universitetində tibb təhsili almış və 1888-ci ilin iyununda həkim adı almaq üçün imtahan vermişəm. Həmin ilin avqustunda Dorpat Universitetinə gələrək 2 semestr bir çox mühazirələrdə dinləyici kimi iştirak etmişəm. 1889-cu ildə Dorpat Universitetinin tibb araşdırıcıları sırasına daxil edilmişəm. Universitetə götürülərkən sənədlərimi Universitet dəftərxanasına təqdim etmişəm, ancaq həkimlik diplomumu Erlangen Universitetindən ala bilmədiyim üçün onu dəftərxanaya verə bilməmişəm. Diplomu həmin Universitetdən istəməyinizi xahiş edirəm. Bu ərizəyə əsasən Dorpat Universiteti Erlangendən Axundzadənin diplomunu tələb edərək alıb.
Axundzadə 14 yanvar 1891-ci ildə dövlət imtahanı verib və həmin ilin iyun ayında Dorpat Kayzer Universitetini bitirib.
O, X yüzil əttarı əl-Hirovinin 466 bitki və 44 heyvan mənşəli dərmanın hazırlanmasına dair əsərini klassik ərəbcədən almancaya çevirib və ona xeyli şərhlər yazaraq “Əbu Mənsur Müvəffəq bin Əli əl-Hirovinin fundamental farmakologiyasına şərhlər” adlı dissertasiya hazırlayıb. Dissertasiyanı 1892- ci ildə Dorpat Universitetinə təqdim edib.
28 mart 1892-ci il şənbə günü günorta saat 12-də Universitetin böyük zalında tibb fakültəsi dekanı və dekanlıq üzvlərinin də iştirakı ilə o, dissertasiyasını müdafiə edib. Rəsmi opponentləri Prof. Dr. H.Adolphi, Prof. Dr. R.Kobert, Prof. Dr. G.Dragendorff idilər. Müdafiədən sonra ona tibb doktoru dərəcəsi verilib. Qeyd edək ki, bu əsər uzun illər rus və Avropa farmakoloqlarının masaüstü kitabı olub. Əsər həmin il Dorpatda Şnakenburq nəşriyyatında kitab şəklində basılıb. Onun almanca orijinalı Axundzadənin tələbə şəxsi işində saxlanılır.
Axundzadə Bakıya dönərək burada ilk göz xəstəlikləri məntəqəsi açıb.
Bakıda Bekov soyadlı bir yəhudi provizorla dostlaşaraq onun qızı Fatma xanımla (müsəlmanlığı qəbul etdikdən sonrakı adıdır) ailə qurub.
Elmi araşdırmalara böyük həvəs göstərib. Bakıda Şərq və Qərb əczaçılığının (farmakologiyasının) tarixini öyrənib. Klassik yunan və ərəb alimlərinin əczaçılığa dair əsərlərini almancaya çevirərək Leypsiq şəhərində çıxan “Tsaytşrift der Doyçen morgenlendişen Qazelşeft” (“Zeitshrift der Deutshcen morgenledishen Gaselsheft”) qəzetində dərc etdirib.
XIX yüzilin sonlarında Bakıda iki aptek açan Axundzadə həm də həkim Məhəmmədrza Vəkilovla birgə Azərbaycanda ilk ruhi xətəliklər müalicəxanasının yaradıcılarındandır. O, 24 aprel 1892-ci ildə açılan bu xəstəxanada 1903-cü ilədək işləyib.
1896-cı ildə tacir İsgəndər bəy Məlikov və müəllim Sultanməcid Qənizadə ilə birgə Bakıda ilk kütləvi kitabxana açıb (17 mart 1899-cu ildə qapanıb).
Bakıda yeni tipli mətbəə yaradan Axundzadə 2 ildə (1899-1901) N.Nərimanov, N.b.Vəzirov, S.Qənizadə və Ə.Cəfərzadə, S.b.Hacıəlibəyov (Acalov) və başqalarının kitablarını nəşr edib.
Axundzadə bədii yaradıcılıqla və publisistika ilə də məşğul idi. “Əvvəli hənək, axırı dəyənək” (öz mətbəəsi, 1901) adlı üç pərdəli komediyası var. “Həyat” qəzeti 20 iyul 1905-ci il tarixli 32-ci sayında “Teatro və musiqi” rubrikası altında verdiyi “Mərdəkanda xeyriyyə teatro icrası” adlı məqalədə 17 iyulda Tağıyevin Mərdəkandakı Ziraət məktəbində könüllü cavanların köməyi ilə səhnəyə qoyulmuş “Əvvəli hənək, axırı dəyənək” adlı komediyanın tamaşasından geniş söz açıb. Burada həm artistlərin rolu, həm də müəllifin sənətkarlığı haqqında fikir yürüdülüb.
Fəal publisist olub. Ozamankı Azərbaycan dövri mətbuatında xeyli yazısı dərc edilib. “Təkamül” qəzeti (1906-1907) redaksiya heyətinin üzvü, 1909-10-cu illərdə satirik “Zənbur” jurnalının naşiri olub. Özü burada “Palazqulaq”, “Zorba”, “Cümləqayğu”, “Sövtüməl”, “Dünyamalı”, “Vərzad”, “Toxmaq”, “Çərənçi” və b. imzalarla çıxış edib.
İctimai işlərdə fəallıq göstərən Axundzadə Müsəlman Xeyriyyə Cəmiyyətinin (1905), “Nəşri-Maarif” Cəmiyyətinin üzvü (1906), “Səadət” Xeyriyyə Cəmiyyətinin (1907) qurucularındandır (onun katibi olub). Bakı Şəhər Dumasının deputatı idi (1914).
Həkim kimi də maarifçiliklə məşğul olub. 1914-1919-cu illərdə çıxmış bu tibb kitablarının müəllifidir: “Müalicə kitabı” (1914), “Həzm üzvlərinin azarları” (1919) və b.
Elm və təhsilə böyük önəm verən Axundzadə Azərbaycanda universitet açılması üçün illər boyu çalışıb.
Sovet hakimiyyətinin onunla vəhşicəsinə davranmasından sonra Güney Azərbaycana köçüb. Öncə Rəşt və Ərdəbildə, daha sonra Tehranda yaşayıb və həkimliklə məşğul olub. Buradakı fəaliyyəti haqqında az şey bilirik.
Rəşt şəhərindən 29 mart 1924-cü ildə Dorpat Universitetinin rektoruna bu məzmunda ərizə yazıb ki, 1920ci ildə rus bolşevikləri Qafqazı işğal etdikdən sonra ana vətənimi tərk etməli oldum. Bu arada bütün mal-mülkümü, kitablarımı, sənədlərimi, o sıradan 1891-ci ildə bitirdiyim Dorpat Universitetinin diplomunu və1892-ci ildə müdafiə etdiyim “Əbu Mənsur Müvəffəq bin Əli əl-Hirovinin fundamental farmakologiyasına şərhlər” adlı dissertasiya işimi itirdim. Hal-hazırda Şərqdəyəm və qanuna görə diplomumu işlədiyim yerə təqdim etməliyəm. Buna görə də diplomumun surətini mənə göndərməyə icazə verməyinizi xahiş edirəm. Bu işin icrası üçün 2 dollar ödəyəcəyəm. Yetməzsə lazımi məbləği rus, yaxud ingilis səfirliyi vasitəsilə çatdıra bilərəm. (Onun məktubunu Universitet 8 may 1924-cü ildə alıb).
Universitet katibliyinin rəhbəri 27 may 1924-cü ildə ona göndərdiyi 3764 saylı məktubda bildirib ki, 23 mart tarixli müraciətinizə əsasən Universitet katibliyi Sizə ehtiramını bildirərək istədiyiniz sənədi göndərir.
1950-ci ildə Tehranda vəfat edən Axundzadə Qum şəhərində basdırılıb.
Mənbə: M.Mərdanov, Ə.Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.