O, 1866-cı ilin aprel ayında Şamaxı şəhərində anadan olmuşdur. Hələ uşaq ikən yazıb-oxumağı atasından öyrənən Sultan Məcid Qənizadə ilk təhsilini məhəllə məktəbində almış, sonra isə dövrünün məşhur şair və müəllimi Seyid Əzim Şirvaninin “Üsuli-cədid” məktəbində və Şamaxıdakı rus məktəbində oxumuşdur. O, 1883-cü ildə Tiflisə gedərək Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur.
1887-ci ildə Aleksandrovski Müəllimlər İnstitutunu müvəffəqiyyətlə bitirən Sultan Məcid Qənizadə həmin ildə Bakıya gəlmiş, özünün məslək yoldaşı Həbib bəy Mahmudbəyovla bərabər, ilk yeni tipli Azərbaycan ibtidai məktəbini açmışdır. 1905-ci ilə kimi burada çalışan Sultan Məcid Qənizadə həmin il Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə müfəttiş təyin olunmuşdur. Nəriman Nərimanov Sultan Məcid Qənizadənin seminariyaya müfəttiş təyin olunmasını “dövlət tərəfindən görülməyən, gözlənilməyən bir hərəkət” adlandırmışdı.
Sultan Məcid Qənizadə 1908-ci ildə Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin ikinci rayonu üzrə müfəttiş, 1917-ci ildə isə xalq məktəblərinin direktoru təyin olunmuşdur.
Aleksandrovski Müəllimlər İnstitutunda təhsil almış Sultan Məcid Qənizadənin dünyagörüşünün formalaşmasına və onun gələcək maarifçilik fəaliyyətinə çox müsbət təsir göstərmişdir.
O, 1890-1904-cü illərdə dörd hissədən ibarət “Самоучитель тюркского языка”, “İstilahi Azərbaycan”, 1-2 hissə, “Lüğəti-rusi və türki”, 3-cü hissə, “Klidi ədəbiyyat” (Ə.Cəfərzadə ilə birlikdə) və s. əsərlərini yazmışdır. Sultan Məcid Qənizadə həmin illərdə bədii yaradıcılıqla da məşğul olmuş, “Müəllimlər iftixarı”, “Gəlinlər həmayili” və b. bədii əsərlər də yazmışdır.
1920-ci ildən sonra Sultan Məcid Qənizadə respublikanın Xalq Maarif Komissarlığında və bir sıra elmi-pedaqoji idarə və müəssisələrdə çalışmışdır.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.