Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İlk milli seminariya: Qazax Müəllimlər Seminariyası – II hissə


Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin maarif, təhsil sahəsində ilk tədbirlərindən biri, heç şübhəsiz, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının müsəlman şöbəsinin Azərbaycana köçürülməsi haqqında 22 iyun 1918-ci il tarixli qərarı oldu. 1918-сi il iyunun 16-da Tiflisdən Gəncəyə köçən Milli hökümət bu məqsədlə Gəncə xəzinədarlığına maliyyə vəsaiti ayırdı və Gürcüstan höküməti ilə əvvəlcədən razılığa gəldi. Əslində hələ XIX əsrin sonlarında milli maarifçilərimiz bu seminariyanın Azərbaycana köçürülməsi ideyasını irəli sürmüşdülər. Seminariyanın məzunu və müəllimi Səfərəli bəy Vəlibəyov 1884-cü il aprelin 24-də Qori Müəllim Seminariyasının pedaqoji şurasında Azərbaycan şöbəsinin vəziyyəti haqqında fikrini yazılı surətdə bildirmişdi. O, tələb edirdi ki, Azərbaycan şöbəsi müstəqil olsun və Azərbaycanın hər hansı bir rayonuna köçürülsün. Səfərəli bəy çox doğru olaraq əsaslandırırdı ki, məsafənin uzaqlığı, Qoridə azərbaycanlıların yaşamaması, müəllim kadrlarının istənilən səviyyədə və sayda hazırlanmasına mane olur. Lakin həmin dövrdə pedaqoji şurada bu təklifin tərəfdarlarının sayı çox az olduğundan Səfərəli bəyin təklifi keçmədi. 1906-cı ildə Nəriman Nərimanov “Həyat” qəzetində “Qori Seminariyası harada olmalıdir” adlı məqalə ilə çıxış etdi. O yazırdı ki, seminariya Bakıda və ya Gəncədə olsa orada oxuyan azərbaycanlıların sayı iki qat artar, çəkilən xərc isə xeyli azalar. Həmin ilin avqust ayının 19-da Bakıda “Nəşri – maarif” cəmiyyətinin iclasında Firudin bəy Köçərli böyük bir nitqlə çıxış edərək, seminariyanın Azərbaycan şəhərlərindən birinə köçürülməsi məsələsini qaldırmışdı. Üzeyir bəy Hacıbəyli 1909-cu ildə “Tərəqqi” qəzetinin 187-ci nömrəsində çap olunmuş məqaləsində seminariyanın müsəlman mərkəzində olmamasından ciddi narahatlığını bildirirdi. Bütün bunlara baxmayaraq nə rus çarı, nə də gürcü knyazları seminariyanın Azərbaycana köçməsinə razılıq vermirdilər.

Qori Seminariyasının Azərbaycan şöbəsinin niyə məhz Qazağa köçürülməsi ilə bağlı müxtəlif versiyalar olsa da, düşünürəm ki, bunun əsas səbəbi aşağıdakılarla bağlıdır. Əvvəla həmin dövrdə Cümhuriyyət hökuməti Gəncədə fəaliyyət göstərirdi, Bakıda, Gəncədə və Qarabağda erməni daşnaklarla qanlı müharibə davam edirdi, o zaman Qazaxda Qori Seminariyasının ən nüfuzlu məzunları Əhmədağa Mustafayev, Haley bəy Şıxlınski, Süleyman Qayıbov, Yusif Əfəndiyev, Əhməd ağa Gülməmmədov, Əli Mustafayev, Əhməd Seyidov, Osman Şıxlınski, Səlim Əfəndiyev, Yusif Qasımov, Əli Hüseynov, İbrahim Qayıbov və bir çox başqaları işləyirdi. Bu müəllimləri seminariyada müxtəlif fənlərin tədrisinə cəlb etmək olardı. Qazağın tanınmış xeyriyyəçisi Məşədi İbrahim ağa Kosalı özünün mülkünü tədris binası kimi seminariyaya hədiyyə etməyə söz vermişdi. Bu səbəbləri və seminariyanın bəzi xərclərini öz öhdəsinə götürmüş qazaxlıların xahişini nəzərə alaraq Milli hökümət 10 iyul 1918-ci il tarixli iclasında məsələni onların xeyrinə həll etdi.

Nəhayət Qazax Seminariyası 1918-ci il noyabrın 10-da təntənəli şəkildə açıldı. Mərasimdə o zaman Qazaxda yerləşən türk ordusunun komendantı Səbri bəy, türk qarnizon rəisi Camal bəy, Haley bəy Şıxlınski, xalq məktəbləri inspektoru Nəsib bəy Qiyasbəyli, ali ibtidai məktəblər inspektoru Əhməd ağa Mustafayev, İbrahim Əfəndi Qayıbzadə, seminariyanın direktoru Firudin bəy Köçərli çıxış edərək Qazaxlıları təbrik etdilər və əmin olduqlarını bildirdilər ki, Qori Seminariyasının ənənələrini davam etdirərək xalqımızı mənəvi gerilikdən azad etmək istiqamətində öz tarixi missiyalarını şərəflə yerinə yetirəcəklər. Beləliklə Qazax Müəllimlər Seminariyası fəaliyyətə başladı.
Hələ fəaliyyətinin ilk günlərində müəllim hazırlığına xüsusi diqqət yetirən Firudin bəy Köçərli seminariyanın işini doğru qurmaq məqsədilə Qoridən İbrahim Qayıbov, Mirzə Vəliyev və Mustafa Məmmədov kimi yüksək ixtisaslı, savadlı, təşəbbüskar və xalqın balaları üçün ürəyi yanan insanları seminariyaya müəllim dəvət etdi. Bundan əlavə o, həmin dövrdə Qazaxda fəaliyyət göstərən Qori Müəllimlər Seminariyasının məzunları Əli Hüseynovu, Əhməd ağa Mustafayevi, Yusif Qasımovu, İsfəndiyar Vəkilovu və Məiş Hüseynovu müəllim təyin etdi. O, bu adamların səyi və yaxından köməyi ilə seminariyada tədris işlərinin təşkilinə başladı. O zaman seminariyaya şagird toplamaq mürəkkəb və çətin məsələlərdən biri idi. Əhalinin 90 faizinin savadsız olması, kəndlərdə uşaq əməyindən geniş istifadə olunması, təhsilin əhəmiyyətinin kəndlilər tərəfindən başa düşülməməsi, uşaqların təhsilə cəlb edilmələrinə mane olan əsas səbəblərdən idi. Firudin bəy Köçərli belə bir ağır şəraitdə vaxtilə oxuduğu Qori Müəllimlər Seminariyasında A.O.Çernyayevskinin tələbə toplamaq təcrübəsindən istifadə etdi. İbrahim Qayıbovu, Mustafa Məmmədovu, Əhməd ağa Mustafayevi, Mirzə Vəliyevi, Yusif Qasımovu, Əli Hüseynovu və Məiş Hüseynovu tələbə toplamaq məqsədilə Qazax və Azərbaycanın digər rayon və kəndlərinə ezam etdi. Bununla yanaşı həmin dövrdə Qazaxda müxtəlif kənd məktəblərində müəllim işləyən Qori Müəllimlər Seminariyasının məzunları Əhməd Seyidov, Osman Əfəndiyev, Səlim Əfəndiyev, Osman Şıxlınski, İsa Abakarov və digərlərinin köməyindən istifadə etdi. Həmin müəllimlər Firudin bəyin çağırışına cavab olaraq məktəblərindəki uşaqların ən layiqlilərini seçib seminariyaya göndərdilər. Firudin bəyin bu təbliğatı tezliklə öz müsbət nəticəsini verdi. Seminariyaya toplaşanların sayı nəzərdə tutulandan da çox oldu. Bundan sonra seminariyanın işini daha səmərəli təşkil etmək məqsədilə pedaqoji şura yaradıldı. Şuranın üzvlərinin əksəriyyəti Firudin bəyin Qori Müəllimlər Seminariyasındakı tələbələri idi. Pedaqoji şuranın birinci iclasında o, Qori Müəllimlər Seminariyasının nizamnaməsini əsas götürərək şagird və müəllimlər üçün təlimat hazırladı. Firudin bəy Qazax Müəllimlər Seminariyasında elə mükəmməl pedaqoji mühit yaratmışdı ki, orada aparılan işlərin növlərinə, həcminə, rəngarəngliyinə və məzmununa indinin özündə də təəccüb etməmək olmur. Firudin bəy Köçərli Qazaxda “Azərbaycan ədəbiyyatı tarixi” kitabını yazmaqla seminariyanın məzunlarına Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Məhəmməd Fizuli, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir və bir çox başqalarının əsərlərini tələbələrinə sevdirə bildi. Nəticədə bu məktəbdə Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, İsmayıl Şıxlı kimi görkəmli şəxsiyyətlər yetişdi.

Mənbə: AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, “İlk milli seminariya: Qazax Müəllimlər Seminariyası”, 525-ci qəzet, 8 dekabr 2018-ci il.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər