14/11/2018
Noyabrın 13-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Bakı şəhəri, Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını söyləyib. Son illərdə AMEA-da bu istiqamətdə mühüm işlərin görüldüyünü deyən alim “Açıq qapı” gününün keçirilməsində əsas məqsədin şagirdlərin riyazi dünyagörüşünün formalaşdırılması, onlarda riyaziyyat elminə marağın artırılması olduğunu bildirib.
O qeyd edib ki, gənclərin öz ana dilini və tarixini bilmələri onların mənəvi borcdur. Onların gələcəkdə dünyaya inteqrasiya etmələri və Azərbaycan adını dünyada tanıtmaları üçün mütləq riyaziyyat, informatika və ingilis dili bacarıqlarına yiyələnməlidirlər.
Görüşdə məktəbin direktoru Sevinc Abbasova, həmin müəssisənin müəllimləri – Dünyamin Yəhyayev, Aygün İsgəndərova, Peykər Həsənova və institutun əməkdaşları – professor Məmməd Bayramoğlu, f-r.e.n, dos. Vidadi Mirzəyev, f.r.e.n. Əbdürrəhim Quliyev, r.ü.f.d Eminağa Məmmədov 162 nömrəli tam orta məktəbdə riyaziyyat dərslərinin təşkili məsələləri ilə bağlı fikirlərini və təkliflərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.