10/12/2018
Yaxşı xatırlayıram 1999-ci ilin oktyabrında Qazax rayon icra hakimiyyəti başçısının imzası ilə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçiriləcəyi və həmin tədbirdə Təhsil Nazirliyinin nümayəndələrinin də iştirakı ilə bağlı məktub almışdım. Tədbirdə iştirak etmək üçün nazirliyin iki nəfər məsul əməkdaşını Qazağa ezam etdik. Tədbirlə bağlı Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” proqramında süjetə baxan Ümummilli Lider Heydər Əliyev həmin günün səhəri mənə zəng edərək “yəqin siz Qazax Seminariyasının Azərbaycan xalqının həyatında rolunu yaxşı dərk etmirsiniz” – dedi. Və sonra əlavə etdi, Seminariyanın 80 illiyini ölkəmizin ən gözəl salonlarından birində, geniş ictimaiyyətin iştirakı ilə keçirmək lazımdır. Az sonra Prezident Heydər Əliyev Qazax Seminariyasının 80 illiyi ilə bağlı sərəncam imzaladı. Biz isə Təhsil Nazirliyində bu işə ciddi hazırlaşmağa başladıq. Həmin günlər Qazax Müəllimlər Seminariyasının tədqiqatçısı, professor Fikrət Seyidovla bir neçə dəfə görüşüb seminariyanın tarixi ilə bağlı müfəssəl məlumat aldım. 1999-cu ilin dekabr ayının 27-də Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasında Azərbaycan ziyalılarının iştirakı ilə təntənəli tədbir keçirdik. Tədbirə Qazaxdan da çoxsaylı qonaqlar gəlmişdi. Prezident Heydər Əliyevin tədbir iştirakçılarına təbrik məktubu oxundu. Təxminən 20 ildən sonra isə, 2018-ci ilin 4 noyabrında Prezident İlham Əliyev Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzaladı.
Məlumdur ki, 1876-cı ildə Qori şəhərində cənubi Qafqazda müəllim hazırlayan ilk seminariya-Zaqafqaziya Müəllimlər Seminariyası fəaliyyətə başladı. Əvvəlcə seminariyanın üç şöbəsi-rus, gürcü və erməni şöbəsi var idi. Seminariyada dərslər rus dilində aparılırdı. Həmin dövrdə Azərbaycan ərazisində də bir neçə dövlət məktəbləri (qəza məktəbləri, kənd ibtidai məktəblər və s.) yaradılmışdı. Lakin orada dərs deyə biləcək müəllimlər az idi. Milli ziyalılar Azərbaycanda da dövlət məktəblərinin müəllim kadrlarına olan ehtiyacını ödəmək məqsədilə ayrıca bir seminariyanın açılmasını zəruri hesab edirdilər. Edilən müraciətlər, yazlan məktublar cavabsız qalırdı. Çar höküməti seminariyanı azərbaycanlıların yaşadığı şəhərdə açmağa cürət etmirdi. Çar məmurları bunu guya seminariyanı və seminaristlərin təlimini müsəlman dindarlarından qorumaq niyyəti ilə izah edirdilər. Onlar iddia edirdilər ki, guya UFA və Krımdakı müsəlman məktəblərinin təcrübəsi də bunu sübut edir. Buna görə də yeni tipli məktəbləri müsəlmanlardan uzaq bir yerdə açmaq daha yaxşı olar. Qeyd olunan səbəblərdən 1879-cu ildə Qori Müəllimlər Seminariyasının nəzdində Azərbaycan şöbəsi və onun yanında ibtidai məktəb fəaliyyətə başladı. Bu şöbənin yaradılmasında həmin dövrdə Azərbaycan ziyalıları arasında böyük nüfuz sahibi olan, çar Rusiyasının Tiflisdəki Canişininin dəftərxanasında tərcüməçi işləyən Mirzə Fətəli Axundovun, 1881-ci ildən ömrünün sonunadək Zaqafqaziya müftisi olmuş Mirzə Hüseyn Əfəndi Qayıbzadənin və onun yaxın dostu, məsləkdaşı Şeyxülislam Əbdüssəlam Axundzadənin böyük rolu olmuşdur. Azərbaycanlı gənclər ibtidai məktəbdə ilkin təhsilini aldıqdan sonra seminariyada təhsillərini davam etdirə bilərdilər. Seminariyada təhsil alan gənclər pedaqoji təcrübəni həmin məktəbdə almalı idilər. Nə qədər qəribə olsa da Seminariyanın əsasnaməsində göstərilirdi ki, Azərbaycan şöbəsini idarə edən şəxs-inspektor mütləq xristian olmalıdır. Elə bu səbəbdən şöbənin ilk inspektoru Aleksey Osipoviç Çernyayevski oldu. Şamaxıda anadan olan, Azərbaycan dilini mükəmməl bilən, müsəlmanların həyat tərzi, adət və ənənələrinə, dini görüş və ayinlərinə yaxından bələd olan, ilk təhsilini Şamaxı qəza məktəbində alan, 1866-cı ildə Mərəzə kəndində ilk xalq məktəbi təşkil edən A.O.Çernyayevski Azərbaycan xalqına, onun böyüyən nəslinin təlim-tərbiyəsinə, müəllim kadrları hazırlığına sözün həqiqi mənasında fədakarlıqla xidmət etmişdi. O, 14 ildən artıq Qori Seminariyasının Azərbaycan şöbəsinin inspektoru vəzifəsində səmərəli elmi-metodik fəaliyyət göstərmiş, təlim-tərbiyənin bu və ya digər problemləri ilə bağlı məqalələr yazmış, Azərbaycan balaları üçün “Vətən dili”, “Rus dili” adlı dərsliklər hazırlamışdır. Qədirbilən xalqımız həmişə Çernyayevskinin xatirəsini əziz tutmuş və bu gün də tutur, hazırda Qobustan rayonunun Mərəzə qəsəbəsindəki tam orta məktəb onun adını daşıyır.
1905-cü ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə 1887-ci ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunun məzunu olan Sultan Məcid Qənizadə rəhbərlik etmişdir. O, bu vəzifədə cəmi üç il 1908-ci ilə qədər işləmiş, həmin ildən daha böyük vəzifəyə – Bakı quberniyası Dağıstan vilayəti xalq məktəbləri idarəsinə inspektor vəzifəsinə təyin olunmuşdur. S.M.Qənizadə bu məsul vəzifədə 1917-ilə qədər şərəflə çalışmışdır.
1910-cu ildən 1918-ci ilə qədər Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə Azərbaycan ədəbiyyatı tarixinin ilk sistemli tədqiqatçısı, həmin seminariyanın 1885-ci il məzunu, 10 il İrəvan gimnaziyasında müəllimlik etmiş Firudin bəy Köçərli rəhbərlik etmişdir.
Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə ilk dəfə 32 nəfər qəbul edilmişdi. Bunlardan 24 nəfəri A.O.Çernyayevski tərəfindən yerlərdən seçilərək seminariyaya dəvət olunmuşdu, qalanları isə öz arzuları ilə gəlmişdi. 32 nəfərdən 19-u şöbənin əsas sinfinə, 13 nəfəri isə hazırlıq sinfinə qəbul olundu. İlk qəbul olunanlardan 3 nəfəri rus dilini yaxşı bildiklərinə görə bir başa ikinci sinfə qəbul edildi. Onlar (Səfərəli Vəlibəyov, Teymur Bayraməlibəyov, Mirzə Xəlilov) 1881-ci ildə seminariyanı bitirərək onun ilk məzunları oldular.
Fəaliyyət göstərdiyi 40 il ərzində 300-ə yaxın xalq müəllimi- elm, maarif, mədəniyyət və incəsənət carçıları hazırlayan bu tədris ocağı şərəfli bir inkişaf yolu keçdi. Azərbaycan xalq pedaqoqikasının qiymətli incilərindən qidalanan, mütərəqqi rus və dünya pedaqoji fikir klassiklərinin pedaqoji ideyalarından, qabaqcıl məktəb təcrübəsindən faydalanan ilk xalq müəllimləri, elm və maarif məşəlini Cənubi Qafqazın uzaq-uzaq kəndlərinə aparmış, dünyəvi təhsildən kənarda qalmış gənclərin gözünü təhsil nuru ilə işıqlandırmışdır. Tarixə xalq müəlliminin nümunəsi kimi daxil olan, müəllimlik sənətinin, öz peşəsinin vurğunu olan, xalqının balalarına elm, təhsil verməyi qarşısına məqsəd qoyan, ömürlərini millət yolunda, böyüyən nəslin təhsil-tərbiyəsi yolunda şam kimi əridən – Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli Vəlibəyov, Əliş bəy Tahirov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Pənah Qasımov, Hənəfi Terequlov, Əli Hüseynov, Fərhad Ağazadə, Səməd bəy Acalov, Teymur bəy Bayraməlibəyov, Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyov, Azad Əmirov, Əhmədağa Mustafayev, Yusif Qasımov, Əli Qəmərli, Müseyib İlyasov, Əhməd Seyidov, Teymur Quliyev, Süleyman Qayıbov, Hacı Kərim Sanılı, Əsgər Eyvazov, Məmmədhəsən Əfəndiyev, Hüseynağa Minəsazov, Yusif Əfəndiyev, Rəhim Qulubəyov, Musa Quliyev, Əli Mustafayev, Cavad Cuvarlinski, Zəkəriyyə Vəkilov, Ağaəli Qasımov, Rəcəb Əfəndiyev, Teymur Hüseynov, Əli Səbri, İsmayıl Qayıbov, Məmməd Qocayev, Məmmədkərim Mustafayev, Hüseyn Xəlilov, Əhməd Gülməmmədov, Şəhriyar bəy Qiyasbəyli, Nəsib bəy Qiyasbəyli, Məmməd Qarayev, Səlim Əfəndiyev, Həmzət Əfəndiyev, İsfəndiyar Əfəndiyev və onlarca başqaları bu təhsil ocağından pərvazlanmışlar. Məlumdur ki, seminariya kənd ibtidai məktəbləri üçün müəllim hazırlayırdı. Məzunların demək olar ki, hamısı fəaliyyətə müəllim kimi başlayırdılar. Lakin sonralar məzunların bir çoxu nəzəriyyəçi pedaqoq, ali məktəb müəllimi, yazıçı, alim, peşəkar inqilabçı, dövlət xadimi, musiqişünas oldular.
1918-ci il mayın 26-da Tiflisdə Zaqafqaziya seymi buraxıldıqdan sonra, seymin müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Milli Şura Qafqaz canişininin Tiflisdəki sarayında Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə elan etdi. Zaman-zaman azadlığı və istiqlaliyyəti uğrunda şəhidlər vermiş Azərbaycan xalqı 1918-ci ilın 28 mayında öz arzusuna qovuşdu. Azərbaycanın milli dövlətçilik tarixinə öz möhürünü vurmuş Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
Mənbə: AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, “İlk milli seminariya: Qazax Müəllimlər Seminariyası”, 525-ci qəzet, 8 dekabr 2018-ci il.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.