16/11/2018
1900-cü ildə Bakı və Yelizavetpol (Gəncə) quberniyalarında 5 gimnaziya fəaliyyət göstərirdi. Bu gimnaziyalarda 2827 şagird təhsil alırdı. 1911-ci ildə bu iki quberniyada 10 oğlan və qız gimnaziyaları, progimnaziya və “Müqəddəs Nina” gimnaziyası fəaliyyət göstərirdi. Onlardan 8-i Bakı quberniyasında, 2-si Yelizavetpol quberniyasında idi.
Azərbaycanda fəaliyyət göstərən Mariya qız məktəbləri progimnaziya hüququnda idi. Şuşada fəaliyyət göstərən həmin məktəbdə 305 nəfər qız təhsil alırdı. 1903-cü ildə Zaqatala mahalında II Mariya qız məktəbi açıldı. 1916-cı ildə Bakıda 4 Mariya qız məktəbi fəaliyyət göstərirdi. Ümumiyyətlə, 1917-ci ildə Azərbaycanda 18 orta məktəb var idi ki, burada, əsasən, imkanlı adamların uşaqları təhsil alırdılar. Çarizm kasıb ailələrdən olan uşaqların orta məktəblərə, xüsusən də gimnaziyalara daxil olmalarına nəinki şərait yaratmırdı, hətta buna mane olmağa çalışırdı. Orta məktəbə qəbul olmaq ildən ilə çətinləşirdi. Gimnaziyalarda zadəganların, realnı məktəblərdə sənaye sahibkarlarının, ticarət məktəblərində isə tacirlərin uşaqları oxuyurdular. Başqa silklərdən olan uşaqlar bu məktəblərə qəbul edilmirdilər. Tədris planı və proqramları elə seçilirdi ki, bu məktəblərdən digərinə keçənlərin təlimində çətinliklər yaranırdı.
Orta məktəblərin ən başlıca qüsuru təlimin rus dilində aparılması idi. Məktəblərdə şagirdlərə ana dilində ünsiyyətdə olmaq qadağan edilmişdi. Lakin, bununla belə, XX əsrin əvvəlləri Azərbaycanın təhsil tarixinə orta məktəblər şəbəkəsinin genişləndiyi və inkişaf etdiyi dövr kimi daxil olmuşdur.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.