Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanda Xalq Cümhuriyyəti dövründə Azərbaycanda təhsil


Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə formalaşan ikinci kabinetinin Azərbaycan xalqına ünvanlanmış 17 iyun 1918-ci il tarixli müraciətində deyilirdi ki, hökumətin yaxın dövrdə həyata keçirəcəyi tədbirlərdən biri də xalq maarifi, təhsil müəssisələrinin milliləşdirilməsi, maarif ocaqlarında tədrisin ana dilində aparılması, anadilli məktəblər şəbəkəsinin genişləndirilməsi olacaqdır. Eyni zamanda müraciətdə bu da xüsusi vurğulanırdı ki, təhsildə milliləşmə prosesi tədrici yolla, mərhələlərlə həyata keçiriləcəkdir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz fəaliyyətinin Gəncə dövründə (1.06.1918 – 17.09.1918) təhsil müəssisələrinin, dövlət orqanlarının milliləşdirilməsi sahəsində müvafiq hökumət tədbirlərinin həyata keçirilməsinin hüquqi bazasını yaratmaq məqsədi ilə “Türk (Azərbaycan) dilinin dövlət dili elan edilməsi haqqında” 27 iyun 1918-ci il tarixli qərar qəbul etdi.

Fətəli xan Xoyskinin Baş nazir kimi imzaladığı həmin qərarla Azərbaycan türkcəsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili elan edildi, bütün dövlət orqanları, məhkəmə, təhsil müəssisələri və digər inzibati qurumlarda bu dildən istifadə olunması tələb edilirdi. Parlamentin dəftərxanası bütün dövlət və ictimai təşkilatlara, ayrı-ayrı şəxslərə bildirdi ki, parlamentə, onun dəftərxanasına hər cür yazılı müraciət ancaq dövlət dilində olmalıdır. Başqa dillərdə yazılmış ərizələrin üzərinə Parlamentin sədr müavini Həsən bəy Ağayev səliqə ilə aşağıdakı məzmunda dərkənar qoyurdu: “Ərizə türkcə lisanda olmadığı üçün əncamız qalır”.

Lakin ölkədə idarəetmə orqanlarında dövlət dilində danışmağı və yazmağı bilən milli kadrlar çatışmadığı üçün hökumət həmin qərarda müstəsna hal kimi, milli mütəxəssislər yetişənədək rəsmi yazışmalarda rus dilindən də istifadəyə icazə vermişdi. Bu qərar məktəb və bütövlükdə maarif sahəsində milliləşmə prosesinin bir növ başlanğıcı oldu. İstər Azərbaycan türkcəsinin dövlət dili elan olunması, istərsə də təhsil sisteminin, məktəb və maarif ocaqlarının milliləşdirilməsi ideyası təsadüfi deyildi. Dövrün reallığı belə idi ki, təhsil sisteminin milliləşdirilməsi, təhsilin ana dilində aparılması uğrunda yarım əsrlik milli mücadilənin o zamankı təmsilçilərinin – hökumətə rəhbərlik edən maarifçi ziyalıların əlinə tarixi fürsət düşmüşdü. Onlar bu fürsətdən yaralanmağı özlərinin və müstəqil dövlətin ən ali vəzifələrindən biri sayırdılar.

IV hökumət Proqramında yazılıb: “İstiqlalımız, istiqbalımız həp maarifə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim üçün fəlah və nicat ümidi qalmaz. Hökumət bunu bilir …”.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər