Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda təhsilin səviyyəsi haqqında qeydlər


XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda məktəbyaşlı uşaqların böyük əksəriyyəti ibtidai təhsildən kənarda qalırdı. Qafqaz Tədris Dairəsinin 1900-cü ilə olan məlumatına görə, Azərbaycanda cəmi 172 ibtidai məktəb fəaliyyət göstərirdi. 1902-ci ildə Yelizavetpol və Bakı quberniyalarında məktəblərin sayı 230-a çatdı. Onlardan 135-i Yelizavetpol (Gəncə) quberniyasında idi ki, burada 8761 şagird təhsil alırdı. Bakı quberniyasındakı 95 ibtidai məktəbdə təhsil alan şagirdlərin sayı isə 6197 nəfər idi.

Həmin dövrdə bütün Qafqazda məktəbyaşlı azərbaycanlı uşaqların yalnız 7,6%-i ibtidai təhsilə cəlb olunmuşdu.

Rusiya Xalq Maarif Nazirliyinin ibtidai məktəb işləri üzrə Departamenti özünün 1903-cü il 14 oktyabr tarixli hesabatında bildirib ki, Yelizavetpol (Gəncə) quberniyasında 871557 nəfər yaşadığı halda, orada məktəblərin sayı çox azdır. 8544 nəfərə 1 məktub düşür. Rusiya Xalq Maarif nazirinin Maliyyə nazirinə göndərdiyi məktubların birində göstərirdi ki, Yelizavetpol (Gəncə) quberniyasında ibtidai təhsilin vəziyyəti acınacaqlıdır. Burada rus əhalisinin hər 660 nəfərinə 1 məktəb, azərbaycanlıların isə hər 12000 nəfərinə bir məktəb düşür.

1908-ci ilin məlumatına görə, Bakı quberniyasında azərbaycanlı uşaqların 88%-i ibtidai təhsildən kənarda qalmışdı. Sonrakı illərdə ibtidai məktəblərin və orada təhsil alan şagirdlərin sayı nisbətən artdı. 1909-cu ildə ibtidai məktəblərdə təhsil alan 18675 uşağın 250-si qız, 1910-cu ildə 25869 uşağın 634-ü qız, 1911-ci ildə 28200 uşağın 898-i qız idi.

1914-cü ildə Azərbaycanda fəaliyyət göstərən 942 məktəbdən 920-si ibtidai məktəb idi ki, burada da ümumilikdə 62786 şagird təhsil alırdı.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər