Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın elmi nəşriyyat şurasının sədri jurnalların məsul katiblərini qəbul edib


Bu gün Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın elmi nəşriyyat şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə (FRTEB) daxil olan institutlarda çap edilən elmi jurnalların məsul katiblərini qəbul edib.

Tədbirdə şuranın sədri Misir Mərdanov bölmənin institutlarında çap olunan jurnalların anket sorğusunun nəticələrini açıqlayıb.

M.Mərdanov bölmənin jurnallarının ingilis dilində çap olunmasını məsləhət görüb. O, qeyd edib ki, jurnalın çap və onlayn versiyaları üçün ayrı-ayrılıqda beynəlxalq standartlarda İSSN seriya nömrəsi alınmalıdır. İSSN seriya nömrəsi jurnalın həm veb-saytında, həm də çap versiyasında göstərilməlidir. Jurnalın dövriliyi və elan olunmuş dövrliyə ciddi riayət edilməlidir. Redaksiya heyəti beynəlxalq tərkibdə olmalıdır. Redaksiya heyətinin üzvləri haqqında məlumat jurnalın veb-saytında yerləşdirilməlidir. Jurnalın redaksiya heyətinin əksər üzvləri bir elmi və ya təhsil təşkilatına aid olmamalıdırlar. Bütün dərc edilən materiallar üçün elmi rəy alınmalıdır. Bu sahədə mütəxəssis olan və müəllif ilə maraqları toqquşmayan ən azı iki rəyçini cəlb etmək tövsiyə olunur. Redaksiya həmin rəylərə əsasən, materialların dərc edilməsi və ya edilməməsi barədə qərar qəbul edir. Məqalələrin rəyə göndərilməsi qaydaları, nöqsanların aradan qaldırılmasına ayrılmış müddət jurnalın veb-saytında göstərilməlidir. Redaksiya heyəti məqalələrin keyfiyyətinə xüsusi diqqət yetirməli və nəşr olunmaq üçün müxtəlif təşkilat və ölkələrdə işləyən mütəxəssisləri dəvət etməlidir. Jurnalın öz ixtisaslaşması, mövzuları, dövriliyi, redaksiya heyətinin tərkibi, müəlliflər üçün qaydaları, nəşr olunan materialların tam və ya bir hissəsinin sonrakı istifadəsinin hüquqi aspektləri barədə məlumatlar veb-saytda öz əksini tapmalıdır. Alim həmçinin vurğulayıb ki, veb-saytda əlaqə məlumatları və jurnalı nəşr edən nəşriyyatın hüquqi ünvanı haqqında məlumat olmalıdır. Jurnalın veb-saytında onun arxivi təqdim olunmalı, jurnalın yeni nömrələri arxivə vaxtında əlavə olunmalıdır. Nəşrin arxivi illər, cildlər və ya nömrələr üzrə bölünə bilər. Hər bir məqalə üçün ingilis dilində tam biblioqrafik məlumat, o cümlədən məqalənin adı, müəlliflərin siyahısı və onların iş yeri, məqalənin məzmununun annotasiyası (abstrakt) və açar sözlər siyahısının olması zəruridir. Hər məqalənin latın transkripsiyasında tam ədəbiyyat siyahısı olmalıdır.

Sonda iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.