
1942-1947-ci illərdə Qazax Müəllimlər Seminariyasına Güllüzar Əliyeva rəhbərlik etmişdir. Güllüzar Əliyevanın direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Osman Əfəndiyev işləmişdir.
1947-1950 və 1954-1959-cu illərdə Qazax Müəllimlər Seminariyasına Əhməd Cəlilov rəhbərlik etmişdir. Cəlilov Əhməd Məhəmməd oğlu 1913-cü ildə Qazax qəzasının II Şıxlı kəndində anadan olmuş, ibtidai təhsilini öz kəndlərində almış, 1932-ci ildə Qazax pedaqoji məktəbinə daxil olmuş, 1935-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1935-1940-cı illərdə Azərbaycan Dövlət Universitetində ali təhsil almış, sonra bir il Azərbaycan Maarif Komissarlığında metodist vəzifəsində işləmiş, İkinci Dünya Müharibəsində iştirak etmiş, müharibədən qayıtdıqdan sonra Qazax pedaqoji məktəbində müəllim və qiyabi şöbənin müdiri vəzifəsində çalışmışdır. Əhməd Cəlilovun direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Əli Zeynalov işləmişdir.
1951-1953-cü illərdə Qazax Seminariyasına Alı Alıyev rəhbərlik etmişdir. Alı Həşim oğlu Alıyev 1908-ci ildə Aşağı Salahlı kəndində anadan olmuş, ibtidai təhsilini Orta Salahlı kənd məktəbində almış, 1929-cu ildə Tovuzda kolxozçu gənclər məktəbini bitirdikdən sonra Orta Salahlı kənd məktəbinə müəllim təyin olunmuş, bir il burada müəllim işləmişdir. 1930-1935-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix şöbəsində təhsil almışdır. Təyinatla Qazax Pedaqoji Texnikomuna müəllim göndərilmişdir. Alı müəllimin direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Əli Zeynalov işləmişdir.
1918-1935 ci illərə qədər seminariyanın 12 buraxılışı olmuş, buranı 658 müəllim bitirmişdir. Onlardan 582-si oğlan, 66 nəfəri isə qız idi. 1935-ci ilə kimi məktəbdə 21 müəllim işləmişdir. Bu müəllimlərdən 16 nəfəri ali, 5 nəfəri isə orta təhsilli olmuşdur. Qazax Müəllimlər Seminariyası 40 illik (1918-1958) fəaliyyəti dövründə 3 mindən çox müəllim hazırlamış və onlar azərbaycanlıların yaşadıqları bölgələrin hamısına maarif işığı aparmışdır. Onlarla seminariya məzunu Ermənistandakı və Gürcüstadakı Azərbaycan məktəblərində ibtidai sinif müəllimi kimi uğurlu fəaliyyət göstərmiş, həmin bölgədə yaşayan azərbaycanlıların arasında təhsilin və maarifin yayılmasında fədakarlıq nümayiş etdirmişlər. Seminariyada tələbələrin elmi biliklərə və geniş dünyagörüşünə yiyələnməsi, bacarıqlı müəllim kimi hazırlanması həmişə diqqət mərkəzində olmuşdur. Tələbələrdə nəzəri və praktik vərdişlərinin formalaşdırılması məqsədilə pedaqoji təcrübənin, sinifdənxaric və məktəbdənkənar təhsil-tərbiyə işlərinin təşkilinə xüsusi diqqət yetirilirdi. Tələbələrin təcrübə dərsləri 2-3 il davam edir, həmin dərslərin icmalları müəllimlər tərəfindən ciddi yoxlanılır, dərslərin geniş müzakirəsi keçirilirdi. Tədris-tərbiyə işlərinin səmərəli təşklində seminariyanın demokratik əsaslarla idarə olunması mühüm rol oynayırdı. Seminariyada bu gün də qibtəediləcək möhkəm nizam-intizam, humanist və demokratik öyrətmə və öyrənmə mühiti, müəllim-tələbə əməkdaşlığı var idi.
Qazax Müəllimlər Seminariyası Qori Müəllimlər Seminariyasının ənənələri əsasında təşkil olunmuşdu. Onun Azərbaycanda fəaliyyət göstərən, kəmiyyət və keyfiyyətcə fərqlənən yeni bir modeli idi. Bu səbəbdən də bir müddət onun nizamnaməsi əsasında işləmişdi. 1921-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı müəllim seminariyaları üçün yeni nizamnamə qəbul etdi. Qazax Müəllimlər Seminariyası zahirən bu nizamnaməyə tabe olsa da, özünün Qori ənənəsinə sadiq qaldı, orada istifadə edilən mütərəqqi təlim və tərbiyə üsullarını tətbiqini davam etdirdi. 1925-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə seminariyaların bazasında dördillik pedaqoji texnikumlar yaradıldı. Qazax Seminariyası Qazax Pedaqoji Texnikumuna çevrildi. Azərbaycanda sovet dövründə açılmış digər seminariyaların tarixi ənənəsi olmadığından onlar bir neçə il sonra bağlandı. Qazax Müəllimlər Seminariyası Qori ənənələrini saxlamaqla onun layiqli varisi oldu, 1959-cu ilə qədər öz fəaliyyətini davam etdirdi.
Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli təhsilin inkişafında, orta ixtisas təhsilli müəllim kadrları hazırlığında məhsuldar və səmərəli fəaliyyət göstərmiş, təhsil tarixində Qori Müəllimlər Seminariyası qədər şərəf və şöhrətə sahib olmuşdur. Qazax Müəllimlər Seminariyasının müəllim kollektivi səmərəli pedaqoji və metodiki fəaliyyəti, şəxsi nümunəsi ilə Azərbaycan xalqına onlarla dəyərli ziyalı bəxş etmişdir. Adını millətin şöhrət və şərəf kitabına yazan Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mövsüm Poladov, İlyas Əfəndiyev, MehdixanVəkilov, Əhməd Qaravəliyev, Tahir Məhərrəmov, Hacı Hacıyev, Alı Alıyev, Hüseyn Tağıyev, İsmayıl Qasımov, Məmməd Şıxlı, Yunis Eyyubov, Yasin Əfəndiyev, Əsgər Xasməmmədov, Abdulla Babanlı, Əhməd Əhmədov, Osman Cəfərov, Mansır Yaqubov, Qasım Murğuzov, Əli Zeynalov, İkram Eyyubov, Barat Qaravəliyev, Dilşad Şıxlinski, Gülbahar Vəkilova, Pəri İbrahimova, Qənirə Mehdixanlı, Nərgiz Mahmudova, Mirpaşa Nəsibov, İsmayıl Orucov, Ənvər Əfəndiyev, Mədət Məşiyev, Cavad Bağırov, İsaqİsaqov, Həmid Nəsibov, İslam Vəliyev, İsrafil Yaqubov, İsrafil Yusifov, Abbas Mazanov, Məcid Əhmədov, Mürsəl Əfəndiyev, Xanəhməd Bayramov, Yusif Zeynalov, Zöhrə Həsənova, Alı Mustafayev, Mirəli Mirəliyev, Mahmud Süleymanov, Məhəmməd Nəsibov, Mahir Mahmudov, Mehdi Həsənov, Nəsib Əfəndiyev, Mehdi Hüseynov, İbrahim İbrahimov, Mehri Əhmədova, Gilas Məmmədova, Niftalı Abdullayev və seminariyanın digər məzunları ilə fəxr edirik. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi ərəfəsində onların xatirəsini hörmətlə yad edir, milli məktəbin, milli təhsilin, milli maarifin, milli ədəbiyyatın və mədəniyyətin inkişafındakı xidmətlərinə görə ruhları qarşısında baş əyirik. Onlar özlərinin nadir istedadı ilə müəllim, alim, ədib, mütəfəkkir, ictimai və dövlət xadimi kimi yetişmiş və ölkəmizdə elmin, maarifin və mədəniyyətin inkişafında əvəzsiz rol oynamışlar. Qazax Müəllimlər Seminariyası haqqında yazını yekunlaşdırarkən də bir daha Ulu Öndər Heydər Əliyevi xatırladım. Ulu Öndər Qazax Müəllimlər Seminariyasının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş konfrans iştirakçılarına 27 dekabr 1999-cu ildə göndərdiyi təbrik məktubunda deyirdi:“Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir.”
Mənbə: AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, “İlk milli seminariya: Qazax Müəllimlər Seminariyası”, 525-ci qəzet, 8 dekabr 2018-ci il.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.